AZ

Yaz gəldi, enerji gəlmədi: “Aprel yorğunluğu” sizi də yorub?

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“”Aprel yorğunluğu” kimi ifadə olunan vəziyyət əslində ayrıca klinik diaqnoz deyil, lakin psixoloji və fizioloji adaptasiya proseslərinin nəticəsi kimi ortaya çıxan bir haldır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu dövrdə insanların özlərini səbəbsiz yorğun, motivasiyasız və emosional olaraq zəif hiss etməsi kifayət qədər geniş yayılıb və arxasında bir neçə paralel mexanizm dayanır:

“İlk növbədə mövsümi keçid faktorunu qeyd etmək vacibdir. Qış aylarından yaz fəslinə keçid zamanı orqanizmin bioloji ritmlərində dəyişiklik baş verir. Gün işığının artması, temperaturun dəyişməsi və hormonal sistemdə yenidən tənzimlənmə insanın sinir sistemi üçün müəyyən yük yaradır. Xüsusilə melatonin və serotonin balansında baş verən dəyişikliklər yuxu rejiminin pozulmasına, enerji səviyyəsinin enməsinə və emosional dalğalanmalara səbəb ola bilir. İnsan özünü istirahət etmiş kimi hiss etmir, halbuki obyektiv olaraq kifayət qədər yatmış ola bilər”.

Müsahibimiz əlavə edib ki, digər mühüm məqam psixoloji gözləntilərlə bağlıdır:

“Yaz ayları cəmiyyətdə adətən “yenilənmə”, “aktivlik”, “enerji” ilə assosiasiya olunur. İnsanlar düşünürlər ki, bu dövrdə daha məhsuldar olmalıdırlar. Lakin daxili psixoloji vəziyyət bu gözləntilərlə üst-üstə düşmədikdə daxili gərginlik yaranır. Bu isə özünü yorğunluq, özündən narazılıq və hətta yüngül depressiv əlamətlər kimi göstərə bilir. Yəni burada yorğunluq yalnız fiziki deyil, həm də psixoloji müqavimətin azalması ilə bağlıdır”.

Psixoloqun sözlərinə görə, qış dövründə yığılan emosional və fiziki yüklər də bu mərhələdə üzə çıxır:

“İnsanlar qış aylarında daha passiv həyat tərzi keçirir, daha az hərəkət edir və sosial aktivlik aşağı olur. Yazda isə birdən-birə aktivliyə keçid orqanizm üçün stress yaradır. Bu keçid düzgün idarə olunmadıqda adaptasiya çətinləşir və nəticədə yorğunluq hissi daha da güclənir”.

E.Rüstəmov qeyd edib ki, eyni zamanda diqqət yetirilməli olan başqa bir amil vitamin və mikroelement balansıdır. Qışdan sonra xüsusilə D vitamini, dəmir və digər vacib elementlərin çatışmazlığı fiziki zəiflik, halsızlıq və diqqət azalması ilə özünü göstərə bilər. Bu da psixoloji vəziyyətə birbaşa təsir edir, çünki bədən və psixika bir-biri ilə sıx əlaqədə işləyir.

Elnur Rüstəmov: Qışda yığılan emosional və fiziki yüklər bu mərhələdə üzə çıxır

Elnur Rüstəmov vurğulayıb ki, “aprel yorğunluğu”nun başqa bir tərəfi də həyat ritminin dəyişməsi ilə bağlıdır:

“Tətil və bayramlardan sonra iş rejiminə qayıdış, planların artması, sosial və peşəkar məsuliyyətlərin çoxalması insanın adaptasiya mexanizmlərini yükləyir. Bu zaman insan sanki daxili olaraq “yenidən qurulma” mərhələsindən keçir və bu proses müəyyən enerji tələb edir. Ona görə də bu hal patoloji deyil, adaptiv bir mərhələdir. Lakin əgər bu yorğunluq uzun müddət davam edirsə, motivasiya ciddi şəkildə azalırsa və gündəlik funksionallığa təsir edirsə, artıq bu vəziyyətə daha ciddi yanaşmaq lazımdır”.

Psixoloqun fikrincə, belə hallarda həyat tərzinin tənzimlənməsi, yuxu rejiminin normallaşdırılması, fiziki aktivliyin artırılması və psixoloji dəstək vacib rol oynayır:

“Onu da qeyd edim ki, bu fenomeni düzgün anlamaq vacibdir. Çünki insan öz vəziyyətini “tənbəllik” və ya “iradəsizlik” kimi qiymətləndirdikdə əlavə psixoloji təzyiq yaradır. Halbuki burada söhbət orqanizmin və psixikanın təbii uyğunlaşma prosesindən gedir. Bu mərhələni düzgün idarə edən insanlar yaz dövrünü daha məhsuldar və balanslı şəkildə keçirə bilirlər”.

Aynur Babazadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr