Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Alimlər müəyyən ediblər ki, hər gün eyni saatda yatmaq ürək sağlamlığını qorumaqda mühüm rol oynayır.
Redaktor.az xəbər verir ki, Finlandiyanın Oulu Universitetində aparılan araşdırmanın nəticələri “BMC Cardiovascular Disorders” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində yaşı 46 olan 3231 nəfərin məlumatları təhlil edilib. İştirakçıların yuxu rejimi bir həftə ərzində xüsusi cihazlarla izlənilib, daha sonra isə bu göstəricilərlə növbəti on il ərzində infarkt və insult riski arasındakı əlaqə qiymətləndirilib.
Nəticələr göstərib ki, gündə səkkiz saatdan az yatan şəxslərdə qeyri-müntəzəm yuxu rejimi ciddi ürək-damar xəstəlikləri riskini iki dəfə artırır. Müqayisədə, hər gün təxminən eyni saatda yatan insanlarda bu risk daha aşağı olub.
Araşdırmada xüsusilə yuxuya getmə vaxtının sabitliyinin vacib olduğu vurğulanıb. Qeyri-müntəzəm rejimə malik iştirakçılarda yuxuya getmə saatları arasında fərq həftə ərzində orta hesabla 108 dəqiqə təşkil edib, halbuki sabit rejimə malik şəxslərdə bu göstərici təxminən 33 dəqiqə olub.
Mütəxəssislər bildirirlər ki, bu əlaqə orqanizmin bioloji saatının — sirkadiyal ritmlərin pozulması ilə izah olunur. Hər gün fərqli saatda yatmaq bərpa proseslərinə, o cümlədən ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bununla belə, qeyd edilir ki, bu təsir əsasən yuxu çatışmazlığı olan insanlarda müşahidə olunur. Gündə təxminən səkkiz saat yatan şəxslərdə qeyri-müntəzəm rejim risk artımına səbəb olmayıb.
Alimlər vurğulayırlar ki, müntəzəm yuxu rejimi ürək-damar xəstəliklərinin qarşısını almaq üçün sadə və effektiv üsullardan biridir. Dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin birinci yerdə olduğunu nəzərə alsaq, bu cür həyat tərzi amilləri profilaktikada mühüm rol oynaya bilər.
NURİYYƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.