ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Biləsuvarın Zəhmətabad kəndində fəaliyyət göstərən iki məktəbin birləşdirilməsi ilə bağlı yayılan xəbərlər müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, təhsil müəssisələrində optimallaşdırma tədbirlərinin əsas məqsədlərindən biri resursların daha effektiv istifadəsidir:
“Bu zaman şagird sayı az olan məktəblərin saxlanılması böyük maliyyə xərcləri tələb edir və optimallaşdırma ilə bu xərclər azaldılaraq dövlət büdcəsinə qənaət oluna bilər. Digər məqsəd təhsil keyfiyyətinin yüksəldilməsidir ki, az sayda şagirdlə fəaliyyət göstərən məktəblərdə müəllimlərin peşəkarlığına uyğun tədris təşkil etmək çətin olur. Şagirdlər daha yaxşı şəraitə malik məktəblərdə təhsil alarsa, bu, nəticələrə müsbət təsir göstərə bilər”.
Qeyd olunub ki, Zəhmətabad kəndində yerləşən iki məktəb arasında 1 km məsafə var: “Bunlar Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi və Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbidir. Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbi 170 şagird yerlik olmaqla 1964-cü ildə yaradılıb, hazırda 328 nəfər şagird 6 günlük və iki növbəli iş rejimində təhsil alır.
Binanın maddi infrastrukturu və maddi texniki bazası qənaətbəxş səviyyədə deyil. Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbi isə 1980-ci ildə yaradılmış, 420 şagird yerlik birtipli ikimərtəbəli tədris binasında 335 nəfər şagird 6 günlük və ikinövbəli iş rejimində təhsil alır. Binanın infrastrukturu və maddi-texniki bazası digər məktəblə müqayisədə qənaətbəxşdir”.
“Hazırda Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin optimallaşdırılması ilə bağlı bütün məqamlar təhlil edilir. Dadaş Dadaşov adına Zəhmətabad kənd ümumi orta ümumtəhsil məktəbinin fəaliyyəti dayandırılarsa, şagirdlərin digər məktəbə yerləşdirilməsi, məsafə, məktəbin pedaqoji və texniki heyətinin işlə təmin olunması, məktəb şagirdlərinin digər məktəbə köçürülməsi zamanı tədrisin keyfiyyətinə necə təsir etməsi və s. kimi məsələlər təhlil edilir. Bu təhlillər nəticəsində məktəbin optimallaşdırılması barədə yekun qərar veriləcək və hələ ki optimallaşdırma barədə qərar yoxdur”, - məlumatda bildirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.