AZ

Şəhid Eyvazov İslam Həsən oğlunun ad günü ehtiramla qeyd edilib

Vətən uğrunda canından keçərək adını xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdıran şəhid Eyvazov İslam Həsən oğlunun doğum günü Naxçıvan şəhərinin Qaraçuq kəndində dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Yeni Azərbaycan Partiyasının nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ruhlarına dualar oxunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra iştirakçılar şəhidin valideynlərinə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək onların dərdinə şərik olduqlarını bildiriblər.

Çıxış edənlər qeyd ediblər ki, İslam Eyvazov kimi igid Vətən övladlarının qəhrəmanlığı, şücaəti və fədakarlığı nəticəsində xalqımızın uzun illər çəkdiyi torpaq həsrətinə son qoyulub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Vurğulanıb ki, belə qəhrəmanların xatirəsi daim uca tutulur, onların keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir.

Tədbirdə məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş, Vətən sevgisini tərənnüm edən şeirlər səsləndirilib, qəhrəmanlıq ruhu bir daha yaşadılıb.

Şəhidin anası Aytən Eyvazova çıxış edərək övladının xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını ifadə edib, şəhid ailələrinə göstərilən dövlət qayğısının onlar üçün böyük təsəlli olduğunu bildirib.

Tədbirin sonunda şəhidin məzarı ziyarət olunub, üzərinə tər gül dəstələri düzülüb, ruhuna Qurani-Kərimdən ayələr oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Eyvazov İslam Həsən oğlu “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların müqəddəs ruhu qarşısında baş əyirik.

Ruhu şad olsun!

Bəxtiyar Əliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
7
1
herbiand.az

2Mənbələr