AZ

Cənubi Qafqazda əməkdaşlıq modeli – Azərbaycan və Gürcüstan münasibətləri ŞƏRH

Bakı, 8 aprel, AZƏRTAC

Tarixi qonşuluq münasibətləri və eyni coğrafi məkanda yaşamaq Azərbaycan və Gürcüstan xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşmasına mühüm töhfə verib. Bu münasibətlər zaman keçdikcə daha da möhkəmlənib, xüsusilə iqtisadi və siyasi sahələrdə sıx əməkdaşlıqla özünü aydın şəkildə göstərib. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bu prinsipial mövqeyini müxtəlif beynəlxalq platformalarda ardıcıl şəkildə bəyan edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O vurğulayıb ki, Azərbaycan–Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT kimi qurumlarda, eləcə də Avropa Şurası çərçivəsində hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin milli maraqlarına həssas yanaşır və dəstəkləyirlər. Bu, regionda sabitliyin və əməkdaşlığın güclənməsinə xidmət edir. “Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Gürcüstan münasibətlərinin əsas sütunlarından biridir. Gürcüstan Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit ölkə rolunu oynayır. Eyni zamanda, Azərbaycan Gürcüstana təbii qaz ixrac edərək onun enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Gürcüstan vasitəsilə Azərbaycan qazı bir sıra Avropa ölkələrinə çatdırılır ki, bu da regionun enerji xəritəsində strateji əhəmiyyət kəsb edir. Əməkdaşlığın ən parlaq nümunələrindən biri Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsidir. 2006-cı ildə istifadəyə verilən bu kəmər Xəzər dənizi enerji ehtiyatlarının dünya bazarlarına birbaşa çıxışını təmin edib, Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələri daha da gücləndirib. Layihənin həyata keçirilməsi dövrün mürəkkəb geosiyasi şəraitində mümkün hesab olunmayan bir ideyanın reallığa çevrilməsidir. Bu uğurun arxasında isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Bakı–Tbilisi–Ceyhan neft kəməri bu gün də qlobal enerji təhlükəsizliyinin mühüm elementlərindən biri kimi fəaliyyət göstərir”,- deyə deputat vurğulayıb.

Pərvanə Vəliyeva hər iki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini xatırladıb. Onun sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. İllik 5 milyon ton yükdaşıma gücünə malik olan dəmir yolu xətti Azərbaycanın Türkiyə və Avropa ilə birbaşa əlaqəsini təmin edir. Həmçinin son illərdə tərəflər arasında yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənir. 2022-ci ildə Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişi imzalanıb. Eyni zamanda 2025-ci il aprelin 4-də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti üzrə əməkdaşlığa dair Memorandum qəbul edilib.

“Ümumilikdə, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən iri infrastruktur və enerji layihələri regionun strateji əhəmiyyətini daha da artırır. Əməkdaşlıq Asiya ilə Avropa arasında yerləşən ölkələr üçün daha təhlükəsiz, inteqrasiya olunan və səmərəli tranzit imkanları yaradır. Nəticə etibarilə, region ölkələri arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərin qorunması və inkişaf etdirilməsi xalqların rifahına, iqtisadi tərəqqiyə və gələcək nəsillərin daha sabit və təhlükəsiz mühitdə yaşamasına xidmət edir”,- deyə deputat bildirib.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr