AZ

"Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyib" -

Qlobal enerji bazarında son illər müşahidə olunan geosiyasi gərginliklər, sanksiyalar və enerji marşrutları uğrunda rəqabət bu sahənin strateji əhəmiyyətini daha da artırıb. Paralel olaraq, bərpa olunan enerji mənbələrinə keçid ənənəvi enerji modelində yeni yanaşmalar formalaşdırır.Bu şəraitdə Azərbaycanın enerji siyasəti, ixrac infrastrukturu və beynəlxalq layihələrdə iştirakı ölkənin qlobal enerji sistemində rolunu gücləndirən əsas amillər kimi ön plana çıxır. Mövzu ilə bağlı Metbuat.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qazçıxarma fakültəsinin dekanı, professor Elman İskəndərov müsahibə verib.Onun yanaşmasına görə, dəyişən dünya enerji nizamı Azərbaycanın həm imkanlarını genişləndirir, həm də yeni çağırışlar formalaşdırır və bu proseslərə uyğunlaşma üçün sistemli və çevik enerji strategiyası həlledici rol oynayır. Elman bəy, geosiyasi risklərin artması fonunda Azərbaycan neftinin Avropa bazarındakı rolunu necə şərh edərdiniz?Son illərdə qlobal siyasətdə müşahidə olunan gərginliklər, xüsusilə enerji resurslarının beynəlxalq münasibətlərdə mühüm alətə çevrilməsi Avropa ölkələrinin enerji strategiyalarını yenidən nəzərdən keçirməsinə səbəb olub. Enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ kimi deyil, həm də milli təhlükəsizlik və siyasi sabitlik məsələsi kimi qiymətləndirilir. Bu səbəbdən Avropa dövlətləri enerji təchizatında asılılığı azaltmaq və alternativ mənbələrdən istifadə imkanlarını genişləndirmək istiqamətində aktiv addımlar atırlar. Belə bir şəraitdə Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi təsdiqləyə bilmiş ölkələrdən biridir. Xəzər hövzəsində yerləşən zəngin karbohidrogen ehtiyatları, regiondan Avropaya uzanan müasir nəqliyyat infrastrukturu və uzunmüddətli enerji əməkdaşlığı Azərbaycanın Avropa bazarında rolunu daha da artırır. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti yalnız resurs ixracına deyil, həm də dayanıqlı və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulmasına əsaslanır. Eyni zamanda Azərbaycanın enerji strategiyası beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad prinsiplərinə söykənir. Bu yanaşma Azərbaycanın Avropa enerji təhlükəsizliyində mühüm rol oynamasına şərait yaradır. Xüsusilə, son illərdə enerji bazarlarında yaranan qeyri-sabitlik Avropa ölkələrinin etibarlı və sabit təchizatçılara olan ehtiyacını daha da artırıb və bu kontekstdə Azərbaycanın strateji əhəmiyyəti daha aydın şəkildə görünür. Yəqin ki, geosiyasi risklərin də müəyyən çağırışlar yaratmaq ehtimalı var, bu barədə düşüncənizi bilmək istərdik?Əlbəttə, geosiyasi risklərin artması enerji bazarında müəyyən çağırışlar da yaradır. Qlobal enerji qiymətlərinin dəyişkənliyi, regional siyasi proseslər və beynəlxalq iqtisadi qeyri-müəyyənliklər enerji sektoruna təsirsiz ötüşmür. Lakin Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, beynəlxalq enerji layihələrində iştirak təcrübəsi və sabit enerji infrastrukturu bu risklərin təsirini minimuma endirməyə kömək edir. Nəticə etibarilə demək olar ki, mövcud geosiyasi şərait Azərbaycanın Avropa enerji bazarındakı rolunu zəiflətməyib, əksinə onu daha da gücləndirib və ölkəmizin strateji mövqeyini möhkəmləndirib. Son illərdə enerji təhlükəsizliyi kontekstində Azərbaycanın hansı istiqamətdə dəyişib?Bildiyiniz kimi, enerji təhlükəsizliyi müasir dövrdə dövlətlərin iqtisadi və siyasi sabitliyini müəyyən edən əsas amillərdən biri hesab olunur. Enerji resurslarının davamlı və sabit şəkildə təmin olunması həm sənaye inkişafı, həm də sosial rifah baxımından böyük əhəmiyyət daşıyır. Son illərdə dünyada baş verən geosiyasi hadisələr, enerji marşrutları üzərində yaranan gərginliklər və bazarlardakı qeyri-sabitlik enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.Azərbaycan bu kontekstdə öz mövqeyini kifayət qədər gücləndirə bilmiş ölkələrdən biri hesab olunur. Ölkənin enerji siyasəti uzun illərdir ki, sabitlik, etibarlılıq və beynəlxalq əməkdaşlıq prinsipləri üzərində qurulub. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları və bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması üçün yaradılmış müasir infrastruktur ölkəmizin qlobal enerji sistemində mühüm rol oynamasına imkan verir. Enerji təhlükəsizliyi baxımından Azərbaycanın üstünlüklərindən biri də enerji resurslarının müxtəlif marşrutlarla ixrac edilməsidir. Bu isə həm bazar risklərinin azaldılmasına, həm də enerji təchizatının dayanıqlığının təmin olunmasına xidmət edir. Azərbaycanın beynəlxalq enerji layihələrində fəal iştirakı və tərəfdaş ölkələrlə qurduğu uzunmüddətli əməkdaşlıq əlaqələri ölkənin enerji təhlükəsizliyi sahəsində mövqeyini daha da gücləndirir. Qlobal bazarlarda xüsusən enerji seqmentində Azərbaycan kifayət qədər idarəolunan risk strategiyası sərgiləyə bilibmi?Qlobal enerji bazarında baş verən dəyişikliklər müəyyən risklərin də mövcud olduğunu göstərir. Qiymət dalğalanmaları, geosiyasi gərginliklər və qlobal iqtisadi qeyri-müəyyənliklər enerji sektoruna təsir edə bilər. Lakin Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış enerji siyasəti və enerji sektorunun davamlı inkişafına yönəlmiş strategiyası bu risklərin idarə olunmasına imkan yaradır. Ümumilikdə isə mövcud şəraitdə Azərbaycanın enerji təhlükəsizliyi sahəsində mövqeyinin daha da gücləndiyini demək mümkündür. Ümumiyyətlə, son iki ildə qlobal siyasi proseslərin sanksiyalar, regional müharibələr və ticarət mübahisələrinin Azərbaycan neft sektoruna birbaşa və dolayı təsirləri nədən ibarət olub?Qlobal enerji bazarı siyasi və iqtisadi proseslərə ən həssas reaksiya verən sahələrdən biridir. Son iki ildə dünyada baş verən geosiyasi hadisələr – müxtəlif ölkələrə tətbiq olunan iqtisadi sanksiyalar, regional münaqişələr və beynəlxalq ticarət münasibətlərində yaranan gərginliklər enerji bazarına birbaşa təsir göstərib. Bu proseslər neftin qiymətində kəskin dəyişikliklərə səbəb olmaqla yanaşı, bazarda qeyri-müəyyənliyi də artırıb. Azərbaycan neft sektoru da qlobal bazarın bir hissəsi olduğu üçün bu proseslərin müəyyən təsirini hiss edib. Bir tərəfdən, bəzi regionlarda enerji təchizatında yaranan problemlər alternativ və etibarlı təchizatçılara olan tələbatı artırıb. Bu isə Azərbaycanın enerji resurslarına olan marağın yüksəlməsinə səbəb olub. Avropa və digər bazarlarda enerji mənbələrinin şaxələndirilməsi istiqamətində aparılan siyasət Azərbaycanın enerji ixracı üçün yeni imkanlar yaradıb. Digər tərəfdən, qlobal siyasi gərginliklər enerji bazarında qeyri-sabitlik yaratdığı üçün müəyyən iqtisadi risklər də formalaşdırır. Logistika xərclərinin artması, nəqliyyat marşrutlarında yaranan problemlər, sığorta və maliyyə xərclərinin yüksəlməsi kimi amillər enerji layihələrinin iqtisadi səmərəliliyinə təsir göstərə bilər. Bundan əlavə, qlobal bazarda qiymətlərin dəyişkənliyi enerji sektorunda investisiya qərarlarının daha ehtiyatlı şəkildə verilməsinə səbəb olur. Bununla belə, Azərbaycanın enerji sektoru uzun illər ərzində formalaşdırılmış sabit idarəetmə sistemi və beynəlxalq əməkdaşlıq təcrübəsi sayəsində qlobal dəyişikliklərə qarşı nisbətən dayanıqlı mövqe nümayiş etdirir. Mövcud infrastruktur layihələri və enerji diplomatiyası ölkənin enerji sektorunun qlobal siyasi proseslərin təsirini daha effektiv şəkildə idarə etməsinə imkan yaradır. Son illərdə qlobal miqyasda alternativ və bərpa olunan enerji mənbələrinə keçid sürətlənir. Bu tendensiya orta və uzunmüddətli perspektivdə Azərbaycanın neft gəlirlərinə necə təsir göstərə bilər?Bəli, vurğuladığınız kimi, son illərdə dünya enerji sistemində ciddi transformasiya prosesi müşahidə olunur. Bir çox ölkələr iqlim dəyişikliklərinin təsirini azaltmaq və karbon emissiyalarını minimuma endirmək məqsədilə enerji siyasətlərində mühüm dəyişikliklər həyata keçirirlər. Bu dəyişikliklərin əsas istiqamətlərindən biri də alternativ və bərpa olunan enerji mənbələrinin inkişafıdır. Günəş, külək və digər təmiz enerji texnologiyalarına yönəldilən investisiyalar qlobal enerji sektorunun strukturunu tədricən dəyişdirir. Bu tendensiya uzunmüddətli perspektivdə neft və qaz kimi ənənəvi enerji resurslarına olan tələbatın artım tempinə müəyyən təsir göstərə bilər. Xüsusilə, inkişaf etmiş ölkələrdə enerji istehlakının daha ekoloji və davamlı mənbələr hesabına təmin olunması istiqamətində ciddi addımlar atılır. Bu isə gələcəkdə neft gəlirlərinin strukturunda müəyyən dəyişikliklərin baş verə biləcəyini göstərir. Bununla belə, ekspertlərin böyük əksəriyyəti hesab edir ki, yaxın və orta müddətli dövrdə neft və qaz dünya enerji balansında əsas rolunu qoruyub saxlayacaq. Çünki bir çox sənaye sahələri, nəqliyyat sistemi və inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı hələ də karbohidrogen resurslarından geniş şəkildə asılıdır. Bu səbəbdən enerji keçidi prosesi tədricən və mərhələli şəkildə baş verəcək. Azərbaycanın bu istiqamətdə atdığı addımları necə qiymətləndirirsiniz?Azərbaycan bu qlobal transformasiyanı nəzərə alaraq enerji strategiyasını daha çox diversifikasiya prinsipləri üzərində qurmağa çalışır. Bir tərəfdən ölkə mövcud neft və qaz ehtiyatlarının səmərəli istismarını davam etdirir, digər tərəfdən isə bərpa olunan enerji layihələrinin inkişafına xüsusi diqqət yetirir. Xəzər dənizi regionunda böyük külək enerjisi potensialının mövcud olması və günəş enerjisi layihələrinə artan maraq Azərbaycanın gələcək enerji strategiyasında mühüm rol oynaya bilər. Beləliklə, alternativ enerji mənbələrinə keçid qlobal enerji bazarında müəyyən dəyişikliklər yaratsa da, Azərbaycanın balanslaşdırılmış enerji siyasəti və diversifikasiya strategiyası ölkənin enerji gəlirlərinin sabitliyini qorumağa və gələcək enerji sisteminə uyğunlaşmağa imkan verə bilər. Bu isə Azərbaycanın enerji sektorunun həm bu gün, həm də gələcəkdə qlobal enerji sistemində mühüm rol oynamağa davam edəcəyini göstərir.

Gülbəniz Ağayeva / Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr