AZ

Tıxac, gecikmə, əsəb... - Bakı nəqliyyatında nə çatışmır?

Bakıda ictimai nəqliyyat sistemi şəhərin sürətlə artan əhalisi və genişlənən ərazisi fonunda əhəmiyyətli rol oynayır.

Son illərdə bu sahəyə həm maliyyə, həm infrastruktur, həm də idarəetmə resursları ayrılmasına baxmayaraq, avtobusların vəziyyəti hələ də qənaətbəxş səviyyədə deyil. Bu, təkcə texniki problemlərlə izah olunmur; daha çox institusional strukturun qeyri-sabitliyi, nəzarət mexanizmlərinin yetərsizliyi və xidmət keyfiyyətinin sistemli şəkildə ölçülməməsi kimi məsələlərdən qaynaqlanır.

Nəticədə sərnişinlərin rahatlığı, avtobusların vaxtında hərəkəti və ümumi etibarlılığı hədəfə çatmır, sistem isə dayanıqlı və uzunmüddətli inkişaf perspektivindən məhrum olur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Fazil Mustafa deyib ki, nəqliyyat hər bir ölkədə problemli məsələdir və bunun hansı qurum tərəfindən idarə olunması çox önəmlidir:

"Bir çox ölkələrdə bu məsuliyyət bələdiyyəyə verilir və bütün məsuliyyət onun üzərində olur. Bizdə isə bu sahə müxtəlif qurumlar arasında paylanıb və konkret kimin bu problemi həll etməli olduğu ilə bağlı yekun vəziyyət hələ də qaneedici deyil".

Fazil Mustafa: Burada həm vaxt itkiləri, həm də maliyyə məsrəfləri nəzərə alınmalıdır

Onun sözlərinə görə, avtobus yollarının ayrılması problemin həllinə cüzü də olsa kömək edə bilər. Müsahibimiz bildirib ki, lakin yerüstü nəqliyyat alternativləri kifayət qədər olmadıqca, metro stansiyalarının sayı və bolluğu artırılmadıqca, bu tədbirlər də effektiv olmur. Hər halda, bu məsələ üzərində daha çox düşünmək lazımdır:

"İndiki vəziyyət bütün hallarda qaneedici deyil və Bakının tıxac problemi təbii ki, ictimai nəqliyyatda daşınma məsələsinə də öz təsirini göstərir. Durum arzu olunan səviyyədə deyil və bu istiqamətdə mütləq konkret tədbirlər görülməlidir ki, vətəndaşlar narazı qalmasınlar. Burada həm vaxt itkiləri, həm də maliyyə məsrəfləri nəzərə alınmalıdır".

Həmsöhbətimiz vurğulayıb ki, bundan əlavə, insanların sağlamlığı ilə bağlı əsəb problemləri də yaranır:

"Ümid edirəm ki, məsul qurumlar bu problem üzərində ciddi şəkildə düşünərək, vətəndaş məmnunluğunu təmin edəcək addımlar atacaqlar".

Əli Hüseynov

Seçilən
26
bakivaxti.az

1Mənbələr