AZ

Azərbaycan və Gürcüstan münasibətləri geoiqtisadi sistemin tərkib hissəsi kimi çıxış edir - ŞƏRH

Bakı, 8 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri, xüsusilə Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni geosiyasi və geoiqtisadi nizamın mühüm elementlərindən biri kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində keçirilən görüşlərin formatı və məzmunu göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri artıq klassik diplomatik münasibətlər səviyyəsini keçərək strateji tərəfdaşlıq və regional koordinasiya mərhələsinə daxil olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.

O bildirib ki, aparılan təkbətək görüşlər siyasi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirirsə, geniş tərkibli görüşlər iqtisadi, enerji, nəqliyyat və infrastruktur layihələrinin praktiki icrası ilə bağlı məsələlərin müzakirə olunduğunu göstərir. Birgə mətbuat bəyanatları isə tərəflərin regional və beynəlxalq məsələlər üzrə mövqelərinin böyük ölçüdə üst-üstə düşdüyünü təsdiqləyir.

Hər iki dövlət rəhbərinin səsləndirdiyi bəyanatlara diqqət yetirdikdə bir neçə əsas istiqamət aydın şəkildə ön plana çıxır: enerji əməkdaşlığı, nəqliyyat və logistika dəhlizləri, regional təhlükəsizlik, Azərbaycan–Ermənistan sülh prosesi və Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşdırılması. Xüsusilə Orta Dəhlizin inkişafı, Avropaya enerji ixracı və tranzit imkanlarının genişləndirilməsi bu səfərin əsas strateji məzmununu təşkil edir. Bu isə göstərir ki, Azərbaycan və Gürcüstan münasibətləri yalnız ikitərəfli xarakter daşımır, eyni zamanda, daha geniş geoiqtisadi sistemin tərkib hissəsi kimi çıxış edir.

“Səfər geosiyasi baxımdan da əhəmiyyətlidir. Azərbaycan–Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda formalaşan yeni güc balansının əsas elementlərinin yenidən qiymətləndirilməsi baxımından mühüm rol oynayır. Azərbaycan enerji resurslarına malik ölkə kimi, Gürcüstan isə bu resursların dünya bazarlarına çıxışı üçün əsas tranzit ölkə kimi çıxış edir. Bu əməkdaşlıq nəticəsində Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz kimi layihələr reallaşdırılıb. Bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyaraq Avropa ilə Asiya arasında alternativ enerji və nəqliyyat marşrutlarının formalaşmasına xidmət edir və regionun strateji əhəmiyyətini daha da artırır.

Səfəri beynəlxalq münasibətlər nəzəriyyələri prizmasından təhlil etdikdə də maraqlı nəticələr ortaya çıxır. Realizm nəzəriyyəsinə görə dövlətlər öz təhlükəsizliklərini və strateji maraqlarını təmin etmək üçün ittifaqlar qururlar və Azərbaycan–Gürcüstan əməkdaşlığı da enerji təhlükəsizliyi, tranzit marşrutlarının qorunması və regional sabitliyin təmin olunması kimi maraqlara əsaslanır. Liberalizm nəzəriyyəsi isə iqtisadi qarşılıqlı asılılığın dövlətlər arasında münaqişə ehtimalını azaltdığını vurğulayır ki, bu da Azərbaycan–Gürcüstan əməkdaşlığında öz əksini tapır. Regionalizm yanaşmasına əsasən, eyni regionda yerləşən dövlətlər ortaq maraqlar əsasında əməkdaşlıq sistemləri yaradırlar və bu baxımdan Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlığı regional model kimi çıxış edir.

Geoiqtisadiyyat yanaşması isə göstərir ki, müasir dövrdə dövlətlər təsir imkanlarını daha çox enerji, logistika və ticarət marşrutları vasitəsilə genişləndirirlər və bu kontekstdə Azərbaycan və Gürcüstan regionun əsas geoiqtisadi aktorları kimi çıxış edir”,-deyə A.Əliyev deyib.

Politoloq qeyd edib ki, səfər zamanı müzakirə olunan mühüm məsələlərdən biri də Azərbaycan–Ermənistan sülh prosesi və regionda uzunmüddətli sabitliyin təmin olunması olub. Gürcüstan bu prosesdə sabitlik və əməkdaşlıq tərəfdarı kimi çıxış edir və regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ölkə üçün həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətlidir. Bu isə bir daha göstərir ki, regionda sülhün əldə olunması yalnız siyasi məsələ deyil, eyni zamanda, irimiqyaslı iqtisadi və geosiyasi layihələrin reallaşdırılması üçün vacib şərtdir.

“Prezident İlham Əliyevin Gürcüstana səfəri Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının daha da gücləndirilməsi ilə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi sistemin formalaşması prosesinin mühüm mərhələsi kimi qiymətləndirilə bilər. Bu səfər göstərir ki, enerji, nəqliyyat və logistika layihələri artıq yalnız iqtisadi dividendlərlə məhdudlaşmır, həm də beynəlxalq siyasətin və regional güc balansının əsas alətlərindən birinə çevrilib. Azərbaycan və Gürcüstan bu prosesdə əsas regional tərəfdaşlar kimi çıxış edir və onların əməkdaşlığı regionun gələcək siyasi və iqtisadi arxitekturasını müəyyən edən əsas amillərdən biri hesab oluna bilər.

Regionun güc və enerji mərkəzi olan Azərbaycanın çoxvektorlu xarici siyasəti, bölgədə uzunmüddətli sülhün təmin olunması ilə yanaşı, iqtisadi sabitliyin möhkəmləndirilməsinə və hərtərəfli regional əməkdaşlığın inkişafına yönəlib”,-deyə o əlavə edib.

Seçilən
5
azertag.az

1Mənbələr