AZ

Gürcüstanla strateji tərəfdaşlıq yüksələn xətlə inkişaf edir

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və Gürcüstan qonşu, dost ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşdırlar. Hazırda ölkələrimiz bir çox sahələrdə olduğu kimi, enerji və nəqliyyat-logistika üzrə də uğurla əməkdaşlıq edirlər. Eyni zamanda, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri də əməkdaşlığın inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında Tbilisidə keçirilən təkbətək görüş zamanı Azərbaycan–Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Qeyd olunub ki, ötən müddətdə ölkələrimiz arasında əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, “yaşıl enerji”, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf edib. Söhbət əsnasında Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarında isə əməkdaşlığın mövcud vəziyyəti və perspektiv imkanlardan bəhs olunub. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Gürcüstan və Azərbaycan, hər zaman olduğu kimi, yenə də bir yerdədir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını xatırladan dövlətimizin başçısı həmin ənənələrin bu gün də davam etdirildiyini vurğulayıb.

Dost Gürcüstanda müsbət sərmayə iqliminin mövcudluğuna toxunan Prezident İlham Əliyev bir çox investorların, o cümlədən Azərbaycan investorlarının bu ölkəyə böyük maraq göstərdiklərini bildirib. Qeyd olunub ki, bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Yeri gəlmişkən, dövlətimizn başçısı bəyanatında dost ölkəyə səfəri çərçivəsində həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparıldığını bildirib.

Azərbaycanla Gürcüstanın iqtisadi sahədə böyük uğurlar əldə etdiklərini xatırladan dövlətimizin başçısı iki ölkə arasında ticarət əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bu da təsadüfi deyil. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin ilk 2 ayının yekunlarına əsasən, Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 214, 4 milyon dollar təşkil edib. Bu da Gürcüstan ölkəmizin xarici ticarət tərəfdaşları sırasında 5-ci yerdə qərarlaşması deməkdir.

Məlum olduğu kimi, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayırlar. Prezident İlham Əliyev çıxışında, həmçinin Azərbaycanın energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atdığını diqqətə çatdırıb: “Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır”.

Bununla yanaşı, tarixi İpək Yolunun üstündə yerləşən Azərbaycan və Gürcüstan bir sıra nəqliyyat-logistika layihələrinin də fəal iştirakçıları kimi tanınır. Mətbuata bəyanatında bu vacib məqama toxunan Prezident İlham Əliyev bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı Orta Dəhlizin Azərbaycan və Gürcüstan üzərindən keçdiyini xatırladaraq bu marşrutu ölkələrimiz üçün əsas nəqliyyat damarı kimi xarakterizə edib və hazırda bunu genişləndirmək üçün əlavə səylər göstərildiyinə diqqət çəkib.

Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin mətbuata bəyanatında səsləndirdiyi fikirlər də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən xəbər verir. Baş nazir ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə dinamik qaydada inkişaf etdiyini vurğulayaraq Azərbaycanın dövlət başçısı İlham Əliyevin şəxsi səylərini və iştirakını yüksək dəyərləndirib.

Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın bütöv region üçün yeni perspektivlər açdığını bildirən İ.Kobaxidze deyib ki, qlobal geosiyasi dəyişikliklər Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır: “Asiya ilə Avropanı birləşdirən körpü kimi ölkələrimiz daşımalarda mühüm rol oynayır. Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq”.

Göründüyü kimi, ölkələrimiz arasında iqtisadi münasibətlərin perspektivi olduqca yüksəkdir. Heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana növbəti səfəri çoxtərəfli əməkdaşlığa təkan verəcək.

Eyyub KƏRİMLİ,iqtisadçı-ekspert

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasında iqtisadi münasibətlərinin inkişafına mühüm töhfə verən, strateji əməkdaşlığı daha da dərinləşdirən əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Bu səfər həm regional, həm də qlobal kontekstdə xüsusi strateji məna daşıyır. Onun iqtisadi təsirlərinə nəzər saldıqda, ilk növbədə, enerji əməkdaşlığının genişlənməsi diqqət çəkir.

Belə ki, neft və qaz ixracının artırılması, Avropanın enerji təchizatında Azərbaycanın rolunun gücləndirilməsi, eləcə də yeni enerji marşrutlarının, o cümlədən “yaşıl” enerji ixracı imkanlarının müzakirəsi bu səfərin əsas istiqamətləri sırasında yer alır. Bu proses Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyini daha da möhkəmləndirir.

Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılması, bu dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların genişləndirilməsi də regional ticarət dövriyyəsinə ciddi təkan verə bilər. Bu baxımdan Gürcüstan limanlarının imkanlarından daha geniş istifadə olunması Azərbaycanın tranzit potensialını artırır və hər iki ölkəni Avropa–Asiya ticarətində mühüm logistik mərkəzlərdən birinə çevirir.

Ticarət dövriyyəsinin artması da diqqətəlayiq məqamlardandır. Ötən ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 880 milyon dollara yaxın olub ki, bu da əvvəlki illə müqayisədə, təxminən, 9 faiz artım deməkdir. Ümumilikdə, Azərbaycan–Gürcüstan ticarət münasibətləri müsbət dinamika ilə inkişaf edir və bu sahədə hər il artım müşahidə olunur. Qarşılıqlı ixrac və idxalın genişlənməsi, xüsusilə kənd təsərrüfatı və sənaye məhsulları sahəsində əməkdaşlığın dərinləşdirilməsi yeni layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Bununla yanaşı, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi də artmaqdadır. Bu, gürcü biznesinin də Azərbaycana marağını gücləndirir, birgə müəssisələrin yaradılması, sənaye və logistika zonalarının inkişafı üçün yeni imkanlar açır.

Əsas diqqət yetirilməli istiqamətlərdən biri də rəqəmsal və kommunikasiya infrastrukturunun genişləndirilməsidir. Bu sahədə əməkdaşlıq rəqəmsal ticarətin inkişafına, data tranzitinin genişlənməsinə və ümumilikdə, iqtisadi fəaliyyətin şaxələndirilməsinə xidmət edir. Eyni zamanda, turizm sektorunda əməkdaşlığın gücləndirilməsi də qarşılıqlı səfərlərin və iqtisadi əlaqələrin artmasına müsbət təsir göstərir.

Bütün bunlar ölkələrimizin regiondakı siyasi nüfuzunun artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Nəticə etibarilə, bu səfər Azərbaycan–Gürcüstan münasibətlərini yalnız ikitərəfli müstəvidə deyil, bütövlükdə, regionun iqtisadi arxitekturası çərçivəsində yeni strateji mərhələyə yüksəldir. Xüsusilə enerji və logistika sahələrində əməkdaşlığın genişlənməsi gələcəkdə hər iki ölkənin Avrasiya ticarətində daha mühüm rol oynamasına şərait yaradır.

Mirbağır YAQUBZADƏXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
xalqqazeti.az

2Mənbələr