AZ

Ürfan Məmmədli Hörümçək toru

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Azərbaycan futbolunda hər cür qərar, hər cür yozum gözləniləndir. Futbol meydançalarında hakimin verdiyi qərarları mütəxəssislər də, qeyri-mütəxəssislər də, hətta azarkeşlər də qiymətləndirirlər. Bəla orasındadır ki, sosial şəbəkələrin verdiyi imkandan istifadə edib hər kəs özünü haqlı kimi təqdim edir.

Bu günlərdə “Turan-Tovuz” – “Zirə” oyununda qeydə alınmış hakim səhvləri haqqında paylaşımlar sosial şəbəkələrdə tüğyan eləyir. Hakim Əliyar Ağayev elə amansız tənqid olunur ki, sanki hakim hamının gözü qarşısında “Zirə”dən rüşvət alıb, qərarlarını ona uyğun verib.

Bəli, Əliyar Ağayevin baş hakim olduğu həmin oyunda “Zirə”nin qapısına iki penalti təyin oluna bilərdi, amma olunmayıb. İlk epizodda VAR Ağayevi monitora dəvət etdi. O da videogörüntüləri izlədikdən sonra penalti olmadığını bildirdi. İkinci epizodda isə qayda pozuntusu cərimə meydançasının xətti üzərində baş vermişdi, çox güman ki, baş hakim bu anı gözündən qaçırmışdı. Bu halda VAR dövrəyə girməli idi. VAR hakimləri isə həmin epizodda susdular.

Hadisələr meydançada bir anda baş verir, baş hakim həmin anı qaçıra bilir. Bunun qarşısını almaq üçün beynəlxalq futbol təsərrüfatı VAR layihəsinin tətbiqini məqsədəuyğun sayıb.

Doğrudur, bütün hallarda son qərarı baş hakim verir. Amma bu o demək deyil ki, bütün qərarların məsuliyyəti onun üzərindədir. Baş hakim bəzi qərarlarını VAR-ın müdaxiləsindən sonra dəyişir. Bu halda məsuliyyət üç hakimin üzərinə düşür. Bu cür məqamlarda baş hakimi cəzalandırmaq mümükün deyil. Çünki onun alibisi var: “Mən əks qərar vermişdim, VAR hakimləri ilə məsləhətləşmədən sonra onların təklifini qəbul etdim”.

Gələk, sosial şəbəkələrdə və mətbuatda qalxan hay-küyə.

Əksəriyyətimiz, Ağayevin səhv etdiyini iddia etsək də, ilk günlər gözləmə mövqeyi tutduq. Gözlədik ki, görək, Hakimlər Komitəsinin rəhbəri Rəhim Həsənov bu qərarlara hansı reaksiyanı verəcək. Yəni, içimizdə bir tərəddüd var idi ki, Rəhim Həsənov Əliyarı himayə edəcək, yoxsa əksi olacaq.

Hakimlər Komitəsinin sədri Əliyarın qərarlarının səhv olduğunu elan etdi. Bundan sonra hay-küy daha da şiddətləndi. Guya Rəhim Həsənovun səhvi təsdiqləməsindən o yana heç nə yoxdur.

Amma mən iddia edirəm ki, var.

Hakim oyun qaydalarının 12-ci maddəsində sadalanan 10 qüsurlu hərəkətdən birinin baş verməsini gördükdə cərimə zərbəsi təyin edir. Burada bir incə məqam var: 10 qüsurlu hərəkətin 7-də (bəzi mənbələrdə 6-da) qayda pozuntusunu üç kateqoriyaya (ehtiyatsız, düşüncəsiz və həddindən artıq güc tətbiq etməklə) bölünməklə təyin edilir. Bu kateqoriyalara bölmə səlahiyyətini qaydalar hakimə verir.

Oyunun hakimi Əliyar Ağayev olub, Rəhim Həsənov olmayıb. Bu o deməkdir ki, həmin epizodda qayda pozuntusunu və onun kateqoriyasını müəyyən etmək Əliyar Ağayevin səlahiyyətindədir.

Rəhim Həsənov da vaxtilə hakim olub. Verdiyi rəydən belə məlum olunur ki, bu oyunun hakimi o olsaydı, penalti təyin edərdi.

Əliyar Ağayev isə penalti təyin etməyib. Amma bunun səbəbini “səbəbkardan” soruşmaq kimsənin ağlına gəlmir.  Axı qaydalar bu hüququ yalnız ona (oyunun hakiminə) verir.

Hamımız bilirik ki, Rəhim Həsənov reytinqdə həmişə Əliyar Ağayevə uduzub. Necə olur ki, aşağı reytinqli hakimin qərarını indi üstün sayırıq? Mən inanıram ki, Əliyar Ağayevin öz qərarını əsaslandırmaq üçün arqumenti var. Amma biz ondan bunu soruşa bilmirik. Çünki, daxili qaydalar ona bu haqda danışmağı qadağan edib.Bəs nə baş verir?

Hiss olunur ki, AFFA-nın yeni rəhbərliyi nəsə eləmək istəyir. Futbolu bataqlıqdan çıxarmaq üçün xırda da olsa addımların atılmasına cəhdlər edilir. Amma hadisələr göstərir ki, futbolda pozitiv addımların atılmasını istəməyən qruplar hələ də var. Həmin qruplar gözə görünmədən öz işləri ilə məşğuldurlar, sərbəst hərəkət edən kəpənəklər üçün hörümçək torları qururlar. Lazım olanda bu torlar öz şikarlarını tutur.

Elə bilməyin ki, bu şübhələr mənim şəxsi təxəyyülümün məhsuludur. Xeyr. Şübhələr məndə Rəhim Həsənovun müxtəlif turlarda mübahisəli epizodlara verdiyi şərhləri izləyəndən sonra yaranıb. Onlardan ikisini hörmətli oxucularımıza təqdim edirəm:1. XVI tur. “Karvan-Yevlax” – “Neftçi” oyunun 45+5-ci dəqiqəsində bakılıların müdafiəçisi Ribeyro öz cərimə meydançasında rəqibin 8 nömrəli oyunçusuna, haqqında danışdığımız epizodda olduğu kimi, dirsəklə zərbə endirir. Hakim Əliyar Ağayev əvvəlcə qayda pozuntusu qeydə almır. VAR onu monitora dəvət edir. Monitorda epizodu izləyən Ağayev qərarını dəyişib penalti təyin edir.

Rəhim Həsənov isə epizodu şərh edərkən hakimin səhv qərar verdiyini bildirir.

Rəhim Həsənova görə, XVI turda və Kubokun yarımfinalında eyni epizodlarla qarşılaşan Əliyar Ağayev penalti verməklə də, verməməklə səhv edib. Bəs Ağayev hansı qərarı qəbul etməli idi ki, səhv sayılmasın?2. XX tur. “Zirə” – “Karvan-Yevlax” oyunu. Hakim Kamranbəy Rəhimov. 54-cü dəqiqə. “Zirə”nin oyunçusu Volkov öz cərimə meydançasında gəncəli Emin Rüstəmovu dirsək zərbəsi ilə yerə sərir. Hakim qayda pozuntusu qeydə almır. Heç onu VAR-a da dəvət etmirlər.

Rəhim Həsənov XX turun oyunlarında mübahisəli epizodları şərh edərkən Kamranbəy Rəhimovun düzgün qərar verdiyini deyir.

Mən Əliyar Ağayevin “Turan-Tovuz” – “Zirə” oyununda qəbul etdiyi qərarları dəstəkləmirəm. Amma onun bu qərarları qəbul etməyə məcbur olduğunu düşünürəm. Ağayev eyni epizoda görə penalti təyin edəndə də günahkar sayılır, etməyəndə də. Bax buna görə mən AFFA-da hələ də hörümçək torlarının olduğundan şübhələnirəm. Görəsən, növbəti şikar Əliyar Ağayev deyil ki?

Bir vaxtlar Azərbaycan sərhədlərini aşıb Avropa meydanlarını fəth edən Tahir Süleymanovların, Anar Salmanovların, Babək Quliyevlərin də yolu bu cür hörümçək torları ilə bağlanmışdı.

Deyəsən, ənənə davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
yeniavaz.com

1Mənbələr