Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.
Lənkəran rayonu, Sütəmurdov kənd sakini Şirəlizadə Xumar Heydər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:
“Hörmətli Vilayət Eyvazov!
Hörmətli Kamran Əliyev!
Mən, Şirəlizadə Xumar Heydər qızı, ailənin bütün ağır yükünü çiyinlərində daşıyan bir qadınam. Yoldaşımın gözləri görmür, oğlum ağır xəstədir. Özüm isə dəfələrlə əməliyyat olmuşam. Hazırda bazarda əlimə keçəni satıb, ailəmi dolandırmağa çalışıram.
Sözün qısası, başıma bir olmazın bəla açılıb. Ağır günlər keçirdik, xəstəliklərə düçar oldum. Fikirləşdim ki, qızımın evini satım, özümü və oğlumu müalicə etdirim.
İmanov Sərdar Alay oğlu adlı bir makler evi almaq istədiyini bildirdi. O, evə baxdı və dedi ki, gəl, evinin behini verim, mənə sat, uzağı 1 həftəyə pulunu tam ödəyəcəm.
Yatsam yuxuma belə gəlməzdi ki, bu adam dələduzdur. Sonra mənə aydın oldu ki, dəfələrlə bu cür dələduzluq əməli törətsə də, cəzasız qalıb.
Sən demə, İmanov Sərdar qızımın evini alaraq, məndən əvvəl dələduzluqla evini əlindən almış adama satıb. Hansı ki, həmin şəxs də Sərdarı polisə verib. Polis onu sıxışdırdığı üçün, xəstəliyimdən və arxamda adam olmadığından istifadə edərək, məni aldadıb.
Məlumat üçün bildirim ki, 2023-cü ildə qızımın evini 47 min manata satırdım. Sərdar mənə 1 000 manat beh verərək, evi alacağını bildirdi. Mən ona inandığım üçün gedib evi Məzahir adlı bir adamın adına keçirdik. Həmin Məzahir Suraxanı Rayon Polis İdarəsinə şikayət edərək, Sərdarı tutdururmuş. O da dələduzluq əməlini daha böyük dələduzluqla “ört-basdır” etməyə çalışıb. Hansı ki, məndən əvvəl Məzahirin evini 35 min manata satsa da, pulunu mənimsəyibmiş.
İmanov Sərdar mənə dedi ki, “Məzahirin həyat yoldaşı ağır xəstədir, bu gün, sabah öləcək, ölüsü yerdə qalmasın deyə evi ona verdim”. Onu da bildirdi ki, “sənin nəyinə lazımdır, sənin evini mən almışam, pulunu da mən verəcəm”. Mənə də ancaq pul lazım idi, evi kimin alması maraqlı deyildi…
Hörmətli Nazir!
Hörmətli Baş prokuror!
Xəstəliyimlə əlaqədar əməliyyat olunmalı idim. İmanov Sərdar isə qızımın evinin pulunu verə bilmirdi. Dava etsəm də, şirin danışsam da pulumu ala bilmirdim. Belə ki, avqust ayında cəmi 5 min manat, bir müddət sonra isə 6 min manat pul ala bildim. Yəni 47 min manatlıq evimin qarşılığında toplamda mənə 12 min manat pul verib.
Onu da qeyd edim ki, bütün dediklərimin sübutu var. O, danışıqlarda, video və səs yazılarında boynuna alır ki, mənim sənə borcum var. Lakin pulumu ala bilmədiyim üçün polisə, prokurorluğa şikayət ərizəsi verdim. Amma işimə baxılmadı. Müstəntiq deyir ki, adamı tapa bilmirəm, bu səbəbdən də cinayət işini bağlayıram. Məni çox gülməli vəziyətə salırlar. Sanki sənətim, vəzifəm yoxdur deyə, əmlakımın dələduz tərəfindən mənimsənilməsi normaldır.
İndi də mənə tez-tez müxtəlif evlərin şəkli atır ki, evinin əvəzinə sənə belə bir ev tikib verəcəm, borcumu bağlayacam. Bütün bu sübutları hüquq-mühafizə orqanları görmək istəmir. Hətta bu məsələ ilə bağlı televiziya efirinə də çıxmışam.
Yenə əməliyyata düşdüyüm üçün işim yarımçıq qaldı. 3 ildir ki, bu adam mənim evimin pulunu vermir.
Mən Sizin qəbulunuza düşməyə çalışıram. Bütün sübutlarım, video-çəkilişlər, səslər əlimdədir. Sizin qəbulunuza düşə bilsəm, sübutları göstərə bilərəm.
Hörmətli Vilayət Eyvazov!
Hörmətli Kamran Əliyev!
İlk şikayəti Xətai Rayon Polis İdarəsinə vermişdim. Xətai Prokurorluğu cinayət işi açmadı ki, adamı tapa bilmirik.
Hazırda mənim evimdə yaşayan Məzahir adlı şəxs də deyir ki, “qadını aldadıb, onun evini mənə verib. Mən canımı qutardım, görünür, indi də qadını öz tələsinə salıb”.
Hazırda şikayətim yenə Xətai Rayon Prokurorluğunda araşdılır. İş müstəntiq Fariz İbrahimlidədir. Bundan qabaq isə Kənan Bələdovda olub. O, hansısa səbəbdən aşkar dələduzluq faktını görməyib, deyir ki, “mülki işdir”. Bu adam tək məni yox, başqa bir neçə adamı da bu cür bədbəxt edib.
Mən bir çarəsiz ana, zəhmətkeş qadın kimi Sizlərdən xahiş edirəm, işimin ətraflı və düzgün araşdırılması üçün göstəriş verəsiniz”.
Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.