AZ

Yuvasını yandıran vulkan

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

İvan Qonçarovun “Uçurum” romanı haqqında

Turgenevlə Qonçarov 1847-ci ildə məşhur tənqidçi Vissarion Belinskinin evində keçirilən ədəbi axşamların birində tanış olmuşdular. Bundan sonra dostlaşıb məktublaşmağa, bir-birinə yazdıqları, yazmaq istədikləri əsərlərdən, süjetlərdən, qəhrəmanlardan danışmağa başlamışdılar. Görüşlərin birində Qonçarov dostuna üstündə işləməyə hazırlaşdığı yeni romandan söz açmış, əsər üçün nəzərdə tutduğu süjet xəttindən, personajlardan bəhs eləmiş, bir sözlə, bəzi yaradıcılıq sirlərini Turgenevlə bölüşmüşdü.

1858-ci ildə Turgenev “Dvoryan ocağı” romanını bitirib tənqidçilərə, qələm yoldaşlarına oxuyanda Qonçarov müəllifi plagiatda suçlamışdı: yazıçı bu qənaətə gəlmişdi ki, Turgenevin yeni əsərinin istər fabulasında, istərsə də obrazların xarakterik cizgilərində bir çox cəhət onun hələ neçə il sonra işıq üzü görəsi (bəzi parçaları dövri mətbuata çıxarılmışdı) romanından əxz olunub, başqa sözlə, oğurlanıb. Qonçarov əvvəllər Turgenevə danışdıqlarıyla onun yazdıqları arasında bir xeyli bənzərlik tutmuşdu, buna görə də düşünürdü ki, Turgenev onun ideyalarını çırpışdırıb. Bu səbəbdən bəzi epizodları romandan silməyi müəllifdən tələb eləmiş, Turgenev də onunla razılaşmışdı. İvan Aleksandroviçlə İvan Sergeyeviç ədəbi gecələrdə bundan sonra da üz-üzə gəlib görüşmüşdülər, ancaq bir-birinə yazdıqları məktublar seyrəlmişdi.

1860-cı ildə Turgenevin “Ərəfə” romanı jurnalda nəşr olundu. Qonçarov onu yenə oğurluqda suçladı. Onda Turgenev söz xiridarlarından ibarət yoldaşlıq məhkəməsi qurmaq təklifi irəli sürdü - qoy nüfuzlu ədəbiyyat adamları müəyyənləşdirsinlər ki, Turgenev Qonçarovun “Uçurum” romanının motivlərindən öz romanlarında yararlanıb, ya yox. Qonçarov təkliflə razılaşdı.

Məhkəmə həmin ilin mart ayında keçirildi. Sanballı tənqidçilər, ədəbiyyatşünaslar bu qənaətə gəldilər ki, çəkişən iki yazıçının yaradıcılığında üst-üstə düşən məqamlar olsa da, bunları plagiat saymaq doğru deyil, bənzərliklər hər iki yazıçının eyni bir zəmində yetişməsindən, eyni dövrdə eyni mühitdə yaşamasından irəli gəlir. Qonçarov məhkəmənin qərarıyla razılaşmağa məcbur oldu, Turgenev isə bundan sonra onunla əlaqəsini biryolluq kəsdi.

Qonçarovun yazdığına görə, Belinski bir dəfə Turgenevin yanında onun ilk romanı (“Adi əhvalat”) haqqında deyibmiş ki, bu romanı şaqqalayıb ondan on povest çıxarmaq olar, o (yəni Qonçarov) isə hamısını bir çərçivəyə sığdırıb. İvan Aleksandroviç bu fikirdəydi ki, İvan Sergeyeviç məhz həmin üsuldan yararlanıb, “Uçurum” romanını doğrayıb-çapmaqla ondan nə az, nə çox, düz üç roman çıxarıb - “Dvoryan ocağı”, “Ərəfə”, bir də “Atalar və oğullar”. Həm də təkcə məzmunu, xarakterləri yox, əsərin planını da mənimsəyib!

Xarakter, süjet, məzmun bənzərliyi öz yerində - bu məsələlərlə bağlı inandırıcı olan da, olmayan da arqumentlər var. Ancaq bir mühüm məsələni unutmaq olmaz ki, bu iki böyük yazıçının ideya-fəlsəfi, mənəvi-etik (bunları açıq mətnlə, çılpaq dillə bəyan eləməsələr belə), hətta ictimai-siyasi baxışları arasında bəzən bir-birinə daban-dabana zidd gedən ciddi fərqlər də var. “Oblomov”, “Atalar və oğullar” romanlarından danışanda biz bu fərqlərə yüngülcə toxunmuşduq, hətta Çexovun “Altı nömrəli palata” povestini Oblomovla Bazarovun - stoiklə anarxistin dialoqu kimi izah eləməyə çalışmışdıq. Bəli, Oblomovun antipodu Bazarova bənzər obraz “Uçurum” romanında var, ancaq gəlin görək, Qonçarovun durduğu ideya-fəlsəfi platformadan həmin obraz necə görünür? Əminəm ki, bu sualın düzgün cavabı 166 il bundan qabaq keçirilmiş yoldaşlıq məhkəməsinin qərarından daha maraqlı, daha ötədir.

***

Qonçarovun üç romanı var. Hər biri müstəqil əsər olsa da, müəllif bu romanları bir-birinin davamı, eyni bir əsərin qolları, yəni bir növ trilogiya sayırdı. Maraqlıdır ki, orijinalda romanların adları da eyni hərflərlə, daha doğrusu, “ob” hissəciyi ilə başlayır: “Obıknavennaya istoriya”, “Oblomov”, “Obrıv”. Üçüncü romanın adı dilimizə bəlkə “Yamac”, “Yarğan” kimi də çevrilə bilər, ancaq əsərin məzmunundan, adın rəmzi mənasından yola çıxsaq, məncə, “Uçurum” daha doğru variantdır. Əsərlərdən həcmcə ən böyüyü, süjet, kompozisiya baxımından ən mürəkkəbi də elə bu romandır. Qonçarov “Uçurum”u fasilələrlə iyirmi ilə yazıb bitirib. Əsər “Oblomov”dan düz on il sonra - 1869-cu ildə işıq üzü görüb. On ildən bir bar verən ağac kimi müəllif təqribən iyirmi bir-iyirmi iki il ərzində üç sanballı roman ərsəyə gətirib, bununla da dünya ədəbiyyatının altun kitabına adını qızıl hərflərlə yazdırıb.

“Uçurum” yəqin ki, məhəbbət romanı sayılmalıdır, çünki bu kitabda bir xeyli məhəbbət xətti, sevgi epizodu, qadın-kişi, erkək-dişi rabitəsi var. Doğrudur, bu münasibətlərin hamısına anladığımız mənada məhəbbət demək olmaz, bunların arasında saf, məsum mömin sevgi də, sadədil itaətkarlıq da, çılğın romantik ehtiras da, yırtıcı heyvani instinkt də, qadına antik üslubda baxış da, nikaha bəzən anarxist, bəzən utilitarist münasibət də, klassik ailə institutuna konservativ sədaqət də, ənənəyə liberal xəyanət də var. Xülasə, hər cür sifətiylə, hər cür üzüylə əldən-ələ, candan-cana, nəsildən-nəslə keçən məhəbbət. Qonçarov hər “növ” məhəbbətə aid psixoloji portret, dolğun xarakter yaratmağı bacarıb, onu yaşadığı dövrün ən böyük psixoloqlarından biri sayanlar bu baxımdan tam haqlıdırlar. Ədəbiyyatşünaslar “Uçurum” romanını məhz psixoloji roman kimi xarakterizə eləyirlər.

Roman beş bölümdən ibarətdir. Birinci bölümdə hadisələr Peterburqda cərəyan eləyir. Otuz beş yaşlı dvoryan Boris Pavloviç Rayski öz mənzilində qırx yaşlı məmur dostu Ayanovla söhbətləşir. Onlar Rayskinin qohumu Sofya Belovodskayanı ziyarətə getməyə hazırlaşırlar. Sofya iyirmi dörd yaşlı dul qadındır. Anası onun toyunu görmədən ölüb, atası sərvətini qadınlara xərcləyib. Belovodskaya iki varlı bibisiylə yaşayır, Rayski onunla söhbətləşdiyi müddətdə bibilər Ayanovla kart oynayırlar. Təbiətcə romantik olan Rayskini durğun həyat darıxdırır, o bilmək istəyir ki, mərmər heykəllər kimi soyuq, laqeyd qohumu nə vaxtsa duyğu tufanı, ehtiras fırtınası qoparmağa qadir olacaqmı? Boris Sofyanı ənənə buxovlarını qırmağa, həyatından zövq almağa, sevməyə, əzab çəkməyə çağırır. Rayski peşəkar səviyyəyə çatmamış rəssamdır, Sofyanın portretini çəkmək istəyir, bundan ötrü qadının hisslərini coşdurmağa, onu incəsənət obyektinə çevriləcək bir hala gətirməyə çalışır.

Fəqət Rayskinin yaradıcı arzuları bir portretin dar çərçivəsinə sığmır, onun daha böyük planı var: Boris Pavloviç özünü yazıçı kimi sınaqdan çıxarmaq, roman yazmaq niyyətindədir. Bunun üçün də zəngin həyat materialı toplamalı, dərin, təlatümlü duyğular okeanına baş vurmalıdır. Ta uşaqlıqdan onun ədəbiyyata, rəssamlığa, musiqiyə marağı var, daha dəqiqi, Rayskini incəsənətdən, gözəllikdən savayı heç nə maraqlandırmır. Məhz buna görə on ildən bəri yaşadığı Peterburqda qulluğundan da istefa verib. Ata-anasını uşaqkən itirdiyindən Boris qohumlarının himayəsində böyüyüb. Məktəbdə oxuyanda alman müəllimi Borisi bir cümləylə belə xarakterizə eləyərmiş: “Onun qabiliyyəti heyrət doğurur, tənbəlliyi isə bundan da heyrətamizdir”. Qonçarov özü də deyirdi ki, Rayski yatağından qalxıb həyatın içinə yerimiş Oblomovdur.

Davamı növbəti sayımızda

F.Uğurlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
yeniazerbaycan.com

2Mənbələr