AZ

Savaş Biləsuvara çatdı

Germi, Ərdəbil və Biləsuvardakı bir neçə hərbi obyektə hücumlar; İran səfiri: “Azərbaycanın humanitar yardım göndərdiyi bir məqamda sərhəd bölgələrinin hava hücumuna məruz qalması nə ilə izah olunur?”

ABŞ-İsrail hərbi aviasiyası İranın Azərbaycanla sərhəd məntəqələrinə zərbələr endirməyə başlayıb. Belə ki, Germi, Ərdəbil və Biləsuvardakı bir neçə hərbi obyektə hücumlar edilib. İlkin məlumatlara görə, Azərbaycanla sərhəd məntəqələrində baş verən hücumlar nəticəsində üç nəfər ölüb, üç nəfər isə yaralanıb. Xəbəri Tribuna.az yayıb.

Bildirilir ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bununla bağlı paylaşım edib. “Azərbaycanın İranla həmrəylik və dəstəyinin rəmzi olan üçüncü humanitar yardımın göndərildiyi bir məqamda, İran və Azərbaycanın sərhəd bölgələrinin (Germi, Aslandüz və Biləsuvar) hava hücumuna məruz qalması nə ilə izah olunur? Cavab bəllidir: Düşmənlərin bu birliyi və həmrəyliyi gözü götürmür!”

Rusiyadan

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, İranın öz mövqeyində möhkəm dayanması və İsrail-ABŞ hücumlarına qətiyyətli cavabların verilməsi müharibə vəziyyətini daha da gərginləşdirir: “ABŞ hərbi əməliyyatlara başlayanda müharibənin bu qədər uzun çəkəcəyini və İranın belə güclü hərbi gücə malik olduğunu düşünməmişdi. Amma reallıq odur ki, ABŞ müharibənin dayandırılması üçün şərtlər irəli sürsə də, İran rədd edir və öz şərtləri çərçivəsində müharibənin başa çatacağını bildirir. Bu həm də İranın ABŞ-yə meydan oxuması deməkdir. Həm də Donald Tramp dialoq yolu ilə münaqişənin həll edilməsinə vaxt verib psixoloji təzyiq göstərməyə çalışsa da, bu, İranı sındırmayıb və müharibənin ancaq hansı halda başa çata biləcəyini açıq şəkildə bəyan edir. Təbii ki, belə bir halın davam etməsi ABŞ-ni hücumların əhatə dairəsini genişləndirməyə məcbur edir. Bu baxımdan İranın sərhədləri çərçivəsində hədəflərinin genişləndirilməsi, o cümlədəm Germi, Ərdəbil və Biləsuvardakı bir neçə hərbi obyektə zərbələrin endirilməsi müharibənin əhatə dairəsinin genişlənməsi deməkdir. İndi ABŞ-nin İrana danışıqlar üçün  verdiyi vaxtın başa çatması müharibənin daha da dərinləşəcəyinə və bütün əraziləri əhatə edəcəyinə olan ehtimalları artırır. Burada nüfuz məsələsi əsas rol oynayır. Yəni ABŞ müharibədən uduzmuş çıxsa, bu, dünyada onların reytinqinə böyük zərbə olmuş olar. Ona görə də ABŞ hücumların çərçivəsini genişləndirməklə yenə də İranı atəşkəsə məcbur etməyə davam edəcək. Amma İranın öz sözündən geri çəkiləcəyi görünmür”.

Deputat onu da qeyd etdi ki, Azərbaycanla sərhəd ərazilərin bombalanmasının Azərbaycan-İran münasibətlərinə bir aidiyyəti yoxdur: “Azərbaycan İranla yaxın qonşudur və münaqişənin dinc yolla ədalətli həll olunmasını dəstəkləyir. Həm də Azərbaycan İranda müharibədən əziyyət çəkən bölgələrə humanitar yardımlar göndərir və digər humanitar yardım göndərmək istəyən tərəfdaşlara da öz ərazisindən keçməsinə dəstək göstərir. İran əhalisinin 30%-i azərbaycanlılardır. Təbii ki, hər bir azərbaycanlıya dəyən balaca bir zərər hər birimizi düşündürür və müharibənin çərçivələrinin genişlənməməsi üçün dialoqa üstünlük verilməli olduğuna çağırış edirik. Biz 30 il müharibəni yaşamışıq və bunun nə olduğunu yaxşı bilirik. Ona görə də silahların işləməsinə qarşıyıq və ölkələrin suveren hüquqları çərçivəsində münaqişələrin həll olunmasını  müdafiə edirik”.

Trampın

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Azərbaycan-İran sərhədində baş verən hücumlar yalnız lokal hərbi insident deyil, həm də humanitar, diplomatik və regional təhlükəsizlik baxımından ciddi əhəmiyyət kəsb edir: “Bu hadisələrin ən vacib aspektlərindən biri Azərbaycanın humanitar yardım karvanlarının regionda həyata keçirilməsidir. Belə humanitar dəstək təşəbbüsləri təkcə daxili ehtiyacları qarşılamaqla kifayətlənmir, həm də beynəlxalq təcrübədə olduğu kimi - Ukrayna, Suriya və digər münaqişə zonalarında müşahidə edildiyi kimi - bölgədə humanitar mövqenin, həmrəylik və tərəfsizliyin nümayişi rolunu oynayır. Humanitar yardımın məqsədi münaqişənin zərərini azaltmaq, əhalini qorumaq və humanitar prinsipləri təmin etməkdir. Ona görə də bu karvanların və ya yardımların hədəfə alınması hər hansı bir tərəf üçün ciddi narahatlıq doğurur və beynəlxalq hüquq baxımından da qəbuledilməzdir.

Eyni zamanda sərhəd bölgələrinə endirilən zərbələrin humanitar yardımla birbaşa əlaqəsi barədə hər hansı dəqiq məlumat yoxdur. ABŞ və İsrailin adı hallandırılan hərbi aviasiya əməliyyatlarının məqsədinin humanitar dəstəyi əngəlləmək olub-olmadığı məlum deyil. Bu səbəbdən hadisələrin qiymətləndirilməsi zamanı ehtiyatlı olmaq və bütün mümkün aspektləri nəzərə almaq vacibdir. Lakin zərbələrin məqsədinin nə olmasından asılı olmayaraq nəticə dəyişmir. İranda yaşayan 40 milyona yaxın soydaşımızın yaşadığı ərazilərin zərbə altında qalması, humanitar vəziyyətin daha da mürəkkəbləşməsi narahatlıq doğurur.

Azərbaycanın mövqeyi bu kontekstdə aydın və tərəfsiz olaraq qalır. Ölkə həm İrana qarşı üçüncü tərəfin hücumlarının Azərbaycan ərazisindən keçirilməsinə imkan vermir, həm də sərhəddən İrana silah və sursatın ötürülməsində iştirak etmir. Bu mövqe Azərbaycanın həm regional, həm də beynəlxalq hüquq çərçivəsində prinsipial şəkildə neytral qalmaq və münaqişənin genişlənməsinə imkan verməmək strategiyasını göstərir. Azərbaycanın əsas məqsədi humanitar yardımların təhlükəsizliyini təmin etmək, münaqişənin yayılmasının qarşısını almaq və hər iki tərəf üçün gərginliyi minimuma endirməkdir".

Ekspert dedi ki, ümumilikdə, sərhəd bölgələrində baş verən hücumlar humanitar və təhlükəsizlik aspektlərini birləşdirən mürəkkəb məsələdir: “Azərbaycanın humanitar təşəbbüsləri həm daxili, həm də regional əhəmiyyət daşıyır, humanitar yardımların hədəf alınması isə prinsipial olaraq doğru deyil. Eyni zamanda bir daha təkrar edim ki, zərbələrin humanitar yardıma birbaşa yönəlmiş olub-olmaması da məlum deyil. Narahatlığımız Cənubi Azərbaycan ərazilərində mülki əhalinin təhlükədə qalması və mülki infrastrukturlarla bağlı risklərin artması ilə bağlıdır və düşünürəm ki, Azərbaycan bu istiqamətdə öz diplomatik imkanlarından istifadə edərək yardımın təhlükəsiz çatdırılmasını təmin edə biləcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat"

 

Seçilən
20
musavat.com

1Mənbələr