AZ

Qızıl atəşkəs xəbəri ilə yüksəlir

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Trump ilə İran arasında iki həftəlik atəşkəs razılaşması qlobal bazarlarda əhəmiyyətli dalğalanmalara səbəb olub. Xüsusilə bu qərardan sonra qızıl qiymətlərində kəskin artım qeydə alınıb.

Banco.az xəbər verir ki, əvvəlki sessiyada 1,2% yüksələn qızılın qiyməti daha sonra 3,1% artaraq bir unsiya üçün 4850 dollardan yuxarı qalxıb.

Donald Tramp sosial media hesabında paylaşım edərək, İranın “bütün sivilizasiyasını” məhv etməyə yönəlmiş son tarixdən cəmi iki saat əvvəl bombardman kampaniyasını dayandırmağa razılaşdığını bildirib. O, həmçinin atəşkəsin əsas şərtlərindən birinin Hörmüz boğazı vasitəsilə nəqliyyatın bərpası olduğunu vurğulayıb. İran tərəfi isə boğazdan təhlükəsiz keçidin iki həftə ərzində mümkün olacağını açıqlayıb.

Eyni zamanda, neft qiymətlərinin bir barel üçün 100 dollardan aşağı düşməsi və dolların zəifləməsi qızılın bahalaşmasını daha da sürətləndirib. Bu fonda qlobal fond bazarlarında da müsbət dinamika müşahidə olunub və səhmlər 2%-dən çox artıb.

Maraqlıdır ki, Yaxın Şərqdə münaqişə başladıqdan sonra qızıl ənənəvi təhlükəsiz liman statusuna baxmayaraq, bir müddət səhmlərlə paralel hərəkət edib. Ekspertlər bunu investorların portfellərindəki itkiləri kompensasiya etmək məqsədilə qızıl aktivlərini satması ilə izah edir.

Artıq altıncı həftəsinə daxil olan münaqişə enerji bazarlarında ciddi qiymət artımına və inflyasiya risklərinin güclənməsinə səbəb olub. Bu isə mərkəzi bankların siyasətinə təsir göstərir. Belə ki, investorlar Federal Ehtiyat Sistemi tərəfindən ilin qalan hissəsində faiz dərəcələrinin sabit saxlanılacağını gözləyirlər.

Qeyd edək ki, qızıl fevral ayının sonlarında müharibə başlayandan bəri ümumi dəyərinin təxminən 10%-ni itirmişdi. Son bahalaşma isə bu itkilərin bir hissəsinin bərpa olunduğunu göstərir. Digər qiymətli metallar da artım nümayiş etdirib – gümüş 5,4% yüksələrək 76,92 dollara çatıb.

Seçilən
20
1
banco.az

2Mənbələr