
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, aprelin 10-dək bəzi ərazilərdə arabir güclənən külək əsəcəyi, havanın yağıntılı keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi, qeyd olunanları nəzərə alaraq, müvafiq təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Bildirilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
“Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.