AZ

"Novruz tacik xalqı üçün yenilənmə və harmoniya dövrüdür" - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Bu gün Tacikistanın ölkəmizdəki Səfirliyinin təşəbbüsü ilə Bakıda Beynəlxalq Novruz bayramına həsr olunmuş “Chakan Fashion Show” - əsrləri aşan ənənə uçuşu” adlı mədəni tədbir keçirilib.

Hafta.az yazır ki, diplomatik korpusun, beynəlxalq təşkilatların, millət vəkillərinin, eləcə də Azərbaycanda təhsil alan tacik tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmon deyib ki, Beynəlxalq Novruz bayramı xalqın zəngin mənəvi və mədəni irsi olmaqla yanaşı, dost xalqları – tacikləri, azərbaycanlılari və qonşu ölkələrin digər xalqlarını birləşdirir. Novruz baharın başlanğıcını, təbiətin dirçəlişini simvolizə edir, xalqlar arasında dostluq, yaradıcı əməkdaşlıq və həmrəylik ruhunu təşviq edir.

“Beynəlxalq Novruz bayramı xalqların zəngin mənəvi və mədəni irsi olaraq tacikləri, azərbaycanlıları və digər qonşu ölkələrin xalqlarını birləşdirir” deyən səfir qeyd edib ki, qədim Novruz bayramı milli ənənələrin və ölkənin zəngin mədəni irsinin mühüm bir hissəsi kimi Azərbaycanda da geniş şəkildə qeyd olunur.

“Buna görə də bugünkü tədbirin Azərbaycanda keçirilməsi, regionumuzun xalqlarını qədimdən birləşdirən ümumi tarixi və mədəni ənənələri əks etdirərək, bizim üçün xüsusilə rəmzi məna daşıyır", - diplomat deyib.

Səfir qeyd edib ki, tacik xalqı üçün Novruz yenilənmə və harmoniya dövrüdür, onu yeni bayram geyimində qarşılamaq ənənəsi isə həyatın yeni, işıqlı mərhələsinin başlanğıcını simvolizə edir. “Çakan” kolleksiyasının təqdimatı məhz bu ənənə ilə bağlıdır.

O vurğulayıb ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “çakan” tikiş sənəti dünya mədəniyyətinin mühüm hissəsidir və tacik xalqının fəlsəfəsini, tarixini və mənəvi aləmini əks etdirir.

Daha sonra istedadlı tacik dizaynerlər Xurşed Sattorov, Vays Asoyev və Sulxiya Qulomova tacik milli mədəniyyətinin yüksək sənətkarlığını və bədii irsini əks etdirən “Çakan”, “Nuri Bədəxşon” və “Xorasan nəğməsi” adlı kolleksiyalarını nümayiş etdiriblər.

Nümayişdən sonra tanınmış tacik incəsənət ustaları - Cahongir Zaripov və Tacikistanın məşhur müğənnisi, şeşməqam ifaçısı Xurşed İbrohimzoda tərəfindən təqdim olunan mahnı və melodiyalar Azərbaycan tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın gözəl ifası, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (xoreoqraf Vüsalə Babayeva) və “Xəzər” Universitetinin rəqs qrupu (xoreoqraf Xanım Kərimzadə) tərəfindən təqdim olunan tacik rəqsləri iştirakçılarda böyük sevinc və coşğu yaradıb.

Qeyri-rəsmi hissədə qonaqlara qədim tacik ənənələrinə uyğun bayram süfrəsi təqdim edilib: yeddi növ yemək və şirniyyat - “ҳaft sin” (“S” hərfi ilə başlayan 7 element) və “ҳaft shin” (“Ş” hərfi ilə başlayan 7 element).

Seçilən
0
1
hafta.az

2Mənbələr