“Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi məqsədilə elan edilmiş satınalma müsabiqəsi dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, ehtimal olunan qiyməti 405.922,50 AZN olan bu tenderin ləğv edilməsinə dair qərar rəsmiləşdirilib.
Məlumata görə, satınalmanın ləğv edilməsinə səbəb “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsidir. Belə ki, müsabiqədə iştirak etmək üçün tələb olunan lisenziyaya sahib olan və lazımi sənədləri təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün komissiya qanunvericiliyə uyğun olaraq tenderin ləğvi barədə qərar qəbul edib. Hazırda satınalma prosesinin dayandırıldığı və qanunun tələblərinə əsasən müvafiq protokolun təsdiqlənmədiyi bildirilir.
Xatırladaq ki, Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanovudur.
O, bu vəzifəyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə təyin edilib. Elnur Azadxanov bu təyinatdan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. /32gun.az/