AZ

Əhəd Məmmədli: Bəzi məsul qurumların məmurları fəaliyyətindən yaranan fəlakət lərə Yaz gələr, yonca bitər prinsipi ilə yanaşır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Tarix boyu bəzi istefalar təkcə bir vəzifənin tərk edilməsi deyil, bütöv siyasi sistemlərə təsir edən dönüş nöqtələri kimi yadda qalıb. Tarixdə diqqət çəkən hadisələrdən biri Böyük Britaniyada səhiyyə naziri Matt Hancockun 2021-ci ildə pandemiya qaydalarını pozduğunun üzə çıxmasından sonra istefa verməsi idi. İctimaiyyət bu addımı əsasən müsbət qarşıladı. Çünki cəmiyyət üçün tətbiq olunan qaydalara əməl etməyən bir məmurun vəzifədə qalması qəbuledilməz sayıldı.

Almaniyada müdafiə naziri Karl-Theodor zu Guttenberg, 2011-ci ildə doktorluq dissertasiyasında plagiat faktları üzə çıxdıqdan sonra istefa verdi. Bu hadisə göstərdi ki, təkcə siyasi yox, akademik etik pozuntular da yüksək vəzifəli şəxslər üçün ciddi nəticələr doğura bilər.

Azərbaycanda kiminsə istefa etdiyini görmüsünüzmü?

“Ağ Partiya” başqan müavini, politoloq Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hələ 2011–2012-ci illərdə Keşlədə yağan güclü yağışlardan sonra insan ölümü baş vermişdi, həmin dövrdə Türkiyə və digər ölkələrdə yağan yağışın miqdarı ilə Azərbaycandakı göstəricilər müqayisə olunmuşdu: “Məsələn; Amerikada qasırğa və ya tayfun zamanı 13 nəfər ölür. Bizdə isə adi bir yağış zamanı körpüdə iki nəfər həlak oldu. Bu vəziyyət illərdir davam edir. Bizdə belə düşünülür ki, yağışdır, 5–6 gün davam edəcək, sonra hər şey yaddan çıxacaq. Bir də sentyabrda yada düşəcək. Sentyabra qədər də "yaz gələr, yonca bitər" prinsipi ilə yanaşılır”.

Əhəd Məmmədli hesab edir ki, Azərbaycanda istefa mədəniyyəti formalaşmayıb. Politoloqun sözlərinə görə, bu da hüquqi dövlət mexanizmləri ilə əlaqəlidir: “Hüquqi dövlətlərdə vəzifə ilk növbədə məsuliyyət deməkdir. Vəzifəyə təyin olunan şəxs anlayır ki, gördüyü işə görə cavabdehdir. Bizdə isə vəziyyət fərqlidir. Vəzifə çox vaxt xüsusi maşın, katibə, ev, mənzil, villa, xaricə səfərlər kimi imtiyazlarla əlaqələndirilir. Bu səbəbdən vəzifəyə məsuliyyət kimi yox, rahatlıq və imkan kimi baxılır. Ona görə də insanlar bu vəzifələrdən asanlıqla imtina etmək istəmirlər. Heç kim könüllü şəkildə istefa vermir, yalnız vəzifədən kənarlaşdırıldıqdan sonra gedir. Çünki bu vəzifələrə çox zaman varlanmaq vasitəsi kimi yanaşılır. İndi isə vəziyyət daha da dəyişib. Hətta kiminsə istefa vermək istəyi olsa belə, bu qərarı vermək real görünmür. Çünki vəzifəyə təyinat da, vəzifədən azad edilmə də fərqli mexanizmlərlə həyata keçirilir. Bu isə sistem daxilində fərdi qərarların rolunu minimuma endirir. Sistemə daxil olan asanlıqla ondan kənara çıxa bilmir. Bu baxımdan vəzifə sahibi anlayışı da dəyişib. Nazir səviyyəsində olan şəxslər daha çox idarəçi funksiyası daşıyır və geniş səlahiyyətlərə malik olmurlar. Bu da məsuliyyət hissinin zəifləməsinə gətirib çıxarır”, – deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr