AZ

Mərkəzi Asiya və Azərbaycan dizaynerləri ekoloji moda nümayişində bir araya gələcək

Astana, 7 aprel, AZƏRTAC

Aprelin 23-də Astanada keçiriləcək “RES 2026 EXPO” beynəlxalq ekoloji texnologiyalar sərgisi çərçivəsində “Green Runway Fashion Show” adlı ilk beynəlxalq ekoloji moda nümayişi baş tutacaq. Bu tədbir Mərkəzi Asiya və Azərbaycanın aparıcı dizaynerlərini bir araya gətirəcək.

AZƏRTAC təşkilatçılara istinadla xəbər verir ki, tədbir ilk dəfə olaraq regional modanı beynəlxalq platformada dayanıqlı inkişaf kontekstində təqdim edəcək.

Nümayişin əsas xüsusiyyəti canlı bitkilər və təbii elementlərdən istifadə olunmaqla qurulan unikal səhnə tərtibatıdır. Bu yanaşma “canlı məkan” effekti yaradır və moda ilə təbiət arasındakı qarşılıqlı əlaqəni vurğulayır. Format estetik yanaşmanın ekoloji məsuliyyət və regionun mədəni kodu ilə vəhdətdə təqdim olunduğu yeni sənaye modelini nümayiş etdirir.

İştirakçılar arasında Gülnarə Xəlilova (Azərbaycan), Tatyana Vorotnikova (Qırğızıstan), Leyli Haydova (Türkmənistan), Yelena Ladik (Özbəkistan), Xurşed Satorov və Nafisə İmranova (Tacikistan), Aydarxan Kaliyev (Qazaxıstan) yer alır.

Hər bir dizayner üç konseptual istiqamət üzrə 10-12 obrazdan ibarət kolleksiyalar təqdim edəcək: “Eco-Heritage” – təbii parçalar və boyalardan istifadə etməklə ənənəvi geyimin yenidən interpretasiyası; “Upcycling & Recycling” – təkrar emal olunmuş materiallardan geyimlərin hazırlanması; “Bio-Design” – nadir bitkilərin, o cümlədən Qırmızı kitaba daxil edilmiş növlərin təsvirlərinin və təbii materialların istifadəsi.

“Green Runway Fashion Show” dizaynerlər, ekoloqlar, investorlar və dövlət qurumlarının nümayəndələri arasında dialoq platforması olacaq. Eyni zamanda, Mərkəzi Asiya və Azərbaycanın dayanıqlı moda və kreativ sənayelər sahəsində potensialını nümayiş etdirəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 22–24 aprel tarixlərində Astanada Regional Ekoloji Sammit-2026 çərçivəsində keçiriləcək “RES 2026 EXPO” beynəlxalq sərgisinin rəsmi media tərəfdaşıdır.

Sərgidə 30 ölkədən təxminən 300 şirkətin iştirakı nəzərdə tutulur, ziyarətçilərin sayının isə 20 mindən çox olacağı gözlənilir.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
21
1
azertag.az

2Mənbələr