AZ

Suriyada parlamentin formalaşması yekunlaşır, Azərbaycanla İşçi Qrupu yaradılacaqmı? 

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Xalq Məclisinin formalaşması prosesi davam edir.

Qeyd edək ki, yerli qanunvericiliyə görə, Xalq Məclisinə ümumilikdə 210 deputat seçilir. Seçki kollegiyaları deputatların üçdə ikisini (140 üzv) seçir, qalan üzvləri isə keçid dövrünün müvəqqəti Prezidenti Əhməd əl-Şaraa təyin edir. Xatırladaq ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk parlament seçkiləri payız aylarında keçirilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Suriyada Xalq Məclisinin aprel ayında tam formalaşması gözlənilir. Bundan sonra Azərbaycan-Suriya Parlamentlərarası İşçi Qrupu formalaşaqmı? sualının cavabına gəlincə, bu barədə hələ ki, yeni məlumat yoxdur.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Musavat.com-a şərhində bildirib ki, Azərbaycan-Suriya əlaqələri inkişaf edir. Deputat xatırladıb ki, ölkə liderlərinin bir neçə dəfə görüşü olub:

“Suriyanın hazırkı rəhbəri Azərbaycanda səfərdə olub, Cənab Prezidentlə fikir mübadiləsi aparıb. Tərəflər davamlı olaraq təmasdadırlar. Azərbaycan Suriyanı qazla təmin edir. Məlum olduğu kimi, Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və ya zədələnmiş məktəblərin tikintisi və təmirinə dəstək göstərəcək. Belə ki, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən Azərbaycan Respublikası tərəfindən Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisi və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmiri həyata keçiriləcək. Bir sıra istiqamətlərdə də sərmayə yatırılması məsələsi gündəmdədir”.

Azərbaycanla Suriya arasında parlamentlərarası əlaqələrin qurulması barədə danışan deputat bildirib ki, iki ölkə arasında əldə olunan razılaşmadan asılı olaraq, bu məsələ nəzərdən keçirilə bilər:

“Hazırda Azərbaycanla Suriya arasında əlaqələr prezidentlər və hökumətlər səviyyəsindədir. Hesab edirəm ki, gələcəkdə parlamentlər arasında əlaqələrin qurulması, Dostluq Qrupunun yaradılması məsələsi gündəmə gələ bilər. Bu, proseslərin inkişafından asılıdır”.

Nigar Həsənli
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr