AZ

İran UNESCO-ya müraciət etdi: Tarixi-mədəni abidələrimizi qoruyun...

Tehran ABŞ və İsrailin zərbələri fonunda beynəlxalq ictimaiyyəti təcili tədbirlərə çağırır...

Poliqon xəbər verir ki, İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi-Əmiri UNESCO-nun Baş direktoruna təcili rəsmi məktub ünvanlayıb. İRNA Agentliyinin məlumatına görə, Tehran məktubda ABŞ və İsrail tərəfindən ölkənin dəmir yolu infrastrukturuna mümkün zərbələrə dair səslənən təhdidlərdən ciddi narahatlığını ifadə edib.

Nazir bildirib ki, xüsusilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Transiran dəmir yoluna yönələcək hər hansı hücum təkcə İrana qarşı deyil, bütün bəşəriyyətin mədəni və mühəndislik irsinə qarşı açıq aqressiya kimi qiymətləndirilməlidir. O vurğulayıb ki, belə addımlar beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir və qarşısının alınması üçün təcili, təsirli tədbirlər görülməlidir.

Məktubda qeyd olunub ki, Transiran dəmir yolu yalnız nəqliyyat infrastrukturu deyil, həm də memarlıq və mühəndislik sahəsində nadir nailiyyətdir. Bu layihə onilliklər ərzində iranlı və avropalı mütəxəssislərin birgə səyi nəticəsində formalaşıb və regionda texnoloji inkişafın mühüm simvolu hesab olunur.

Salehi-Əmiri UNESCO-ya xatırladıb ki, sözügedən dəmir yolu 2021-ci ildə Çində keçirilmiş Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasında üzv dövlətlərin tam konsensusu ilə siyahıya daxil edilib. Bu fakt onun beynəlxalq səviyyədə tanınmış universal dəyərə malik olduğunu bir daha təsdiqləyir.

İRNA Agentliyinin məlumatına əsasən, Transiran magistralı ölkənin şimalında yerləşən Xəzər dənizini cənubdakı Fars körfəzi ilə birləşdirir və mürəkkəb dağ silsilələri, çətin relyef və müxtəlif iqlim zonalarından keçərək unikal mühəndislik nümunəsi kimi seçilir. Layihə həmçinin İran ənənələri ilə Qərb texnologiyalarının uğurlu sintezinin bariz nümunəsi hesab olunur.

Rəsmi Tehran beynəlxalq ictimaiyyəti bu irsin qorunması üçün daha fəal mövqe tutmağa çağırıb və mümkün hücumların qarşısının alınmasının yalnız regional deyil, qlobal məsuliyyət olduğunu vurğulayıb.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr