ain.az bildirir, Redaktor.az portalına istinadən.
"Son 5-6 il ərzində peşə təhsili istiqamətində yüksələn xətt üzrə inkişaf müşahidə olunur və təbii ki, bu inkişafın təməlində məhz dövlət başçısının müvafiq sərəncamı ilə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi, eyni zamanda peşə təhsilinə dövlət tərəfindən xüsusi diqqət və qayğı dayanır. Təsadüfi deyil ki, əvvəlki illərlə müqayisədə bu il, ümumiyyətlə son illər ərzində peşə təhsilinə kifayət qədər müraciət qeydə alınır".
Bu fikirləri Redaktor.az-a peşə təhsili haqqında danışan təhsil eksperti Elçin Əfəndi səsləndirdi. Onun sözlərinə görə, hazırda ölkəmizdə 79 peşə təhsil mərkəzi fəaliyyət göstərir və ümumilikdə 41 min tələbə 159 peşə ixtisası üzrə təhsil alır. Onların təhsil prosesində 3500 nəfərdən çox pedaqoji heyət iştirak edir.
"Bildiyiniz kimi, ötən ilin dekabr ayında dövlət başçısının müvafiq sərəncamı əsasında 2030-cu ilə qədər 20-dən çox yeni peşə təhsil mərkəzinin yaradılması və iki peşə təhsil mərkəzinin yenidən qurulması ilə bağlı tapşırıq verilib. Bu da onu deməyə əsas verir ki, 2030-cu ilə qədər ölkədə peşə təhsil mərkəzlərinin sayı 100-ə çatdırılacaq. Əlbəttə ki, peşə təhsilinin üstünlükləri çoxdur. İlk növbədə qeyd etmək lazımdır ki, hər hansı bir şəxs 2-3 il orta ixtisas təhsili və ya 4 il ali təhsil aldıqdan sonra əmək bazarında iş tapmaqda müəyyən çətinliklərlə üzləşir. Peşə təhsili istiqamətində isə bir çox ixtisaslar üzrə təhsil alan şəxslər daha erkən əmək fəaliyyətinə başlamaq imkanı əldə edir. Məsələn, aşpazlığı, gözəllik ustalığını, qaynaqçını, elektriki, xidmət təsərrüfatı istiqaməti üzrə ixtisasları, kompüter sahəsini bitirənlər qısa müddət ərzində əmək fəaliyyətinə başlayır. Bəziləri maksimum bir il ərzində, xüsusilə də 11 illik təhsil bazası ilə qəbul olunanlar, 9 illik təhsil bazası ilə daxil olanlar isə 2 il ərzində peşə təhsilini bitirərək iş həyatına qoşulur. Eyni zamanda peşə təhsilində dual təhsil modeli tətbiq olunur. Bu model çərçivəsində tələbələr həm əmək fəaliyyətinə cəlb olunur, həm də ixtisas üzrə bilik və bacarıqlarını inkişaf etdirir. Onlar müvafiq müəssisələrdə istehsalat təcrübəsi keçir və həmin müəssisələrdə işə başlamaq imkanı qazanır", - deyə müsahibimiz əlavə etdi.
Elçin Əfəndi qeyd etdi ki, peşə təhsilinin bir çox üstünlükləri var və cəmiyyət bu üstünlüklərdən mütləq faydalanmalıdır:
"Respublikanın müxtəlif bölgələrində müasir innovasiyalara və beynəlxalq standartlara cavab verən peşə təhsil mərkəzləri yaradılır. Hətta bəzi peşə təhsil mərkəzləri istər paytaxtda, istərsə də bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən daha geniş əraziyə və daha müasir infrastruktura malikdir. Bütün bunlar göstərir ki, dövlət tərəfindən peşə təhsilinə xüsusi diqqət və qayğı var. Bununla belə, cəmiyyətdə hələ də müəyyən stereotiplər qalmaqdadır və bu stereotipləri tam aradan qaldırmaq mümkün olmur. Cəmiyyət bəzən peşə təhsilinə yetərincə ciddi yanaşmır.
Bu vəziyyət əvvəlki dövrlərdə peşə təhsilinə marağın və diqqətin az olması ilə bağlıdır. Son illərdə dövlət tərəfindən bu sahəyə yatırımların artması və diqqətin gücləndirilməsi isə tədricən bu istiqamətə marağı artırır. İnsanlar hələ də ali təhsil almaqda maraqlı qalır. Lakin nəzərə almaq lazımdır ki, məsələn, 150 və ya 250 balla hər hansı ixtisasa qəbul olub 4 il vaxt sərf etdikdən sonra iş tapa bilməməkdənsə, peşə təhsili istiqamətində 6 ay, 1 il və ya maksimum 2 il təhsil alaraq daha erkən əmək fəaliyyətinə başlamaq daha çox üstünlük qazandırır. Bu amilləri nəzərə alaraq hesab edirəm ki, vətəndaşlar peşə təhsilinə daha çox maraq göstərməlidir. Xüsusilə bölgələrdə yaşayan insanlar peşə təhsili almalı, həm öz inkişaflarına, həm də yaşadıqları ərazinin və rayonun inkişafına töhfə verməlidirlər".
NURİYYƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.