AZ

Hindistan əhalinin siyahıyaalınmasına başlayır  

Hindistan hökuməti ölkənin 1,4 milyarddan çox əhalisini əhatə edəcək növbəti ümummilli siyahıyaalma prosesinə start verir. Pandemiya və inzibati səbəblərə görə təxirə salınan bu proses son 16 ildə ilk dəfə keçiriləcək.

CNN xəbər verir ki, qarşıdakı bir il ərzində 3 milyondan çox əməkdaş qapı-qapı gəzərək ölkənin bütün ev təsərrüfatları və sakinləri barədə məlumat toplayacaq. Siyahıyaalma iki mərhələdə aparılacaq. İlk mərhələdə evlərin vəziyyəti, yaşayış şəraiti, içməli su, sanitariya, yemək bişirmək üçün istifadə olunan yanacaq, həmçinin internet, televizor, smartfon və nəqliyyat vasitələrinin mövcudluğu ilə bağlı məlumatlar toplanacaq. İkinci mərhələdə isə əhalinin yaşı, təhsili, məşğulluğu, əməkhaqqı, miqrasiya və doğum göstəriciləri barədə məlumatlar qeydə alınacaq. Bu mərhələnin 2027-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.

Hökumətin açıqlamasına əsasən, əməkdaşlar təxminən 640 min kəndə və 10 min şəhərə səfər edəcəklər. Məlumatlar ilk dəfə mobil tətbiq vasitəsilə elektron formada toplanacaq.

Qeyd edək ki, Hindistan sonuncu dəfə 2011-ci ildə siyahıyaalma aparıb. Həmin dövrdə ölkə əhalisi 1,2 milyarddan bir qədər çox idi. Hazırda isə BMT-nin hesablamalarına görə, Hindistan əhali sayına görə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsinə çevrilib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
27
azerbaijan-news.az

1Mənbələr