AZ

Akademik Filarmoniya ilə Mahnı və Rəqs Ansamblının 90 illik yubileyləri ərəfəsində konsert proqramı təqdim olunacaq

Bakı, 7 aprel, AZƏRTAC

Bu il Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 90 illik yubileylərini qeyd edir. Bu yubileylər ərəfəsində aprelin 23-də konsert proqramı təqdim olunacaq. Proqram Azərbaycan musiqi mədəniyyətinin zənginliyini və çoxşaxəliliyini parlaq şəkildə nümayiş etdirəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru Mustafa Aşurov bildirib.

“Ansamblın konsert proqramı milli musiqimizin incilərini, eləcə də dünya bəstəkarlarının seçmə əsərlərini bir səhnədə birləşdirəcək. Məqsədimiz həm klassik irsi qorumaq, həm də onu yeni nəfəs və müasir yanaşmalarla tamaşaçıya təqdim etməkdir”,- deyə M.Aşurov söyləyib.

Baş dirijor qeyd edib ki, proqramda tanınmış ifaçılar, respublika və beynəlxalq müsabiqələr laureatları çıxış edəcək, müxtəlif janrları əhatə edən nömrələr təqdim olunacaq. Konsertin baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliadır. Onların quruluşunda hazırlanan nömrələr milli musiqi ənənələrinin incəliyini qorumaqla yanaşı, müasir səhnə tələblərinə uyğun şəkildə təqdim olunacaq.

Qeyd edək ki, konsertə Mustafa Aşurov rəhbərlik edəcək.

Müxbir – Gülay Nəzərova

Seçilən
10
1
azertag.az

5Mənbələr