AZ

Niyə ərzaqlıq buğda tələbatını ödəyə bilmirik? Səbəb sadə imiş

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 257 min tondan çox buğda idxal edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37,2% çoxdur. 

İdxalın dəyəri 43% artaraq 57,9 milyon dollara çatıb, fevral ayında 1 tonun orta qiyməti 411,46 manat təşkil edib. Ölkə əsasən Rusiya və Ukraynadan asılı olaraq idxalı artırır. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, son on ilin statistikasına baxdıqda 2016–2023-cü illərdə aqrar sahənin orta illik artım tempi 3,6 faiz olmaqla həmin dövrdə ÜDM-in orta illik artım tempindən yüksək olduğunu görürük: 

“Müsbət dinamika son illərdə də davam etsə də, artım tempi yavaşlayaraq 2022-ci ildə 3,4 faiz, 2023-cü ildə 3 faiz, 2024-cü ildə 1,5 faiz, 2025-ci ildə isə 0,9 faizə enib”. Deputat qeyd edib ki, Azərbaycanın torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlı torpaqlardır. 

Nəzərə alsaq ki, işğal altında olmuş torpaqlar ölkənin kənd təsərrüfatı istehsalının üçdə birindən çoxunu təmin edirdi, həmin ərazilərin azad edilməsi aqrar sahəyə töhfəni artıracaq və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq: “Bununla belə, bəzi istisnalar xaricində torpaqlardan istifadənin mövcud vəziyyətini qənaətbəxş hesab etmək olmaz. 

Bir sıra rayonların (Hacıqabul, Salyan, Ağcabədi, Ağdam, Sabirabad və s.) və təsərrüfatların uğurlu nəticələri istisna olmaqla, əmək məhsuldarlığı aşağıdır. 2000-ci ildən bu yana 25 il ərzində strateji əhəmiyyətə malik buğda istehsalında məhsuldarlıq hər hektardan 23,7 sentnerdən 32 sentnerə yüksələrək cəmi 14 faiz artıb. 

Son 10 ildə isə bu göstərici 31–32 sentner səviyyəsində qalaraq demək olar ki, dəyişməyib". Ə. Məsimli vurğulayıb ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycana 1 milyon 292 min ton buğda idxal edilib.

Buğda üzrə özünütəminetmə səviyyəsi 56,1 faiz olmaqla 2023-cü ilə nisbətən 4,3 faiz bəndi azalıb. Bu isə göstərir ki, mövcud dəstək mexanizmləri sahədəki əsas problemləri tam həll etmir və idxaldan asılılıq davam edir”. 

Ölkədə buğda ilə bağlı istehsalı niyə artım yoxdur və asılılığı aradan qaldırmaq olarmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda iqlim, təbiət keyfiyyətli və istənilən həcmdə buğda istehsalı üçün uyğun deyil: 

“Aprel-may-iyun aylarında havaların sürətlə isinməsi buğdanın keyfiyyətinə, ərzaqlıq buğdının həcminə təsir göstərir. 

Ukraynada, Qazaxıstanda buğda yetişdirmək üçün iqlim daha yaxşıdır. Burada söhbət keyfyyətli və məhsuldar ərzaq buğdasından gedir. Digər tərəfdən, bizdə torpaqlar məhduddur. Yəni bizim ərazimiz kiçikdir. Ümidvarıq ki, Qarabağda torpaqlar azad olunandan sonra istehsal həcmimiz artsın, Torpaq Fonduna əlavə torpaqlar qatılsın. 

Ümumi şəkildə subsidiya, məcburi şəkildə artırmaq mümkün olmur. Yəni təbiət, iqlim şərtləri ona imkan vermir. Eləcə də suvarma, torpaqların şoranlaşması, havanın sürətlə isinməsi, Ukrayna, Rusiyadakı kimi qara, keyfiyyətli torpaqların olmaması buna imkan vermir. 

Bundan başqa, buğda əkdikdə torpağa başqa məhsul əkə bilmirsən. Qarğıdalı, arpa, yonca əkmək olmur. Ona görə də 25-30 faiz ərzaqlıq tələbatımızı ödəyirik və bu kifayətdir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

buğda Xalid Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr