AZ

Bakıda qadını bilmədən öldürən azyaşlıları nə gözləyir? Vəkil AÇIQLADI

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Bakının Xətai rayonunda baş verən faciə ani səhlənkarlığın necə ağır nəticələrə səbəb ola biləcəyini növbəti dəfə göstərdi. Belə ki, nəzarətsiz qalan avtomobil azyaşlı uşaqlar tərəfindən hərəkətə gətirilib və nəticədə iki qadın vurulub, onlardan biri həyatını itirib, digəri xəsarət alıb.

Bu hərəkətə görə kim məsuliyyət daşıyır? Atanı hansısa cəza gözləyirmi? Uşaqlarla bağlı tədbir görülə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, avtomobil yüksək təhlükə mənbəyidir və belə vasitələri nəzarətsiz qoymaq olmaz:

“İnsan avtomobili qapıları açıq vəziyyətdə qoymamalıdır. Avtomobilin uşaqların müdaxiləsi nəticəsində hərəkətə gətirilməsi zamanı bir qadının ölməsi, digərinin yaralanması ilə nəticələnən hadisədə uşaqlar 14-16 yaşdan kiçikdirlər. Yetkinlik yaşına çatmayan şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilməz, qanunvericiliyimiz buna imkan vermir. Belə hallarda əsas məsuliyyət valideynin üzərinə düşür”.

Hüquqşünas qeyd edib ki, bu hadisə ehtiyatsızlıqdan adam öldürmə və ya digər hüquqi maddələr üzrə qiymətləndirilə bilər:

“Amma istintaq zamanı şəxsi məsuliyyətin müəyyən olunması üçün ölüm və yaralanma ilə hadisə arasında səbəb-nəticə əlaqəsi olmalıdır. Həmçinin avtomobilin istismar qaydalarının pozulması Cinayət Məcəlləsinin 263-cü maddəsi çərçivəsində diqqətə alınır. Ümumilikdə, baş verən hadisə ehtiyatsızlıq nəticəsində olub”.

Ş.Paşayev əlavə edib ki, istintaq nəticəsində məsuliyyətin dəqiq çərçivəsi müəyyənləşdiriləcək:

“Cinayətkarcasına hərəkət olub-olmadığı, vaxtında etinasızlıq nəticəsində baş verib və ya səbəb-nəticə əlaqəsi yoxdur, istintaq zamanı araşdırılmalıdır. Amma hər halda avtomobilin sahibinin, yəni atanın mülki məsuliyyəti var. Yüksək təhlükə mənbəyinin sahibi kimi ata mülki məsuliyyətə cəlb olunacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr