AZ

Rusiya dövlət qurumlarını VURDU: Meriya və vergi binaları yanır, yaralılar var - VİDEO

Çərşənbə axşamı, 7 aprel tarixində Rusiya qoşunları Ukraynanın Çerniqov vilayətindəki dövlət müəssisələrinə hücum edib.

Musavat.com xəbər verir ki, Priluki şəhərinin mərkəzində Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) meriya binasına çırpılıb və nəticədə binada güclü yanğın başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri hücumdan öncə PUA-ların hərəkəti barədə xəbərdarlıq edib.

"Suspilne" nəşrinin məlumatına görə, Prilukidə üç güclü partlayış səsi eşidilib. Şəhər meriyası ilə yanaşı, Novqorod-Severski şəhərində də vergi xidmətinin binası PUA zərbəsinə tuş gəlib.

Çerniqov Vilayət Hərbi Administrasiyası hücum faktını təsdiqləyərək bildirib ki, hazırda hadisə yerlərində xilasedicilər və bütün zəruri xidmətlər fəaliyyət göstərir. İlkin məlumatlara görə, hücumlar nəticəsində yaralananlar var, onların dəqiq sayı və vəziyyəti barədə məlumatlar dəqiqləşdirilir.

Vilayət ərazisi son bir həftədir intensiv atəş altında saxlanılır.

Ötən gecə Koryukovsk və Novqorod-Severski rayonlarında enerji infrastrukturuna dörd PUA zərbəsi endirilib. Energetiklərin operativ müdaxiləsi nəticəsində səhər saatlarında bəzi ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib. Ümumilikdə, son sutka ərzində bölgədə 27 atəş və 67 partlayış qeydə alınıb.

Eyni zamanda, aprelin 7-də Dnepr vilayətinin Nikopol şəhərində də dəhşətli hadisə yaşanıb. FPV dronunun marşrut avtobusuna çırpılması nəticəsində 3 nəfər (iki qadın və bir kişi) həlak olub, 12 nəfər isə yaralanıb. Daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, xilasedicilər avtobusda sıxılıb qalan 7 nəfəri xilas edə biliblər.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya son 24 saat ərzində Ukrayna ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı buraxıb.

 

Musavat.com

Seçilən
1
1
musavat.com

2Mənbələr