AZ

“Bavariya” tarixi geridönüşlə 100 qola çatdı - İCMAL

Bundesliqada mövsümün bəlkə də ən maraqlı turlarından birini geridə qoyduq.

"Football-plus.az" xəbər verir ki, meydan sahibləri üçün uğursuz alınan tur geridönüşlər və son dəqiqə qolları ilə zəngin oldu.

“Bavariya” Frayburqda 80-ci dəqiqəyə 0:2 ilə daxil olanda klubun bəlkə də ən nikbin azarkeşləri belə artıq qələbədən əlini üzmüşdü. Amma Münhen nəhəngi qalan vaxtda 3 qol vuraraq əsl möcüzəni reallaşdırdı. Özü də Keynsiz. “Bavariya” bundesliqa tarixində 80-ci dəqiqəyə 2 top geridə daxil olduğu halda qələbə qazanan 3-cü komanda oldu!

Hesabat turunda doğma fanatları önündə qalib gələn yeganə komanda “Bayer-04”dü. Özü də leverkuzenlilər “Volfsburq”la oyunun gedişində 1:3 uduzurdular. Amma komanda 44-cü dəqiqədən başlayaraq 5 qol vurdu və mükəmməl geridönüş reallaşdırdı. Qələbəsiz seriyası 11 oyuna yüksələn “canavarlar” turdan-tura 2-ci bundesliqaya yaxınlaşırlar. Turun mərkəzi oyunu Ştutqartda keçirildi. 3-cü pillədə qərarlaşan “Ştutqart” Dortmund “Borussiya”sı ilə ev matçında favorit sayılırdı. Amma inamlı və məhsuldar mövsüm keçirməsinə baxmayaraq, şvabiyalılar həm xala, həm də qola həsrət qaldılar. “Arılar” son anlarda da olsa, rəqibin müqavimətini qıra bildilər. Adeyemi qələbə qolunu 90+4-cü dəqiqədə vurdu! Bu nəticə ən çox “Leyptsiq”in işinə yaradı. Bremendən 3 xalla dönən və son 5 turda 4-cü qələbəsini qazanan “öküzlər” 3-cü pilləyə yüksəldilər.

“Hoffenhaym”ın, deyəsən, barıtı indidən tükənib. Bu dəfə evdə “Maynts-05”ə boyun əyən “kəndçilər”in son 6 turda cəmi bir qələbəsi var. Bu gedişlə komanda nəinki ÇL-ə, heç avrokuboklara da vəsiqə qazana bilməyəcək. Daha bir geridönüşün müəllifi “Köln” oldu. Ancaq Frankfurtda 0:2-dən sonra ayılan “keçilər” yalnız bərabərliklə kifayətlənməli oldular. “Sankt Pauli” Berlində, “Auqsburq” isə Hamburqda fasiləyə üstün yollansa da, qalib gələ bilmədi. Ötən tur “Bayer-04”dən xal qoparan sonuncu pillədəki “Haydenhaym” bu dəfə çətin Münhenqladbax səfərindən xalla döndü.

Bu görüşdə qonaqları hesabda önə keçirən Marnon Buş bundesliqada 4207 (!) günlük fasilədən sonra qol vurdu. O, son qolunu 2014-cü il sentyabrın 27-də “Verder”in heyətində səfərdə “Volfsburq”a vurmuşdu. Turnirin tarixində bir futbolçu tərəfindən vurulan iki qol arasındakı ən böyük zaman bölümü baxımından bu, ikinci göstəricidi. Vaxtilə Bernd Şusterin qolları arasında 4875 günlük ara olub.

28-ci tur
Frayburq – Bavariya 2:3

Manzambi, 46. Höler, 71 – Bişof, 81; 90+2. Karl, 90+9. (34700)
Bavariya: Ulrayx, Stanişiç, Ta (Laymer, 56), Kim Min Ce (Devis, 87), Bişof, Kimmix, Qoretska (Pavloviç, 56), Karl, Gerreyro (Olise, 56), Dias, Qnabri (Musiala, 65).

Ştutqart – Borussiya D 0:2
Adeyemi, 90+4. Brandt, 90+6. (60000)
Ştutqart: Nübel, Assinyon (Tomas, 72), Yeltş, Şabo, Hendriks, Mittelştadt (Demiroviç, 88), A.Karazor, Ştiller (Andres, 88), Narti (Əl-Xannus, 72), Fürix (Levelinq, 69), Dəniz Undav.
Borussiya: Kobel, Ryuyerson, Anton, Şlotterbek, Bensebayni, Svensson, Bellingem, Zabitser, Çukvuemeka (Adeyemi, 64), Bayer (Brandt, 72), Girassi (F.Silva, 64).

Bayer-04 – Volfsburq 6:3
Qrimaldo, 30-p.; 44. Şik, 53-p. Tapsoba, 68. Maza, 73. Tillman, 90+6 – Vind, 16. Mehle, 31. Eriksen, 38-p. (30000)
Bayer-04: Blasvix, Kalbret, Andrix, Bade, Tapsoba, Qrimaldo, Palasios, Fernandes (Şik, 46), Maza, Tella (Poku, 81), Kofane (Tillman, 88).

Verder – Leyptsiq 1:2
Musa, 90+4 – Nusa, 15. Romulo, 52. (41800)
Leyptsiq: Vandervoordt, Baku, Orban, Lukeba (Banzuzi, 56), Raum, Baumqartner (Uedraoqo, 82), Zayvald, Şlager, Diomande (Henrixs, 86), Nusa (Qomis, 78), Romulo (Harder, 78).

Hoffеnhaym – Maynts-05 1:2
Asllani, 23 – Tits, 13; 79. (30150)

Ayntraxt F – Köln 2:2
Burkardt, 66. Kalimuendo, 69 – Kaminski, 70. Kastro-Montes, 83. (59300)

Borussiya M – Haydenhaym 2:2
Mohya, 16. Onora, 74 – Mainka, 26. Buş, 63. (52129)

Union – Sankt Pauli 1:1
İliç, 52 – Pereyra Laje, 25. (22012)

Hamburq – Auqsburq 1:1
Keniqsdorffer, 60 – Çaves, 22. (57000)

1. Bavariya 28 23 4 1 100-27 73
2. Borussiya D 28 19 7 2 60-28 64
3. Leyptsiq 28 16 5 7 55-36 53
4. Ştutqart 28 16 5 7 56-38 53
5. Hoffenhaym 28 15 5 8 55-41 50
6. Bayer-04 28 14 7 7 58-39 49
7. Ayntraxt F 28 10 9 9 52-53 39
8. Frayburq 28 10 7 11 41-47 37
9. Maynts-05 28 8 9 11 35-43 33
10. Union 28 8 8 12 32-47 32
11. Auqsburq 28 9 5 14 34-51 32
12. Hamburq 28 7 10 11 32-41 31
13. Borussiya M 28 7 9 12 35-48 30
14. Verder 28 7 7 14 31-49 28
15. Köln 28 6 9 13 40-49 27
16. Sankt Pauli 28 6 7 15 25-45 25
17. Volfsburq 28 5 6 17 38-63 21
18. Haydenhaym 28 3 7 18 29-63 16

Bombardirlər: Keyn (Bavariya) – 31, Dəniz Undav (Ştutqart) – 18, Dias (Bavariya) – 15, Girassi (Borussiya D) – 13.
Növbəti turun oyunları aprelin 10-12-si aralığında keçiriləcək: Auqsburq – Hoffenhaym, Borussiya D – Bayer-04, Sankt Pauli – Bavariya, Maynts-05 – Frayburq, Leyptsiq – Borussiya M, Haydenhaym – Union, Volfsburq – Ayntraxt F, Köln – Verder, Ştutqart – Hamburq.

Turun rəqəmi
100 – 100 rəqəmi ilə bağlı bu tur birdən-birə iki önəmli fakt var. “Bavariya” 100 qol həddinə artıq 28-ci turda çatmağa müvəffəq oldu. 28-ci turlar üçün yeni rekorddu. Bundesliqanın əbədi rekordunu yeniləmək üçün isə komandanın cəmi 2 qola ehtiyacı var. Söhbət 1971/72-də “Bavariya”nın müəyyənləşdirdiyi 101 qolluq rekorddan gedir. Bundan başqa, “Bayer-04”lü Patrik Şik “böyük beşlik”də 100 qol həddinə çatan ilk çexiyalı futbolçu kimi tarixə düşdü! O, bu qollardan 84-nü bundesliqada, 16-nı isə “Roma”nın heyətində A seriyasında vurub.

Turun ulduzu
Tim Bişof (Bavariya) – bundesliqada “Hoffenhaym”da adından söz etdirən, Münhen nəhəngində ilk mövsümünü keçirən gənc və universal futbolçu mükəmməl qolları ilə həm komandasının tarixi qələbəsinə töhfə verdi, həm də tura damğa vurdu. 20 yaşlı futbolçu Frayburqdakı matçın son anlarında əvvəlcə sağ, sonra da sol ayağı ilə mükəmməl qolar vurdu. Özü də hər iki qolu cərimə meydançası kənarından vurdu. Halbuki buna qədər o, “rekordmayster”in heyətində keçirdiyi 33 rəsmi oyunda fərqlənməmişdi! Həm Bişof, həm də “Bavariya” fanatları bu qolları hələ uzun müddət xatırlayacaq.

Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:
“Əslində ilk yarıda da pis oynamadıq. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdik. “Frayburq”un da haqqını vermək lazımdı. Onlar fanatlarla birləşərək bizə çox çətin anlar yaşatdılar. Belə qələbə də futbolun bir parçasıdı. Hər oyunda baxımlı oynamaq və 3:0, 4:0 qalib gəlmək mümkün deyil. Mövsümün gedişində bəzən bu cür anlar da yaşamalı olursan. 3 xal qazanmağımıza çox sevindim. Çünki işimizin çətin olacağını bilirdim”.
Seçilən
16
1
football-plus.az

2Mənbələr