AZ

Rektor: Bakı Dövlət Universiteti Qazaxıstandakı tərəfdaşları ilə daha sıx işləməyə hazırdır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Almatı şəhərində keçirilən II Qazaxıstan–Azərbaycan Universitetləri Rektorları Forumunda iştirak edib. Forumun açılışında Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşüblər.

BDU-dan AZƏRTAC-a bildirilib ki, forumda çıxış edən rektor Elçin Babayev Forumda müasir dövrdə təhsil və elmin davamlı inkişafın əsas amillərindən biri olduğunu və bu sahədə beynəlxalq əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını söyləyib. O bildirib ki, rəqəmsal transformasiya, süni intellekt, yaşıl texnologiyalar kimi istiqamətlər universitetlərarası əməkdaşlığın yeni məzmununu formalaşdırır.

Rektor çıxışında Bakı Dövlət Universiteti ilə Qazaxıstanın aparıcı universitetləri arasında artıq formalaşmış əməkdaşlığa da toxunub. Qeyd olunub ki, bu əməkdaşlıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda, birgə tədqiqat layihələri, ikili diplom proqramları və innovasiya platformalarını da əhatə edir.

Elçin Babayev, həmçinin əməkdaşlığın gələcək inkişaf istiqamətləri kimi birgə elmi-tədqiqat mərkəzlərinin yaradılması, doktorantura səviyyəsində birgə rəhbərlik mexanizmlərinin tətbiqi, eləcə də gənc alimlər üçün ortaq platformaların formalaşdırılmasını qeyd edib. O, Bakı Dövlət Universitetinin bu istiqamətdə Qazaxıstandakı tərəfdaşları ilə daha sıx işləməyə hazır olduğunu bildirib.

Forum çərçivəsində universitetlər arasında əməkdaşlıq sənədlərinin imzalanması mərasimi keçirilib. BDU bu prosesdə iştirak edərək Qazaxıstanın aparıcı ali təhsil müəssisələri – Qazax Milli Qadın Pedaqoji Universiteti və Ablay xan adına Qazaxıstan Beynəlxalq Münasibətlər və Dünya Dilləri Universiteti ilə anlaşma memorandumları (MoU), həmçinin Abay adına Qazax Milli Pedaqoji Universiteti və Atırau Neft və Qaz Universiteti ilə ikili diplom proqramlarının həyata keçirilməsini nəzərdə tutan niyyət protokolları (Letter of Intent) imzalayıb. İmzalanan sənədlər əsasən ikili diplom proqramlarının təşkili, birgə elmi fəaliyyət və akademik mübadilənin genişləndirilməsini əhatə edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
azertag.az

2Mənbələr