AZ

Gürcüstan təkcə Azərbaycanın yaxın qonşusu deyil, eyni zamanda strateji tərəfdaşıdır




“Gürcüstan təkcə Azərbaycanın yaxın qonşusu deyil, eyni zamanda strateji tərəfdaşıdır. İki ölkə arasında münasibətlərin tarixi bağları var. Bu ölkədə yaşayan yüz minlərlə soydaşımız Tbilisi ilə Bakı arasında bağları daha da möhkəm edir, zənginləşdirir. Bu da öz növbəsində ölkələr arasında siyasi və iqtisadi sahədə əlaqələrin inkişafına təkan verir. Müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanın birgə iştirak etdiyi regional, eyni zamanda qlobal əhəmiyyətli layihələr iki ölkə arasında əlaqələri daha da yaxınlaşdırıb, inkişaf etdirib. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri demək olar ki, həm region, həm də digər ölkələr üçün bir nümunə ola bilər”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, hazırkı mürəkkəb geosiyasi vəziyyətdə dövlət başçısının Gürcüstana səfəri çox əhəmiyyətlidir:

“Məlum olduğu kimi İran ətrafında baş verən hadisələr fonunda Hörmüz boğazında yaranmış vəziyyət təkcə regional deyil, eyni zamanda qlobal miqyasda yükdaşımalarında ciddi problemlər yaradıb. Ölkələr artıq bu marşrutu təhlükəli hesab etdiklərindən alternativ varinatlara üstünlük verirlər. Belə alternativ varinatlar sırasında isə ən sərfəli və səmərəli yol Azərbaycanın tranzit imkanlarıdır. Orta Dəhliz, Bakı-Tbilisi-Qars kimi layihələrdə Gürcüstanın da iştirakçılığını nəzərə aldıqda deyə bilərik ki, nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi Azərbaycan liderinin Gürcüstan səfərinin əsas istiqamətlərindən biridir. Çünki Cənubi Qafqaz regionu Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır və bu baxımdan Azərbaycan–Gürcüstan əməkdaşlığı beynəlxalq ticarət marşrutlarının inkişafında mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi regionun nəqliyyat infrastrukturunun əsas sütunlarından biri hesab olunur. Bu dəmir yolu xətti yük və sərnişin daşımalarında alternativ və daha qısa marşrut təqdim edərək beynəlxalq ticarətin sürətlənməsinə töhfə verir”.

İlham Məmmədov diqqətə çatdırıb ki, bir neçə gün əvvəl TDT-nin hökumət başçılarının Bakı forumunda da Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının bir qədər də artırılması müzakirə edilib:

“Bu baxımdan Azərbaycan Prezidentinin Gürcüstana səfəri xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi də əsas diqqət mərkəzindədir və səfər zamanl bu məsələyə də toxunuldu. Bu dəhliz Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən perspektivli nəqliyyat marşrutlarından biri kimi qiymətləndirilir və Azərbaycan ilə Gürcüstan bu marşrutun əsas iştirakçılarıdır”.

Millət vəkili əmin olduğunu bildirib ki, dövlət başçısının Gürcüstana səfərinin iqtisadi dividentləri çox olacaq. Onun sözlərinə görə, hər şeydən əvvəl bu səfər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi, iqtisadi əməkdaşlığın daha da güclənməsi baxımından əhəmiyyətli olacaq.

Süleyman
Seçilən
29
1
newscenter.az

2Mənbələr