Çində dünya aviasiya tarixində ilk dəfə olaraq hidrogen mühərriki ilə işləyən pilotsuz yük təyyarəsi uğurla sınaqdan keçirilib.
Musavat.com xəbər verir ki, sınaq Hunan əyalətinin Çjuçjou şəhərində yerləşən aeroportda baş tutub.
Məlumata görə, 7,5 ton çəkisi olan pilotsuz uçuş aparatı meqavat sinifli hidrogen turbovint mühərriki ilə təchiz olunub. “AEP100” adlı mühərrik 16 dəqiqəlik uçuş ərzində sabit işləyib, heç bir texniki nasazlıq qeydə alınmayıb.
Təyyarə sınaq zamanı 36 kilometr məsafə qət edib, 220 km/saat sürətlə 300 metr hündürlükdə uçaraq bütün planlaşdırılmış tapşırıqları yerinə yetirib və təhlükəsiz eniş edib.
Mütəxəssislər bildirirlər ki, bu texnologiya yaxın gələcəkdə qısa məsafəli yükdaşımalarında, logistika və pilotsuz nəqliyyat sistemlərində geniş tətbiq oluna bilər. Daha sonra isə hidrogen mühərriklərinin regional və magistral təyyarələrdə istifadəsi də istisna edilmir.
Qeyd olunur ki, hidrogen yanacağı həm ekoloji cəhətdən təmizdir, həm də ənənəvi aviasiya yanacağına alternativ kimi enerji təhlükəsizliyi baxımından böyük perspektiv vəd edir.
Musavat.com