AZ

Bunker hakimləri və ya VAR-ın yox olması...

Aşıq demişkən, əllini birtəhər aşırasan, yüzə bir şey qalmaya və birdən öyrənəsən ki, indiyə qədər suyu düz içməmisən, günah eləmisən.

Bunu bizə Azərbaycan futbolu öyrətdi. Tovuzun “Turan” komandasının Zirənin “Zirə” komandasına uduzdurulmasından sonra aşkara çıxdı ki, referi Əliyar Ağayev suyu oturub içənlərdən imş.

“Suyu oturub içmək” ifadəsini ilk oxuyanda, düzü, ağlıma başqa pozisiyalar gəldi, amma sonra gördüm ki, yox, söhbət suyu oturub içməkdən gedir. Onda anladım ki, indiyədək azı 1 milyon dəfə suyu qrafindən fincana süzəndən, bulaqdan götürəndən, mağazadan cürdəkdə alandan sonra məhz ayaq üstə içmişəm.

Buna görə axirətdə zəbanilər dirəşsələr ki, niyə belə bir günah eləmisən, veriləcək cavabım yoxdur. Yalnız onu deyə bilərəm ki, bilməmişəm, başa salan olmayıb. Gec də olsa, səhvimi düzəldirəm. Hazırda bu yazını oturmuş vəziyyətdə yazıram və qarşımda bir stəkan “Badamlı” suyu var, cümləni bitirən kimi ayağa durmadan içəcəyəm. (Ey dadı-bidad, görəsən, suyun markasını göstərməyim reklam qaydalarını pozmadı ki?).

Belədə sual çıxır, su içmək məsələsində bu qədər dürüst, halal olan, qaydalara və tövsiyələrə riayət edən adam nə əcəb “Turan”ın iki penaltisini verməyərək haram iş görüb?

Birincisi, o adda komandanı uduzdurmağın özü yaxşı hərəkət deyil. Bütün türk dünyasının “Turan-Turan” dediyi vaxtda, hələ 34 il öncədən bu adı yaşadan klubu uduzdurmaq Türk Dövlətləri Təşkilatının siyasətinə zidd deyilmi? Qazax, qırğız, özbək-uyğur qardaşlar nə deyər?

İkincisi, “Turan”da xeyli müasir qul (legioner) oynayır və onların uduzdurulması birbaşa qul haqqı yemək anlamına gəlir.

Üçüncüsü, sözügedən matçın protokolu tərtib ediləndən, qapı bağlanandan sonra “səhv olub” etirafı etməyin nə xeyri var?

Belə məqamda məşhur italyan hakim Pyerluici Kollina yada düşür. Bəlkə də indiki cavanlar bilməz, 20 il əvvəl Kollina oyunları çox ədalətlə idarə edirdi, uduzan komandanın mıqq elədiyi, hakimin qərarlarını şübhə altına aldığı olmurdu. Çünki Kollina heç vaxt tərəf tutmurdu. Haqq-ədalət simvolu idi kişi.

Özü də onun vaxtında VAR yox idi, hakim penalti verirdisə, qırmızı kart göstərirdisə, məsələ bitirdi. İndi VAR da var, amma yenə də ciddi səhvlərə yol verilir və qalmaqal yaşanır.

Srağagün “Fənərbağça” – Beşiktaş” “matçının 1251-ci dəqiqəsində “sarı-göy”lərin xeyrinə “ağ-qara”ların qapısına qızıl-qırmızı penalti verdilər. Budur, 3 gündür Türkiyədə çığırışma gedir. Çünki VAR-da baxanda aydınca görünür ki, müdafiəçi topa oynayıb, rəqibi yıxmayıb, özü də bu hadisə cərimə meydançasından qıraqda baş verib. Amma uzun çək-çevirdən, baxışmadan sonra hakim Yasin Kol “alın, sizə bir penalti hədiyyə edirəm” deyir, “Fənər”ə qol və qələbə ikram eləyir, türkün sözü.

Bu, onu göstərir ki, bu iki qardaş ölkənin futbolunda VAR işləmir, VAR yox kimidir və əsasən “var-yox söhbəti”nə səbəb olur. Bütün dünya VAR-dan ədaləti təmin etmək üçün yararlanır, Türkiyə və Azərbaycana gələndə isə VAR haqsızlığı təsdiq edən notariusa dönür.

Futbol mərci qoşan bir tanış var, etiraf edir ki, indiyədək “Qalatasaray” və “Fənərbağça”nın vurduğu penaltilərə görə xeyli pul udub. Soruşuram: “Necə yəni?” Deyir: “Heş nə. Oyundan əvvəl mərc kontorunun saytında “penalti olacaq?” varinatını seçirəm və “Bəli” yazıram. Və hakimlər məni yanıltmır. Düzdür, bəzən uduzduğum da olur, amma çox vaxt uduram”.

Yəni “GS” və “FB”-nin oyunlarında penaltilər çox olur, çox vaxt da adı çəkilənlərin xeyrinə.

Bəs bu cür hakim xətalarının, qərəzli səhvlərin, haqsızlığın axırı necə olacaq? Təxminən belə olacaq: 1. Hakimlər, eləcə də VAR-a baxanlar xaricdən gətiriləcək, oyun saatına qədər bunkerdə saxlanılacaqlar və oyundan sonra zirehli avtomobillərdə təxliyə ediləcəklər. 2. Bu xalq ellikcə yerli futbola tüpürəcək, nə baxan olacaq, nə də meydançaya çıxıb oynayan.

Üçüncü, dördüncü variantları da futbol təsərrüfatını idarə edənlər ərz eləsin.

**

Dünya köhnə dünyadır, haramxorları təzədir.

 

Seçilən
12
50
musavat.com

10Mənbələr