Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Şimali Koreya lideri Kim Çen Inın azyaşlı qızı Kim Cu-e haqqında sensasiyalı məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, NIS direktoru Li Çonq Suk qapalı brifinqdə Kim Cu-enin varis hesab edildiyini bildirib.
NIS direktorunun sözlərinə görə, Şimali Koreya mediası artıq onu Kimin “ən sevimli” və “hörmətli” övladı kimi təqdim etməyə başlayıb:
“Onun mühüm dövlət tədbirlərində və hərbi paradlarda atasının yanında yer alması KXDR-in gələcək lideri olmağa hazırlandığı barədə ehtimalları daha da gücləndirib. Qızın hərbi rəhbərlərlə görüşlərdə iştirakı cəmiyyətdə “qadın varis” modelinə qarşı yarana biləcək şübhələri aradan qaldırmaq məqsədi daşıyır”.
Xəbərdə həmçinin Kim Çen Inın bacısı Kim Yo-jonqun statusuna da toxunulub. Li Çonq Suk bəzi kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib ki, hazırda KXDR liderinin bacısı əvvəlki kimi böyük səlahiyyətlərə malik deyil. Lakin beynəlxalq ekspertlər fərqli düşünürlər.
Şimali Koreya üzrə mütəxəssis Sonq-yun Li “The Korea Herald” qəzetinə müsahibəsində Kim Yo-jonqu dünyanın “ən təhlükəli” qadını adlandırıb və onun hakimiyyəti qardaşı qızına asanlıqla təhvil verib-verməyəcəyinin hələ də qeyri-müəyyən qaldığını qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Kim Çen In və qızının birlikdə heyvanları müayinə etdikdən sonra siqaret çəkmələrini əks etdirən görüntülər də dünya mediasında geniş müzakirə olunmuşdu. Hazırda Pxenyan rejimi gənc varisin hərbi nüfuzunu möhkəmləndirmək üçün təbliğat işlərini sürətləndirib.\\“Qafqazinfo”