İkitərəfli münasibətlər ehtirama əsaslanır - DEPUTAT
Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlər həmişə ehtiramlara, səmimiyyətə əsaslanıb. Bu münasibətlər siyasi münasibətlər kontekstində bütün sahələri əhatə edir, genişləndirilir, məzmun baxımından zənginləşdirilir. Dövlət başlçılarının qarşılıqlı rəsmi səfərləri də bu tezislərin təsdiqi kimi tarixləşir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri son vaxtlarda siyasi gərginliklər dövründə ikitərəfli münasibətlərin davamlığına sədaqətin təzahürüdür. Dövlət başçımız mətbuata verdiyi bəyanatda Gürcüstana rəsmi səfərlərini həmişə yüksək qiymətləndirdiyini, bu səfərlərdən qürurlandığını, bu səfərin iki qardaş ölkə arasında əlaqələrə təkan verəcəyinə əmin olduğunu bildirərək dedi: “Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda iqtisadi inkişafdan da söz açaraq Gürcüstanın iqtisadi səviyyəsinin yüksəlişindən, burada yaxşı sərmayə iqliminin mövcudluğundan, bu səbəbdən Azərbaycan investorlarının siyasi sabitliyə malik olan Gürcüstana maraq göstərməsindən, Azərbaycanın Gürcüstanın, Gürcüstanın Azərbaycanın suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəklədiyini də xatırlatdı.
Gürcüstanın da, Azərbaycanın da dövlət müstəqilliyinə qəsdlər olub. 1989-cu ilin aprelində Tbilisidə, 1990-cı ilin yanvarında Bakıda faciələr törədildi, lakin bu faciələr nə gürcü xalqının, nə də Azərbaycan xalqının mübarizə əzmini sarsıda bilmədi. İndi regionda reallıqlar milli maraqlar əsasında qurulub və hər iki dövlət öz müstəqilliyini, suverenliyini qətiyyətlə qoruyur. Bu reallıqlara istinadən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında Gürcüstanla Azərbaycan arasında münasibətlərin başqa dövlətlərə nümunə kimi qəbul edilməli olduğunu bidirərək dedi: “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir və mən burada Gürcüstanın rolunu da xüsusilə qeyd etmək istərdim...”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri təsdiqlədi ki, iki dövlət arasında münasibətlər daha da genişlənir. Dövlət başçımız mətbuata bəyanatında bu amili də diqqətə çatdırararq bildirdi ki, “...bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”..
Bu səfər tarixi bir dövrdə ikitərəfli münasibətlərin ehtirama əsaslandığının təsdiq kimi tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı