AZ

İqlim riskləri və sığorta: Son yağışlar bizə nəyi göstərdi?

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv və normadan artıq yağıntılar bir daha sübut etdi ki, iqlim dəyişiklikləri artıq nəzəri deyil – real iqtisadi və sosial təsirləri olan risk faktorudur.

Rəsmi məlumatlara əsasən, Bakı və Abşeron yarımadasında yağıntının miqdarı aylıq normanı əhəmiyyətli dərəcədə üstələmiş, bəzi regionlarda isə bu göstərici 150%-ə yaxınlaşmışdır. Bu isə artıq hadisənin adi meteoroloji hal deyil, risk və zərər yaradan faktor olduğunu göstərir.

Yağışın real təsirlərini görünəndən daha böyük risk hesab etmək olarmı?!
Son yağışlar nəticəsində:
* yaşayış evləri və zirzəmilər su altında qalmış
* avtomobillər texniki zədələr almış
* biznes obyektlərində fəaliyyət dayanmış
* kənd təsərrüfatına ciddi zərər dəymişdir
Bu kimi hallar göstərir ki, zərər yalnız fiziki deyil, eyni zamanda maliyyə dayanıqlığına birbaşa təsir edən riskdir.

Zərərin maliyyə tərəfi: kim qarşılayır?
Belə hallarda əsas məsələ zərərin baş verməsi deyil- onun kim tərəfindən qarşılanmasıdır.
-Sığortası olmayan şəxslər zərəri tam şəkildə öz vəsaiti hesabına ödəyir
-Sığortalı şəxslər isə maliyyə yükünü minimuma endirərək kompensasiya əldə edir
Bu baxımdan sığorta artıq əlavə xərc deyil, risklərin idarə olunması strategiyasıdır.

Sığorta hansı hallarda təminat verir?

Əmlak sığortası:
-güclü yağış və sel nəticəsində su basma
– dam və konstruksiya zədələri
– daxili əmlakın sıradan çıxması
Avtomobil sığortası (KASKO):
– hidrozərbə (mühərrikə su daxil olması)
– elektron sistemlərin zədələnməsi
– sel nəticəsində ümumi zərər
Biznes sığortası:
– fəaliyyətin dayanması
– avadanlıq və məhsul itkisi
– gəlir itkisi

Daşınmaz əmlakın sığortası necə əldə edilməlidir?
Daşınmaz əmlakın qorunması məqsədilə Azərbaycanda iki əsas sığorta mexanizmi mövcuddur:

İcbari əmlak sığortası
İcbari sığorta qanunvericiliklə tələb olunan və minimum təminat verən sığorta növüdür. Bu sığorta əsasən əmlakın konstruksiyasına dəymiş zərərləri əhatə edir.
Təminat məbləğləri regionlar üzrə aşağıdakı kimidir:
– Bakı şəhəri üzrə – 50 AZN ödəməklə-25 000 AZN
– Gəncə və Naxçıvan şəhərləri üzrə –40 AZN ödəməklə- 20 000 AZN
– Abşeron rayonu və digər regionlar üzrə 30 AZN ödəməklə – 15 000 AZN
Bu sığorta növü minimum maliyyə qorunması təmin etsə də, əksər hallarda real zərəri tam qarşılamaya bilər.

Könüllü əmlak sığortası
Könüllü sığorta isə daha geniş və fərdi ehtiyaclara uyğun qurulan sığorta növüdür.
Bu sığorta aşağıdakıları əhatə edə bilər:
– daşınmaz əmlak (ev, mənzil, obyekt)
– daşınar əmlak (mebel, məişət texnikası və s.)
– əlavə risklər (sel, yanğın, oğurluq və s.)
Könüllü sığortanın üstünlükləri:
– təminat məbləği real bazar dəyərinə uyğun seçilir
– risklər geniş şəkildə əhatə olunur
-fərdi yanaşma və daha yüksək maliyyə qorunması təmin edilir

Sığorta zamanı nəzərə alınmalı olan vacib məqam?
İstər icbari, istərsə də könüllü sığorta zamanı:
– müqavilə şərtləri diqqətlə oxunmalı
-risklərin daxil olub-olmaması yoxlanılmalı
-düzgün sığorta məbləği seçilməlidir

Yekunda belə bir nəticəyə gəlmək olar ki, sığorta — seçim yox, zərurətdir.
Artan iqlim riskləri fonunda sığorta artıq alternativ deyil.
– İcbari sığorta sizi minimum qoruyur
– Könüllü sığorta isə sizi real risklərdən qoruyur

Qeyd etmək lazımdır ki, təbii fəlakətlərin qarşısını almaq mümkün deyil.
Amma onun yaratdığı zərərlərə qarşı hazırlıqlı olmaq mümkündür.
Sığorta – maliyyə sabitliyinin qoruyucu qalxanıdır.

 

Müəllif: Əminə Quliyeva
Azərbaycan Konsaltinqlər Assosiasiyasının İdarə Heyətinin sədri, peşəkar sığortaçı

 

Seçilən
13
veteninfo.az

1Mənbələr