Böyük Britaniyanın müdafiə siyasətində gecikmə ictimaiyyətdə narahatlığa səbəb olub.
Musavat.com xəbər verir ki, "The Times" qəzetinin məlumatına görə, Böyük Britaniyada müdafiə qabiliyyətinin artırılması ilə bağlı qanun layihəsi 2027-ci ildən tez parlamentə təqdim edilməyəcək.
Qeyd olunur ki, sənəd ilk dəfə 2025-ci ilin iyununda müdafiə üzrə strateji icmalda elan edilmiş və onun artıq 2026-cı ilin əvvəlində müzakirəyə çıxarılması planlaşdırılmışdı. Lakin proses müxtəlif dövlət qurumlarının hazırlığın kifayət etməməsi ilə bağlı narahatlıqları səbəbindən təxirə salınıb.
Məlumata görə, qanun layihəsi kral III Çarlzın may ayında səsləndirəcəyi taxt nitqinə də daxil edilməyib. Həmin çıxışda hökumətin qarşıdakı 12 ay üçün əsas qanunvericilik planları təqdim olunur.
Layihəyə əsasən, müharibə şəraitində sənayenin hərbi rejimə keçirilməsi nəzərdə tutulurdu. Bu çərçivədə strateji sahələrdə fəaliyyət göstərən müəssisələr işçilərini mümkün səfərbərlik üçün hazırlamalı, hökumət isə ehtiyat qüvvələrini gücləndirmək üçün əlavə səlahiyyətlər əldə etməli idi.
Bundan başqa, enerji şəbəkələri və dəmir yolları kimi kritik infrastruktur obyektlərinə hərbi baxımdan prioritet status verilməsi planlaşdırılırdı.
Bu gecikmə ilə bağlı tənqidçilər artıq xəbərdarlıq edirlər: belə addımlar artan geosiyasi risklər fonunda Britaniyanın həm rəqiblər, həm də müttəfiqlər qarşısında mövqeyini zəiflədə bilər.
Müxalifət hakim Leyboristlər Partiyasını bu məsələdə ləngiməkdə ittiham edib. Hökumət isə cavab olaraq bildirib ki, müdafiə qabiliyyətini artırmaq üçün qanun layihəsinin qəbulunu gözləmək mütləq deyil.
Musavat.com