AZ

Azərbaycanda “yaxşı qız” sindromu: Sevilmək üçün özündən keçmək

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bəzi qadınlar var ki, heç vaxt problem yaratmır, heç vaxt “yox” demir, özünü ön plana qoymur. 

Onlar anlayışlı, səbirli görünür, hər kəsin yükünü daşıyır və ən əsası cəmiyyətdə “çox yaxşı qız” kimi tanınırlar. Lakin bu “yaxşılıq” çox vaxt daxildə yığılan səssiz bir yorğunluğun və görünməyən ağrının üstünü örtən incə bir pərdədir". 

Bu fikirləri “Cebheinfo.az”a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova səsləndirib. Psixoloqun sözlərinə görə, “yaxşı qız” sindromunun əsası uşaqlıqdan qoyulur: 

"Belə ki, qızlara sevilmək üçün sakit olmaq, qəbul olunmaq üçün uyğunlaşmaq, təriflənmək üçün isə özlərini geri çəkmək öyrədilir. Bu qadınlar öyrənir ki, dəyərli olmaq üçün narahat etməməli, incitməməli və istəməməlidirlər. Nəticədə öz ehtiyaclarını susduraraq başqalarının ehtiyaclarına xidmət etməyə başlayırlar və bu prosesdə özlərini itirirlər”. 

Samirə İsmayılova qeyd edib ki, bu tip qadınlar münasibətlərdə çox verən, amma az alan tərəfə çevrilir: 

“Onların sevgisi çox vaxt sərhədsiz olur. Sərhədsiz sevgi isə qarşı tərəfə məsuliyyət hiss etdirmir. Onlar incinsə belə susur, yorulsa belə davam edir, tərk edilməmək üçün özünü daha da kiçildir. Bu isə qarşı tərəfdə deyil, məhz onların daxilində böyük bir boşluq yaradır”. 

Onun sözlərinə görə, ən təhlükəlisi isə budur ki, bu qadınlar özlərini güclü hesab edir: 

"Halbuki bu “güc” əslində çox vaxt dözmək, susmaq və özünü unutmaqdan ibarət olur. Gerçək güc isə özünü ifadə etməkdən, sərhəd qoymaqdan və lazım olanda "yox"deyə bilməkdən keçir. 

Cəmiyyətdə “yaxşı qadın” anlayışı tez-tez romantikləşdirilir. Sanki hər şeyi bağışlayan, hər kəsi anlayan, özünü ikinci plana atan qadın ideal sayılır. Amma reallıqda bu model qadını tükəndirir, daxildən boşaldır və nəticədə onun özünə yadlaşmasına səbəb olur”. 

Samirə İsmayılova vurğulayıb ki, sağlam qadın hər kəs üçün “yaxşı” olmaq məcburiyyətində deyil: “O, harada dayanacağını bilir, kimə nə qədər verəcəyini hiss edir və ən əsası, özünü sevdiyi qədər başqasını sevir. 

Çünki sevgi fədakarlıq adı altında özünü silmək deyil, iki tərəfin də var ola bildiyi bir bağdır. Əgər qadın daim başqalarının rahatlığı üçün yaşayırsa, bir müddət sonra öz həyatında qonağa çevrilir. 

"Yaxşı qız" olmaq çox vaxt məhz bu qonaqlığın başlanğıcı olur. Bəlkə də artıq sual verməyin vaxtıdır ki, mən doğrudan yaxşıyam, yoxsa sadəcə sevilmək üçün özümü belə göstərirəm?”

Əfsanə Rəcəb 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr