Bakı, 6 aprel, AZƏRTAC
Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Gürcüstan münasibətlərində və bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri aktuallaşmaqdadır. Önümüzdəki bir neçə ay ərzində regional inteqrasiya üçün vacib strateji addımların atılması və mühüm qərarların qəbul edilməsi gözlənilir. Təqribən 30 ildən artıq bir dövrdə formalaşdırılması mümkün olmayan yeni iqtisadi məntiq, yeni kommunikasiya və qarşılıqlı inteqrasiya imkanları yaranmaqdadır.
H.Babaoğlu qeyd edib ki, bu gün Cənubi Qafqaz qarşısında duran yeni çağırışlar Azərbaycanın yaratdığı yeni reallıqlarla bağlıdır. Regiondakı kommunikasiyalar artıq təkcə lokal çərçivədə deyil, daha geniş coğrafiyada – Orta Asiya, Cənubi-Şərqi Asiya və Avropa üçün əhəmiyyət kəsb etməyə başlayıb. Bu isə regionun strateji rolunu əhəmiyyətli dərəcədə artırır. Yeni mərhələdə qonşu dövlətlər arasında münasibətlərin hüquqi, siyasi, iqtisadi və kommunikasiya əsaslarının yenidən nəzərdən keçirilməsi zəruridir. Bu istiqamətdə vacib strateji qərarların qəbul edilməsi artıq qaçılmazdır və bu proses yaxın perspektivdə daha da sürətlənəcək.
“Azərbaycan Prezidentinin Gürcüstana səfəri çərçivəsində də məhz bu məsələlər müzakirə olunub və konkret layihələr üzrə razılaşmalar əldə edilib. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, dünyanın müxtəlif bölgələrində təhlükə və təhdidlər artsa da, Cənubi Qafqazda sülhün əldə olunması üçün real imkanlar mövcuddur və bu imkanlardan istifadə olunmalıdır. Azərbaycan tərəfi Gürcüstan-Azərbaycan münasibətlərinə yalnız cari siyasi və iqtisadi çərçivədə deyil, həm də tarixi kontekstdə yanaşır. Bu münasibətlər dostluq və mehriban qonşuluq prinsipləri üzərində qurulub və bu gün də həmin ənənə uğurla davam etdirilir”, - deyə H.Babaoğlu vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Tbilisidə Mirzə Fətəli Axundzadənin ev-muzeyini ziyarət etməsi və mədəni tədbirlərdə iştirakı iki xalq arasında əsrlərdən bəri formalaşmış münasibətlərin yenidən xatırladılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu addımlar dostluq və qonşuluq münasibətlərinin tarixi əsaslarının bir daha ön plana çıxarılması kimi qiymətləndirilməlidir.
Sonda deputat vurğulayıb ki, bütün bu proseslər Azərbaycan-Gürcüstan münasibətlərinin tamamilə yeni keyfiyyət mərhələsinə keçidini təmin edəcək.
Müxbir – Səbinə Əlizadə