AZ

Kremlin uğursuz Qarabağ oyunu: “Paşinyana təzyiqdir”

Vladimir Putin ilə Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. 

Görüşdən sonra Rusiyanın rəsmi dairələrinin Qarabağla bağlı açıqlamaları yenidən müzakirələrə səbəb olub. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyada Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən açıqlamalara dair şərhində yer alıb. 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, bu, məqsədli şəkildə edilən açıqlamadır. Onun sözlərinə görə, bu yanaşma Ermənistanda iyun ayında keçirilməsi gözlənilən parlament seçkiləri ərəfəsində Paşinyana rəqib olan müxalif, revanşist qüvvələrə müxtəlif mesajların verilməsi məqsədi güdür: 

“Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib və Vladimir Putinlə görüşüb. Təbii ki, iki ölkə rəhbəri arasında müxtəlif məsələlər müzakirə olunub. Amma təəssüf ki, Rusiya Prezidenti növbəti dəfə Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri ilə bağlı fikirlər səsləndirib. 

Bu məsələnin yenidən gündəmə gətirilməsi, yumşaq desək, təəssüf doğurur. Ardınca Rusiya administrasiyasında ayrı-ayrı rəsmi şəxslərin, eləcə də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bu məsələyə münasibət bildirməsi heç də təsadüfi deyil. Burada əsas məqsəd, əslində, Nikol Paşinyana müəyyən formada təzyiq göstərmək, onu qınamaqdır. 

Yəni 2022-ci ildə Paşinyanın Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərini ölkənin suveren əraziləri kimi tanıması məsələsini yenidən gündəmə gətirməklə, onu bir növ qınaq obyektinə çevirmək və məsuliyyəti onun üzərinə qoymaq cəhdi müşahidə olunur". 

Deputat əlavə edib ki, Azərbaycanın qələbəsi heç bir mövqe ilə kölgələnə bilməz: 

"Məlumdur ki, Nikol Paşinyan Qərbyönümlü siyasət yürüdür. O, əvvəlki dövrlə müqayisədə, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra mövqeyini 180 dərəcə dəyişib. Artıq reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib və bu faktla hər kəs hesablaşmaq məcburiyyətindədir. 

Bu qələbə Azərbaycanın öz gücü hesabına əldə olunub və heç kin bu qələbəyə kölgə sala bilməz. Nə Ermənistan rəhbərliyinin Azərbaycanın ərazilərini tanıması, nə də Rusiyanın sərgilədiyi mövqe bu qələbənin mahiyyətini dəyişə bilər. 

Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini təmin edib və həm Ermənistan, həm Rusiya, həm də Ermənistana havadarlıq edən digər qüvvələr bu reallıqla barışmaq məcburiyyətindədir".

 Arzuxan Əlizadənin sözlərinə görə, bu gün məsələnin yenidən gündəmə gətirilməsi sadəcə olaraq, Vladimir Putinin Nikol Paşinyana qarşı müəyyən siyasi təzyiq aləti kimi çıxış etdiyini göstərir: 

"Bu, həm qarşıdakı seçkilər ərəfəsində onun mövqelərini zəiflətməyə yönəlmiş siyasət, həm də Ermənistan cəmiyyətinə mesaj vermək cəhdidir. Mesaj ondan ibarətdir ki, guya Paşinyan Azərbaycanın ərazilərini rəsmi şəkildə tanımasaydı, bugünkü vəziyyət fərqli ola bilərdi". 

Deputat bildirib ki, Rusiya bununla özünün marionet siyasətçilərinə – bu gün revanşist siyasət yürütməyi qarşılarına məqsəd qoymuş, Paşinyana müxalif olan qüvvələrə və onların camiəsinə mesaj ötürür:

"Gələcəkdə hətta onlara dəstək verə biləcəyi pərdəarxası mövqe onun açıqlamasında əsas məqsədlərdən biridir. Rusiya yaxşı bilir ki, əgər Paşinyan növbəti seçkilərdə qalib gəlsə və hökumətə rəhbərlik etməyə davam edəcəksə, o, Ermənistanın Rusiyanın tam boyunduruğundan çıxması istiqamətində, Avropa yönümlü siyasətini davam etdirəcək. 

Bu, gələcəkdə Ermənistanın həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İttifaqından çıxması ilə nəticələnə bilər. Bu da Rusiyanın Ermənistan üzərindən bölgəyə təsir imkanlarını sıfırlamış olacaq". O vurğulayıb ki, bu yanaşma  qəbuledilməzdir: 

"Yəni əsas məqsəd ondan ibarətdir ki, Paşinyanın qarşısını müəyyən mənada kəssinlər, hətta Paşinyan hakimiyyətdə qalacağı təqdirdə ona təsir göstərmək, potensial təhlükələri nəzərə alaraq onu nəzarət altında saxlamaqdır. Bu, heç bir halda qəbuledilməzdir. 

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı haqlı  bəyanat səsləndirib ki, Azərbaycanın əraziləri heç bir halda digər dövlətlərin siyasi manipulyasiya obyekti ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tamamilə öz gücü ilə bərpa edib və bu fakt birmənalı şəkildə digər dövlətlər, o cümlədən problemin yaranmasının kökündə duran Rusiya tərəfindən də mövcud reallıq kimi qəbul edilməlidir. 

Heç bir halda Azərbaycan əraziləri ilə bağlı məsələ bu və ya digər formada gündəmə gətirilə bilməz. Yəni istənilən halda, bu mövqe olduqca yanlışdır və bununla bağlı da Azərbaycan XİN dövlətimizin mövqeyini ifadə edən bəyanatla çıxış edib".

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr