AZ

Rol üçün şirlə döyüşdü, ruhi dispanserdən birbaşa şöhrətə Heydər Əliyev Rasim Balayevə nə demişdi? VİDEO

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ötən həftə, Xalq artisti, Azərbaycan kinosunun “Nəsimi”si, “Babək”i olan Rasim Balayevi itidik.

Ölkə.Az onun haqqında maraqlı faktları bir araya toplayıb:

1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olub. Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi. Amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu.

Ədəbiyyat müəlliminin sayəsində ədəbiyyata, incəsənətə marağı yaranmışdı.

Sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb.

Aktyor gənc yaşlarında davaya qarışır və xuliqanlığa görə 100 gün Gəncədə həbs yatır. Həmin vaxtlardan danışan sənətkar həbsin ona həyat dərsi olduğunu deyirdi.

“Nəsimi” filmindəki roluna görə “Ən yaxşı kişi rolu”mükafatına layiq görülüb. O, kinoda birinci baş rolu ilə bütün ölkədə tanınmışdı. Necə deyərlər, Rasim Balayev bir səhər oyandı ki, bütün ölkədə məşhurdur.

Aktyor 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. 

Onunla bağlı maraqlı faktlardan biri də bir müddət psixi dispanserdə olmasıdır. Atasının ölümündən sonra ruhi sarsıntı keçirən Rasim artıq həyatdan əlini üzmüşdü. Bu vaxt ikinci oğlu dünyaya gəlir. Rasim Balayev xəstəxanadan xəbər göndərir: oğlanın adını Asim qoysunlar, ölsəm, adının əvvəlinə “R” hərfi əlavə edərsiniz.

Rasim Balayev dispanserdə ruhi çırpıntılar yaşayarkən rejissor Həsən Seyidbəyli və yazıçı İsa Hüseynov “Nəsimi” roluna aktyor axtarırdılar.  Həsən Seyidbəyli “Nəsimi” rolunda Rasimi çəkməkdə israrlı olsa da, aktyor ömrümə az qaldığını deyərək əvvəlcə razılaşmır. Onun “Nəsimi” filminə təsdiq edilməsi həyatını xilas edir. Rasim Balayev kino tariximizin ən riskli və uğurlu kastinqi hesab edilir.

Məşhur filmdə “Nəsimi”nin ayaq dərsinin soyulması səhnəsində rejissor Rasim Balayevi tapa bilmədiyinə görə, həmin səhnədə işıqçının ayağı çəkilib. O, çəkiliş zamanı harada olması barədə suala cavab olaraq bazara qarpız almağa getdiklərini söyləyir.

Rasim Balayevin aktyorluğunu təkcə sadə insanlar yox, ümumilli lider Heydər Əliyev də çox bəyənirdi. Ona fəxri adlar verən, maşın, ev hədiyyə edən də məhz Heydər Əliyev olmuşdu. 

“Mənim respublikanın rəhbəri ilə ilk şəxsi görüşüm isə 1976-cı ilə baş tutdu. Heydər Əliyev məni məşhur sınayıcı nəzərləri ilə başdan-ayağa süzdü və dedi: «Cavan oğlan, mən sənə Əməkdar artist adını vermək qərarına gəlmişəm, amma sən, zəhmət olmasa, diqqətli ol, öz üzərində işlə və yorulub usanma, necə deyərlər, şöhrət başını gicəlləndirməsin». Bu sözlər hələ də xatirimdədir, hətta ikinci dərəcəli rollarıma belə, mən həmişə eyni məsuliyyətlə yanaşmışam”. 

Rasim Balayev müsahibələrinin  birində demişdi ki, Heydər Əliyev Babək rolu üçün ona arıqlamağı tapşırmışdı.

Uğurlu rollarından sonra gənc Rasimə hər yerdən sevgi etirafları gəlirdi. Aktyor həmin sevgi məktublarından bəzilərini  saxladığını deyirdi/

 “Dədə-qorqud” filmində Beyrək” obrazını canlandıran Rasim Balayev çəkilişlər vaxtı özü istəməsə də, əsl şirlə döyüşüb. Bu barədə danışan aktyor deyirdi ki, şir həmin filmə görə ondan daha çox qonorar alıb.

“Dədə-Qorqud”da oxatma səhnəsində Rasim Balayev səhvən həmkarı Şəfiqə Məmmədovanı yaralamışdı:

“Oxu nətəri atdımsa, Şəfiqə xanımın qoluna dəydi. Qolu qanadı. Yaxşı ki, gözünə girmədi. Sonra dedi sən bunu qəsdən eləmisən. Dedim qəsdən niyə eləyim ki? Oxdu da başqa tərəfə atırdım, ora gəldi”.

Bir çox aktyordan fərqli olaraq Rasim Balayev rejissorluğa həvəsi və istedadının olmadığını deyirdi.

Xalq artisti vaxtilə tamada kimi toylara dəvət edildiyini, lakin ehtiyacı olsa da, bundan imtina etdiyini söyləyib.

Sənətkarın ən yaxın dostlarından biri də Xalq artisti Alim Qasımov olub. Xanəndə Rasim Balayevin öldüyü gün yazırdı ki, “sənin yoxluğun dostların üçün sözlə ifadə olunmayan bir boşluqdur”.

Xalq artisti Kəramət Böyükçölə verdiyi müsahibədə keçirdiyi çətin günlərindən danışarkən demişdi ki, prezidentin verdiyi təqaüd mənim şəxsiyyətimi qoruyur. 

“Rasim müəllim mənə dedi, bala, o qədər olub ki, bu çayxanada çay içmək üçün 3 manat pul tapmamışam. Üç manata görə elə adamlara ağız açmışam, mənə kömək etməyiblər. Mən belə şeylərə görə deyirəm ki, prezidentin verdiyi təqaüd mənim şəxsiyyətimi qoruyur”. 

Rasim Balayev istər həyatı, istərsə də yaradıcılığı ilə kino kimi adam idi. O, sənətdə yeri doldurulmayacaq, Azərbaycan kinosunun sütunlarından idi. Ruhun şad olsun, sənətkar.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
olke.az

2Mənbələr