
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13% artıb, kredit kartlarının sayı isə 8% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 8 milyard 200 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 171 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 26 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil edib.