AZ

Xəstələrə həyat ümidi və şəfa verən istedadlı həkim

Bu həyatda mən hamıya sağlam ömür yaşamağı arzulayıram. Bir kəsin xəstələnməsini, həkimlərə, dava – dərmanlara möhtac qalmasını heç vaxt arzulamamışam. Amma, ” həyatda heç kim heç nədən sığortalanmayıb” kimi məhşur bir fikrin yanından sakit də ötüb keçmək olmur.

Hamı çalışır ki, öz sağlamlığını daim qorusun. Vaxtının çox hissəsini həkim qapılarında, növbələrdə keçirməsin. Amma nə qədər qorunmağa çalışsaq da, xəstəliklərdən bəzən özümüzü vaxtında və lazımi qədər müdafiə edə bilmirik. Ağrılar başlayanda anlayırıq ki, artıq gecdir, canımızı təslim etmişik. O zaman həkimlərlə üz – üzə dayanmalı oluruq. Can ağrılarımıza onların şəfalı əllərindən yardım umuruq. Doğmalarımız, yaxınlarımız xəstəlikdən əziyyət çəkəndə ilk olaraq yaxşı həkim soraqlayırıq. Dərdimizə əlac edə bilən elə həkim axtarırıq ki, həm savadlı, həm şəfqətli, həm də insani keyfiyyətlərinin daşıyıcısı olsun. Etiraf edək ki, sadaladığım keyfiyyətlər cəmini bir adamın xarakterində tapmaq indi bir az çətindir.

Bir neçə gün bundan qabaq yaxın bir nəfər səhhəti ilə bağlı mənə müraciət elədi, özünü yaxşı hiss etmirdi. Dedi ki, dərdini tapa biləcək bilici həkimə üz tutmaq istəyir.  Kimə müraciət etdimsə, onkoloq – cərrah Şəmistan Alıyevin – Şəmistan doktorun adını çəkdi. ” Həm savadına, həm də insanı keyfiyyətlərinə söz yoxdur” – dedilər.

Həkimlə görüş zamanı eşitdiklərimin doğruluğuna əmin oldum.

Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Şəmistan Alıyev ölkənin tanınmış həkimlərindəndir.

Qəbulunda çox adam vardı. Tək paytaxdan yox, bölgələrdən gələnlər … Xəstələr şəfa tapmaq üçün Şəmistan doktora üz tutmuşdular. Doktor isə ayrılıqda hər kəsə diqqətlə qulaq asır, şikayətlərini dinləyir və sadə dildə lazımi məsləhətlərini verirdi. Bəzən onun söylədiklərini çətin başa düşənlər də olurdu. O isə səbr və təmkinlə xəstəlik haqda təkrar- təkrar izahlar verir, suallar onu bezdirmirdi. Doktorun xarakterinə, xəstələrlə davranışına, özünü təmkinli aparmağına müsbət mənada həsəd apardım.

Hiss etdim ki, pasiyentləri ona çox inanırlar. Həkimin uğuru xəstənin ona qarşı olan inamından başlayır. Şəmistan həkim bu inamı qazana bilib. Öz işinin peşəkarı olmaq isə uzun illərə söykənən zəhmət, bilik və səbr tələb edir. Çünki həvəs və istək olmasa həkim olmaq mümkün deyil. Ş.Alıyevin bu zəhməti onu Azərbaycanın yaxşı və istedadlı həkiminə çevirə bilib.

Peşəkar həkim kimi tərcümeyi-halı zəngindir: Azərbaycan Tibb Universiteti, Kazan Dövlət Tibb Universiteti, Gertsen adına Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutu, Fransa Beynəlxalq Endoskopik Cərrahiyyə Mərkəzinin məzunu olan doktor bu günə qədər xoşxəssəli və bədxəssəli törəmələr üzrə 1000-dən çox böyük və kiçik əməliyyatlar edib.

“Laparoskopiya üçün Qurğu” ixtirasına görə  patentə malikdir.

Onun səsi təkcə xəstə qəbullarından deyil, dünyanın aparıcı elmi konfranslarından, xarici təcrübə proqramlarından, milli həkimlərin formalaşdıran tədris sistemindən də eşidilir. Şəmistan həkim təvazökardır, “borcumdur” deyir.

Onun yanında olduğum müddətdə apardığım müşahidələrdən bir qənaətə gəldim: İnsanlıq, şəfqət, işində məsuliyyət ona etibar qazandırıb, ümid yerinə çevirib.

Heç kim heç kəs narazı halda ayrılmadı Şəmistan doktordan. Elə mənim özüm də…Yolunuz açıq, işləriniz uğurlu olsun, doktor!

Elxan Çıraxlı

 

AzPost.az

Seçilən
13
1
azpost.info

2Mənbələr