Bu mövsüm dəfələrlə premyer-liqada matçın ən yaxşı oyunçusu mükafatını qazanan Fərdi komandasının 31 çempionat matçının 30-da iştirak edib. Son 16 matçın isə 15-də 90 dəqiqə meydanda olub. 26 yaşlı futbolçu Rumıniya ilə pley-off matçında Arda Gülərin gözəl ötürməsi ilə çox mühüm qol vuraraq Türkiyəni finala daşımışdı.
Həmin qol və Arda Gülər ilə aralarında olan söhbət haqda danışan Fərdi bunları deyib:
''Üzərimizdə həmişəkindən daha çox təzyiq var idi. Çünki 24 il idi, dünya çempionatına gedə bilmirdik. Mundialdan bizi son iki oyun ayırırdı. Rumıniya ilə matçda qol vuraraq komandaya fayda verə bildiyim üçün çox şadam. Həlledici oyunda da 1:0 qalib gəldik. Asan olmadı. Ən yaxşı oyunlarımızdan biri deyildi. Amma əsas odu ki, qələbə bizim oldu və DÇ-yə vəsiqəni rəsmiləşdirdik. Vurduğum qol həqiqətən baxımlı alındı. Fasilədə Arda ilə bu haqda danışmışdıq. Rumıniya bütün gücünü müdafiəyə qoymuşdu. Ardanın səviyyəsini bilirəm. Ona dedim ki, topu sol ayağına qəbul edən kimi mən boş zonaya qaçmağa başlayacam. Eynilə fasilədə nə planlaşdırdıqsa, onu da həyata keçirdik''.