Aldığınız yumurtanın nə dərəcədə təzə olduğunu anlamaq hər zaman asan olmaya bilər. Evdə tətbiq edə biləcəyiniz bir neçə test sayəsində bayat yumurtaları asanlıqla aşkar edib, potensial zəhərlənmə riskindən xilas ola bilərsiniz.
Səhər yeməklərinin, kekslərin və omletlərin imtinaedilməzi olan yumurta, yüksək protein və qida dəyəri ilə süfrələrimizdən əskik olmur. Lakin bayat və xarab olmuş yumurta istehlak etmək sağlamlığımız üçün təhlükəli ola bilər. Bəs, xarab yumurtanı necə tanımaq olar?
KONKRET.az evdə edə biləcəyiniz 3 testi təqdim edir:
Qoxu testi
Xarab yumurtanı anlamağın ən etibarlı yolu onun qoxusudur. Təzə yumurta demək olar ki, heç qoxmur, xarab olmuş yumurta isə ətrafa kəskin və turş bir qoxu yayır. Yumurtanın qabığını burnunuza yaxınlaşdırıb qoxulayın. Əgər şübhəlidirsə, bir qaba sındırıb yenidən yoxlayın. Pis qoxu hiss edirsinizsə, yumurtanı qətiyyən yeməyin və əllərinizi yuyun.
Su testi
Dərin bir qabı soyuq su ilə doldurun və yumurtanı ehtiyatla içinə buraxın:
Dibinə üfüqi (yan üstə) batırsa: Tam təzədir.
Dibinə yaxın, lakin bir az maili dayanırsa: Bir az boyat olsa da, hələ də yeyilə bilər.
Suyun üzündə qalırsa: Xarab olduğu anlaşılır və qətiyyən istehlak edilməməlidir.
Vizual nəzarət
Çatlamış, zədələnmiş və ya kifli qabığı olan yumurtaları heç vaxt istifadə etməyin. Yumurtanı sındırdıqdan sonra:
Sarısı: Parlaq sarı və ya narıncı rəngdə olmalıdır.
Ağı: Şəffaf və qatı olmalıdır.
Əgər sarısında boz, yaşılımtıl, çəhrayı rəng və ya hər hansı qəribə ləkə görsəniz, yumurta xarabdır. Həmçinin, sındırdıqdan sonra hər hansı qəribə qoxu gələrsə, yumurtanı dərhal atın.
Bu üç sadə testi tətbiq etməklə yumurtanın bayat və ya xarab olduğunu asanlıqla müəyyən edə bilərsiniz.