Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb. Bildirilib ki, Türkiyə Prezidenti Administrasiyasının İstanbulda yerləşən Dolmabahçe İş Ofisində baş tutan görüşdə liderlər Türkiyə–Ukrayna ikitərəfli münasibətləri, Ukrayna–Rusiya müharibəsində sülh yolları, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər. Prezident Ərdoğan görüş zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında danışıqlara dəstəyinin davam edəcəyini, bölgənin daha çox sülh və sabitliyə ehtiyacı olduğunu bildirib. Ərdoğan Türkiyənin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini qeyd edərək enerji təchizatının təhlükəsizliyinin vacibliyini vurğulayıb.
O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qətiyyətli olduğunu və bunun üçün zəruri addımların atılmağa davam edəcəyini bildirib, Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini inkişaf etdirməsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, aprelin 3-də Prezident Ərdoğan ilə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. İki lider Yaxın Şərqdəki gərginliyi dəyərləndiriblər. Ukrayna–Rusiya məsələsi ilə bağlı Prezident Ərdoğan münaqişənin sülh yolu ilə başa çatması üçün Türkiyənin səylərinin qarşısının alınmamasının vacibliyini vurğulayıb. Bildirilib ki, Türkiyə bütün tərəflərə gərginliyi artıracaq addımlardan çəkinməyi tövsiyə edərək Qara dənizdə mülki gəmilərə hücumların sabitliyə zərər verdiyini və İranla bağlı müharibənin Rusiya–Ukrayna böhranında yeni qarşıdurma sahələri yaratmamalı olduğunu qeyd edir.