«Bura bizim servisimizdir, tələbələr maşın düzəltməyi öyrənirlər, mətbəx isə digər tərəfdədir».
Lənkəran Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov, qonaqlara 800-dən çox tələbisi olan məktəbin üstünlüklərini həvəslə izah edirdi.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son illər Azərbaycanda yeni iş yerləri yaradılması probleminə yenisi əlavə olunub – mövcud iş yerinə uyğun gələn ixtisaslı işçini necə tapmalı.
Universitetləri hər il bitirən minlərlə məzun, o cümlədən gələcəyin «ağ» və «göy yaxalıqlı»ları ölkənin işçilərə tələbatını tam ödəyə bilməz. Üstəlik, yeni sahələrin yaradılması da indi fərqli ixtisaslı işçilər tələb edir. Hökumət bu ehtiyacları ixtisaslı işçilərlə təmin etməyə çalışır – nəticədə peşə təhsili yenidən yada düşüb.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzlərinə təşkil edilən infoturda bu sahədə indiyədək görülən işlər və gələcək planlar açıqlanıb.
Səfərin başladığı Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi infrastrukturuna görə, region universitetləri ilə müqayisə olunacaq səviyədədir. 2,7 hektar ərazisi olan və yenicə təmirdən çıxmış mərkəzdə tədris və yataqxana ilə yanaşı, idman, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb.
Bir neçə həftə əvvəl prezident İlham Əliyevin də baş çəkdiyi peşə mərkəzində 42 ixtisas üzrə 962 tələbə təhsil alır, gələn il bu rəqəmin 1 200 nəfərə çatması gözlənilir. Məktəbin yataqxanası hələlik kiçik – 53 nəfərlik olduğu üçün başqa rayonlardan tələbə qəbul imkanı məhduddur.
Lənkəran Peşə Təhsili Mərkəzində turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri - yəni hazırda daha çox tələbat olan sahələr üzrə kadrlar hazırlanır.
Mərkəzin ən maraqlı yerlərindən biri həyətdə yaradılan istixanadır. Burada tələbələrə xüsusi qaydada – torpaqdan istifadə etmədən, asma üsulu ilə pomidorların yetişdirilməsi öyrədilir. FED.az xatırladır ki, hazırda Azərbaycanda müasir istixanaların əksəriyyəti bu üsulla işləyir – məhsul torpaqsız üsulla yetişdirilir. İnfotura rəhbərlik edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qonaqlara məlumat verdi ki, peşə məktəbinin istixanasında da həmin sistem qurulub - aqrokimyəvi qulluqdan suvarmaya bütün proses rəqəmsal və smart texnologiya ilə həyata keçirilir.
Sahəsi ərazisi 600 kvadrat metr istixanada tələbələr artıq məhsul da yetişdirirlər. Amma məsələ təkcə pomidorda deyil, cənub bölgəsində istixana işçisi axtarışında olan bundan da gəlirli sahələr var.
«Bu regionda təkcə pomidor yetişdirmək üçün deyil, istər çiyələk, istərsə də digər giləmeyvələrin yetişdirilməsi üçün bu istixanalara və işçi heyətinə ehtiyac var. Bu mənada çox vacibdir ki, kənd təsərrüfatı ixtisaslarında həm aqrotexniki qulluq, həm də bu tipli qapalı, müasir kənd təsərrüfatı məhsullarını yetişdirmək işini tələbələrimizə öyrədək. Onlar da əmək bazarına hazır vəziyyətdə çıxsınlar»-deyə nazir müavini izah edir.
Mərkəzində digər emalatxanalara – avtoservis, bərbərxana, kulinariya, dəriçilik kimi emalatxanalara baxış keçirilib. Bu da təsadüfi deyil, Lənkəranda Pəşa Mərkəzində avtomobil ustaları da hazırlanır.
Azərbaycanda 1,2 milyondan artıq avtomobilin sürüldüyü, üstəlik hər il xaricdən 250 min avtomobil gətirildiyini nəzərə alanda bu sahədə normal və ustalara böyük ehtiyac var. Artıq indi belə ustaların aylıq gəliri universitet məzunlarının maaşlarını üstələyir.
Avtosevis emalatxanası xüsusilə maraqlı idi – buradakı avadanlıqlara Bakıdakı avtoservislərin əksəriyyəti qibtə edə bilər. Tələbələr avtoservisdə nəinki adi, eləcə də son illər çox yayılan elektrik və hibrid avtomobillərini təmiri və diaqnostikasını öyrənirlər. Bu Azərbaycanda yeni peşələrdən biridir, hazırda bu ixtisasda 20 tələbə qəbul olunub. Dərslərin həm praktiki, həm də nəzəri aparıldığı servis bütün avadanqlıqlarla təmin olunub. Burada yük və minik avtomobilləri üçün xüsusi simulyatorlar fəaliyyət göstərir, bu tələbələrə özlərini təkmilləşdirməyə imkan verir, həm də avtomobil sürmək öyrədilir.
Azərbaycanda son illər sürətlə yayılan digər maraqlı sahə gözəllik salonlarıdır. Peşə mərkəzində də bu ixtisalar tədris olunur – bu məqsədlə Təhsil Mərkəzində həm qadın, həm də kişi bərbər otaqları faəliyyət göstərir. Bu ixtisası alan tələbinin iş tapması çətin deyil, ya iş tapır, ya da öz öz işini qura bilir. Xüsusilə də müxtəlif yaş qruplarından olan tələbə xanımlar burada işi sıfırdan öyrənir, praktiki bilikləri elə burada tətbiq etməyə başlayırlar.
Ümumiyyətlə Mərkəzdə unutmurlar ki, bütün bu prosesin məntiqi sonu s tələbələrin işlə təmin olunmasıdır. Ona görə də ixtisas byrətməklə yanaşı, Mərkəzdə tələbəlirin işlə təmin olunması işi də aparılır – artıq əvvəlki ilin məzunları üçün xüsusi “Whatsapp” qrupu açılıb və məzunlara real iş imkanları barədə mütəmadi məlumat verilir.
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində yeni və maraqlı bir layihə də həyata keçirilir. Bu - təcrübə-otel layihəsidir. Bu layihə tələbələrin otelçilik qaydalarını praktiki olaraq yiyələnməsinə xidmət edir. Binada otellərdə olan bütün infrastruktur qurulub. Təcrübə otelin restoranı, otaqları tam hazır vəziyyətdədir və gələn tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulub.
Lənkəran Peşə Mərkəzində ən çox tədris olunan peşələrdən biri aşbazlıqdır. Hazırda Mərkəzdə hərəsi 20 nəfər olmaqla 4 kulinariya qrupu təhsil alır, iri kulinariya emalatxanasında isə 80 tələbə eyni zamanda işləyə bilir. Mərkəzdə əsasən aşbazlıq, qənnadçı və şirniyyatçı ixtisası üzrə təhsil verilir, məzunları ən çox və ən rahat iş tapan da bu ixtisaslardır. Kulinariya emalatxanasında hazırlanan yemək və şirniyyatlar qonaqlara da təklif olundu, dadından və keyfiyyətindən hamı razı qaldı. Qeyd edildi ki, məhz bu emalatxananın məzunları hazırda bir çox yerlərdə işləyirlər. Məzunların çalışdığı yerlərdən biri də Lənkəran şəhərindəki “İpək Yolu” un məmulatları mağazası idi, səfər zamanı həmin mağazaya baş çəkilib, həm görülən işlər, həm də məzunların iş şəraiti ilə tanışlıq olub.
İnfoturun növbəti dayanacağı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi oldu. Bura 30 hektar sahə ilə ölkədə ən böyük Peşə Təhsil Mərkəzi sayılır. Mərkəzdə 3 laboratoriya, 13 emalatxana, STEAM Mərkəzi, praktiki məşğələ otağı, 252 yerlik akt zalı, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi bölgənin xüsusiyyətlərinə uyğun olaraq daha çox əkinçilik və maldarlıq sahəsi üzrə ixtisaslaşıb. Mərkəzdə xüsusi fermalar fəaliyyət göstərir ki, buradan həm ətlik, həm südlük məhsul istehsal edilir. Mərkəzin süd və süd məhsullarına – süd, qaymaq, şor, pendir, yağ, ayran və s. kimi digər məhsullara olan tələbatı elə bu ferma sayəsində qarşılanır.
Bu Mərkəzdə digər bir maraqlı ixtisas - qadın traktor sürücülərinin hazırlanmasıdır. Bu ixtisasda təhsil alan tələbələrin praktiki olaraq traktorları istifadə etməsini gördük.
Mərkəzin digər bir emalatxanasında dülgər sənəti öyrədilir, sexlərdə bunun üçün bütün avadanlıqlar var. Mərkəzdə təhsilin maraqlı tərəfi dual təhsil imkanıdır, yəni tələbələr həftənin 2 gününü Mərkəzdə, qalan 3 gününü isə müxtəlif sexlərdə real iş şəraitlərində həyata keçirirlər.

Ümumiyyətlə, Lənkəran və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzlərində tələbələrin təhsil alması üçün bütün şərait yaradılıb. Diqqəti çəkən məqam, məktəbi bitirən tələbələrin iş tapmaq imkanıdır. Aktual peşələrdə oxuyan tələbələr hələ təhsil bitmədən öz ixisasları üzrə iş tapa bilirlər. Məhz bu xüsusiyyətlər insanarlın peşə təhsilinə diqqətini ayıran məqamlardandır. Buna görə də «ali təhsil, yoxsa təhsilsizlik» variantı arasında qalanlar üçün seçimlərdən biri də peşə təhsilidir.
Təsadüfi deyil ki, son 5 ildə peşə təhsili üçün 500 mindən artıq tələbə müraciət edib, Nazir müavini Kənan Kərimzadə bildirib ki,
2021-2025-ci illərdə Peşə Təhsil Mərkəzlərində təhsil almaq üçün 506 min nəfər müraciət edib. Eyni zamanda bu dövrdə peşə məktəbini bitirən 13 min 600 nəfər işlə təmin olunub.
İnfotur zamanı Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri bu sahədəki planları da açıqlayıblar. Lənkəran Peşə Mərkəzində keçirilən təqdimatda bildirilib ki, peşə məktəbləri şəbəkəsi ölkənin digər ərazilərinə də yayılacaq.
Bir qədər əvvəl təsdiqlənmiş yeni proqrama əsasən qarşıdakı
4 il ərzində (2026-2030-cu illərdə) ölkədə 21 peşə təhsil mərkəzi tikiləcək. «Peşə təhsili müəssisələrinin sayının artırılması gələcək iş təminatını, Azərbaycanın əmək bazarını dəyişəcək. Ümid edirik ki, 2030-cu ilədək ölkənin hər iqtisadi rayonunda azı 2 belə məktəb görəcəyik", - deyə o, bildirib.

g






















