AZ

Peşə təhsili artıq “ikinci seçim” deyil - Lənkərandan REPORTAJ

Aprelin 3-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi bu dəfə yalnız tələbələrin deyil, media nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin diqqət mərkəzində idi. Regionlarda peşə təhsilinin real vəziyyətini göstərmək məqsədilə təşkil olunan infotur bir növ “açıq qapı günü”nü xatırlatsa da, burada təqdim olunan mənzərə sadəcə tanışlıqdan daha artıq idi. Bu, dəyişən təhsil sisteminin canlı nümayişi idi.

Səfərdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin nümayəndələri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, media rəhbərləri və jurnalistlər iştirak edirdi. Məqsəd isə aydındır: peşə təhsilinə dair formalaşmış stereotipləri yerindəcə dağıtmaq və yeni reallığı göstərmək.

Mərkəzin ərazisinə daxil olan kimi ilk diqqət çəkən məqam geniş və sistemli qurulmuş infrastruktur olur. 

Yenidənqurmadan sonra 7 korpusdan ibarət olan kompleksdə yalnız tədris otaqları deyil, eyni zamanda laboratoriyalar, istixanalar, emalatxanalar, yataqxana, idman sahələri və sosial obyektlər fəaliyyət göstərir.

Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib.

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

CNC dəzgahlarının yerləşdiyi emalatxanalar, avtotəmir sahələri, kulinariya korpusları və “təlim-qonaq evi” modeli peşə təhsilinin artıq köhnə “usta-şagird” formatından çıxaraq müasir sistemə çevrildiyini açıq şəkildə göstərir. Burada tələbələr yalnız öyrənmir, eyni zamanda real iş mühitini simulyasiya edən şəraitdə təcrübə qazanırlar.

İnfotur çərçivəsində çıxış edən nazir müavini Kənan Kərimzadə mərkəzin əhəmiyyətini xüsusi vurğuladı:

180681

“Çox sevinirəm ki, son illərdə istifadəyə verilən 5-ci belə peşə təhsil müəssisəmiz var. Cənab Prezidentin bu regiona, elm və təhsil sisteminə çox böyük bir hədiyyəsidir.

Ötən ilin sonunda ölkədə müasir standartlı, yeni infrastrukturla təmir olunmuş 23 yeni məktəbin yaradılması ilə bağlı ölkə başçısı tərəfindən siyasi razılıq ortaya qoyulub. İnanıram ki, 2030-cu ilədək ölkədə ən azı 30-a yaxın, çox yüksək infrastruktura malik, məzmunu yenilənmiş, maliyyələşməsi müəyyən mənada dəyişmiş peşə təhsil mərkəzləri yaradılacaqdır.

Təxminən bu müəssisədə 1000-ə yaxın tələbə təhsil alır. Bu il müəssisəyə 800-ə yaxın tələbə qəbul edilib. Yəqin ki, növbəti illərdə tələbələrimizin sayı 1200 nəfərə çatacaqdır”.

Nazir müavini həmçinin jurnalistlərə açıqlamasında vurğulayıb ki, artıq peşə təhsilində həm nəzəri, həm də praktiki komponentlər balanslı şəkildə qurulub və bu, nəticələrdə də özünü göstərir:

180682

“Möhtərəm cənab Prezident tərəfindən bu müəssisənin açılışı olub. Bu müəssisə bütövlükdə Lənkəran şəhərinə, eləcə də hesab edirəm ki, bütün Azərbaycana ölkə başçısının hədiyyəsidir. Bizim çox yaxşı nəticələrimiz var. Bu gün sizlərin gördüyü kimi təhsilin, tədrisin həm nəzəri aspektləri, həm də praktiki aspektləri müəssisədə öz əksini tapıbdır.

Cənab Prezidentin səfərindən sonra bizim bu gün 2-ci rəsmi tədbirimiz oldu. Ümid edirəm ki, media nümayəndələri burada gördüyü hekayələri daha geniş ictimaiyyətə çatdıracaqlar. Ümumilikdə onu qeyd etmək istərdim ki, peşə təhsilinə maraq böyükdür. Növbəti illərdə yəqin ki, ən azı 1 və ya 2 bu cür müasir peşə təhsil müəssisəsi istifadəyə veriləcəkdir”.

İnfotur iştirakçıları üçün təşkil olunan təqdimatlar və master-klasslar göstərdi ki, tədris prosesi sadəcə sinif otaqları ilə məhdudlaşmır.

Mərkəzin direktoru Afər Kərimov xüsusilə yeni ixtisaslardan danışaraq qeyd edib:

180684

“Elektrik və hibrid avtomobillərin təmiri və diaqnostikası ixtisası peşə təhsili üçün yenidir. 2025-2026-cı tədris ilində bu ixtisas üzrə 20 tələbə qəbul olunub. Tələbələrimiz hazırda müəllimləri ilə birgə sahə ilə bağlı müəyyən təlimlər keçirlər.

Qeyd etmək istərdim ki, emalatxana tam avadanlıqlarla təmin edilib. Eyni zamanda burada 2 simulyator da var. İxtisas özü-özlüyündə yenidir və olduqca böyük maraq var”.

Bu, onu göstərir ki, peşə təhsili artıq gələcəyin texnologiyalarına uyğunlaşır və əmək bazarının real tələblərinə cavab verir.

İnfoturun ən yaddaqalan hissəsi isə tələbələrin hekayələri oldu. Onların sözlərində peşə təhsilinə yeni baxış aydın hiss olunur.

19 yaşlı Tuğra Əliyeva dərzilik ixtisasını seçməsinin səbəbini belə izah edir:

180685

“11 il məktəbi oxuyub bitirdikdən sonra bu müəssisə haqqında məlumat əldə etdim. Yeni tikili olması, yəni müasir standartlara cavab verməsi, sözün açığı, daha çox diqqətimi cəlb etdi. Dərzilik sahəsinə də əvvəldən istəyim olub. Burada müəllimlər hər şeyi olduqca yaxşı izah edir.

Hazırda “oversize”köynəyi tikirəm. Əvvəl kökləyirik, daha sonra isə maşın tikişi ilə tikirik. Əlavə bəzək lazım olarsa, arxada yerləşdirilən maşından istifadə edirik. Əsas hədəfim burada təhsil almaqdır.

Daha sonra isə bir atelye açmaqla şəxsi karyera qurmaq istəyirəm”.

Onun danışığında həm peşəyə maraq, həm də gələcək planların konkretliyi hiss olunur.

18 yaşlı Stella Hüseynzadə isə bu sahəni daha geniş perspektivdə qiymətləndirir:

180686

“Peşə təhsil mərkəzinə gəlməzdən öncə peşə siniflərində oxuyurdum. Daha sonra atamın istəyi ilə peşəyə hazırlaşmağa qərar verdim. Hər kəsə tövsiyə edirəm ki, gəlib burada təhsil alsınlar. Dərzi olmağın özü çox maraqlıdır. Çünki hər gün dəb yenilənir.

Düşünürəm ki, insanın öz paltarını özü tikməsi çox maraqlıdır. Özümə atelye açıb peşəmi davam etdirmək istəyirəm. Qardaşım da peşə sinfində təhsilini davam etdirir. O, kombi və kondisioner üzrə oxuyur. Ruhdan düşmək qətiyyən lazım deyil. Düşünürəm ki, heç bir xanım işsiz qalmamalıdır”.

Onun bu fikirləri peşə təhsilinin sosial və iqtisadi baxımdan yaratdığı imkanları da ön plana çıxarır.

Statistika da bunu deyir

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Gültac Rəsulovanın təqdim etdiyi statistika marağın artdığını açıq şəkildə göstərir:

180687

“Daha çox müraciət olunan istiqamətlər əmək bazarında məşğulluq yaradan istiqamətlərdir. Onlardan biri də az əvvəl səfər etdiyiniz dizayner ixtisasıdır. Bu ixtisasa 2025-ci ildə tələbə qəbuluna təxminən 500 nəfər müraciət edib. Onlardan 495 nəfəri qəbul olunub və hazırda təhsil alır.

180688

Müraciət edilən ixtisaslar arasında daha çox xidmət sahələri aşbazlıq, dərzilik, bərbərlik və s. Bu ixtisaslar dərhal məşğulluq yaradan, çevik ixtisaslardır.

Bu il təxminən aşbazlıq ixtisasına 1829 tələbə qəbulu aparılıb. Onu da qeyd edim ki, bu, ən çox müraciət olunan ixtisaslardan biridir. Həm 9 illik təhsil bazasından, həm də tam orta təhsil bazasından qəbul aparılır.

Ümumilikdə qəbulun təxminən 58%-ni qısa müddətli proqramlar tutur (qısa müddətli proqramlar yəni 6 aydan 1 ilə qədər). Bu isə həm daha tez təhsil əldə etmək, həm də əmək bazarına daha tez uyğunlaşmaq imkanı verir. Müəssisədə həm qızlar, həm də oğlanlar üstünlük təşkil edir. Qadınlar daha çox ənənəvi ixtisaslara müraciət edirlər”.

Eyni zamanda qadınların iştirakı da diqqət çəkir:

“Dayəlik üzrə 100%, mikrobioloq üzrə 92%, moda-dizayn üzrə 91% xanımlar üstünlük təşkil edir. Lakin demək olar ki, ənənəvi ixtisaslarla yanaşı, texniki ixtisaslara da maraq göstərirlər.

Məsələn, veb-dizayner və proqram təminatçısı ixtisasına bu il 60% qadınlar üstünlük təşkil edib. Bu da öz növbəsində onu deməyə əsas verir ki, qadınlar ənənəvi ixtisaslarla yanaşı həm də texniki və İT sahəsi üzrə təmsil olunurlar. Qadınlar bu il təxminən 40 ixtisasda 50%-dən çoxdur. 127 ixtisasda isə ümumilikdə qadınlar da təmsil olunurlar”.

Bu isə peşə təhsilinin artıq gender baxımından da daha balanslı və inklüziv olduğunu göstərir.

Lənkəranda keçirilən bu infotur bir daha sübut etdi ki, peşə təhsili artıq “ikinci seçim” deyil. Müasir infrastrukturu, praktik yönümlü tədrisi və əmək bazarına uyğun ixtisasları ilə bu sahə gənclər üçün real və perspektivli yol kimi formalaşır.

Burada yaradılan mühit, tələbələrin sərbəst və inamlı çıxışları, müəllim-tələbə münasibətlərinin çevikliyi bir şeyi açıq şəkildə göstərir: peşə təhsili dəyişir və bu dəyişiklik artıq görünəndir.Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində gördüklərimiz isə sadə bir həqiqəti təsdiqləyir: burada verilən təhsil sadəcə diplom üçün deyil, həyat üçün hazırlanır.

180689

180690180691180693180694180695180692

Seçilən
12
15
azedu.az

10Mənbələr