AZ

Parisdə Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun plenar iclası keçirilib

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun növbəti plenar iclası keçirilib.

Bu barədə "Far.Az"un Avropa bürosuna Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.

Plenar iclas çərçivəsində üzv dövlətlər UNESCO-nun İcraiyyə Şurasının 224-cü sessiyasının gündəliyi barədə məlumatlandırılıb. Həmçinin, Qrupun İcraiyyə Şurasında aktiv iştirakı, eləcə də digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İclasın açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev qeyd edib ki, bugünkü görüş qarşıdan gələn önəmli iclaslar fonunda Qrup arasında koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətli olub. O, həmçinin bildirib ki, İcraiyyə Şurasının 224-cü sessiyasını gündəliyində təşkilatın büdcə məsələlərindən tutmuş "UNESCO-80" yol xəritəsinə qədər vacib məsələlər olub.

"Bunlar sadəcə prosedur məsələləri deyil. Onlar təşkilatın getdikcə mürəkkəbləşən qlobal mühitdə mandatını necə yerinə yetirə biləcəyi baxımından öz mövqeyinin əsasını təşkil edir", - səfir deyib.

Yol xəritəsi təşkilatın 2025-2026-cı illərdə 80 illiyi ərəfəsində prioritetlərini müəyyən edən strateji sənəddir və bu sənədin müzakirəsi UNESCO-nun cari islahatının əsas elementidir.

134 üzv dövlətdən ibarət G-77 və Çin Qrupunun iclası UNESCO-nun İcraiyyə Şurasının sədri, Qətərin bu təşkilat yanındakı daimi nümayəndəsi, Nasser Bin Hamad Al Hinzabın fəxri qonaq qismində iştirakı ilə keçirilib.

O öz çıxışı zamanı qarşıdakı sessiyanın prioritetləri və gözləntiləri barədə məlumat verib və üzv dövlətlərlə əməkdaşlığın, çoxtərəfli dialoqun əhəmiyyətini vurğulayıb.

G-77 qrupu 1964-cü ildə 77 inkişaf etməkdə olan dövlət tərəfindən təsis edilib və o vaxtdan bəri Qlobal Cənub ölkələrinin kollektiv iqtisadi maraqlarını irəli sürmək üçün ən güclü platformaya çevrilib. Azərbaycanın UNESCO çərçivəsində bu strukturda sədrliyi, xüsusilə 2024-cü ildə COP29 qlobal iqlim sammitinin uğurla keçirilməsindən sonra Bakının beynəlxalq arenada artan diplomatik çəkisini vurğulayır.

Seçilən
1
29
far.az

10Mənbələr