AZ

Bütün yollar AAYDA ya aparır... “Milyonlar onların cibinə getməsə, biz bu cür yollarla avtobus sürmək məcburiyyətində qalmarıq”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkədə yağan yağış müxtəlif dövlət qurumlarının yarıtmaz fəaliyyətinə işıq saldı ki, onlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir (AAYDA). Ölkənin müxtəlif ərazilərində yollar çökdü, körpülər sıradan çıxdı.

Bizimyol.info xəbər verir ki, əvvəllər də yaxşı vəziyyətdə olmayan bir sıra magistral yollar son yağışlardan sonra daha bərbad vəziyyətə düşüb. Paytaxtdan ölkənin şimal istiqamətinə gedən magistral avtomobil yolundakı vəziyyəti buna misal göstərmək olar.

Bu barədə Bizimyol.info xəbər portalına məlumat verən avtobus sürücüləri deyir ki, onsuz da dağılmış vəziyyətdə olan beton yolda yağışdan sonra daha dərin çökəkliklər əmələ gəlib: “Biz 15 ildir o yolda əziyyət çəkirik. Qubanın keçmiş deputatı Vahid Əhmədov Milli Məclisdə o yolun bərbadlığı məsələsini qaldırandan sonra Bakıya gələn hissəni tamamilə sökdülər, yenidən çəkdilər. Yaxşı, rahat yoldur. Quba-Xaçmaz istiqamətində gedən beton yol isə əvvəlki kimi bərbad vəziyyətdə qaldı. Yağış yağandan sonra lap dözülməz olub. O yolda sürəndə maşına adamın yazığı gəlir. Bizim dəmirə yazığımız gəlir, amma bu məmurların bizə yazığı gəlmir”, - deyə Ələkbər Hüseynov bildirib.

Sürücülər bildirir ki, yolun bərbadlığından şikayətlənəndə əks arqument olaraq, onlara şimal istiqamətində hərəkət üçün ödənişli yol olduğunu deyirlər. Onlar isə bu fikirlə razılaşmırlar: “Kimin pulu varsa, daha sürətli yolla getmək istəyirsə, özü bilər. Mən avtobus sürücüsüyəm, nə qazanıram ki, pullu yolla gedim? Bütün dünyada hökumət hər təbəqədən olan insanları başa düşür. O nə deməkdir ki, pullu yolla getmirsənsə, səni belə çökəkdə getməyə məcbur edəcəyəm? Ona görə yollara ayrılan milyardlar məmurların cibinə gedir? Əgər onların cibinə getməsə, biz də bu cür yollarla sürmək məcburiyyətində qalmarıq”.

Qeyd edək ki, “gununsesi.info” AAYDA-nın sədri Saleh Məmmədovun bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılmasından sonra bu qurumda yoxlamaların aparıldığı və 1 milyard manata yaxın yeyinti aşkarlandığı barədə məlumat əldə edib. Məlumatda iddia olunur ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub. Əks təqdirdə, prosesin sonu Saleh Məmmədov və ətrafının həbsi ilə nəticələnəcək.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
20
icma.az

10Mənbələr