AZ

ABŞ+İsrail İran savaşında yaxın vaxtlarda nələr baş verə bilər..? TƏHLİL

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Cari il aprel ayının 5-7-si arasında ABŞ ordusu İrana qarşı quru əməliyyatına başlayacaq. Hücumda təxminən 15.000 hərbçi iştirak edəcək

“Nüvə şantajının da heç bir effekti olmayacaq. İsrail və ya ABŞ nüvə silahına əl atsa, təkcə İsrail deyil, həm də İran körfəzi yaxınlığındakı ABŞ donanması məhv ediləcək...”

“Böyük ehtimalla, ərəb şeyxləri də vəziyyətin kritik olduğunu anlayırlar. Onlar özlərini ölümcül təhlükəyə atmaqdansa, bölgənin növbəti ağası ilə saziş bağlamağa çalışacaqlar. Həmin yeni sahib hansı dövlət olacaq?..”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış tədiqatçı Araz Şəhrilinin “ABŞ+İsrail - İran müharibəsində yaxın vaxtlarda nələr baş verə bilər..?” başlıqlı növbəti analitik araşdırma yazısını dəyərli oxucuların müzakirəsinə buraxır:

“Bəzən “Epşteyn koalisiyası” da adlandırılan ABŞ-İsrail cütlüyü İrana qarşı apardığı müharibədə təşəbbüsü elə ilk günlərdən itirib. Faktiki olaraq, cütlük, əslində, məğlubiyyətə uğrayıb. Bunu etiraf edib ziyanın yarısından qayıtmaq üçün siyasi müdriklik lazımdır. Amma təəssüf ki, ABŞ və İsrailə rəhbərlik edən şəxslərdə belə bir keyfiyyət yoxdur. Ona görə də çox güman ki, konvulsiv hərəkətlər edərək həm özlərini batıracaqlar, həm də bütün bölgəni fəlakət girdabına sürükləyəcəklər. Bəs onlar hansı xaotik addımları ata bilərlər?..

1. Əvvəlcə “Amerika İranın Xarq adasına hücum edəcək, yoxsa..?” başlıqlı, 27 mart 2026-cı il tarixli məqaləmizin aşağıdakı hissəsinə baxaq:

“Belə bir ehtimal irəli sürə bilərik ki, ABŞ ordusu Hörmüz boğazının ən dar hissəsində Qəşm və Kiş adalarını, onlarla üzbəüz sahilyanı ərazini, xüsusilə İran ordusunun buradakı bunkerlərini ələ keçirməyə çalışacaq. Bunu edə bilsə, İran körfəzinin çıxış hissəsini nəzarətə götürəcək. Bunkerlər isə ABŞ-nin dəniz piyadalarını iranlıların raket-dron zərbələrindən qoruyacaq. Lakin bu halda da ciddi problemlər yarana bilər:

- Möhkəmləndirilmiş bunkerlərin birbaşa hücumla alınması böyük itkilərlə müşayiət olunacaq. Çünki həmin ərazini İran ordusunun ən hazırlıqlı və güclü hissələri qoruyur.

- ABŞ ordusu bunkerləri ağır bombalarla dağıdıb yararsız hala salsa, sahilyanı əraziyə çıxarılacaq dəniz piyadaları raket-dron zərbələrindən qoruna bilməyəcəklər.

- Bunkerləri iranlılar özləri minalayıb son anda partlada bilərlər.

- Sahilyanı əraziyə hücum başlasa, iranlılar bütün İran körfəzini minalayacaqlar.

-  Yəmənlilər Bab-əl-Məndəb boğazını bağlayacaqlar.

Nəticə:

Bu əməliyyatın da uğurla bitəcəyi çox şübhəlidir. Amma yenə də qeyd edirik ki, artıq heç kim Donald Trampı rasional düşüncəli dövlət başçısı hesab etmir”.

İndi isə amerikalı məşhur hərbi analitik Larri Consonun (Lurry Jhonson) 2 aprel 2026-cı il tarixli çıxışına nəzər salaq: 

“Cari il aprel ayının 5-7-si arasında ABŞ ordusu İrana qarşı quru əməliyyatına başlayacaq. Hücumda təxminən 15.000 hərbçi iştirak edəcək. Hər döyüşçüyə iki paraşüt verilib. Bu isə ona dəlalət edir ki, əsgərləri döyüş zonasına çox böyük yüksəklikdən atacaqlar. Deməli, əsas hədəf kiçik Xarq adası deyil, iri Qəşm adası və İranın sahilyanı ərazisidir. İran ordusunun canlı qüvvə və texnikasını məhv etmək üçün “A-10 Thunderbolt II” təyyarələri ayrılıb. Bütün bunlara rəğmən, quru əməliyyatı uğursuz olacaq, ABŞ ordusu böyük itkilər verib geri çəkiləcək.”. 

Maraqlıdır ki, amerikalı analitikin bəyanatından az sonra İran silahlı qüvvələri Qəşm adası üzərində ABŞ-nin bir “A-10 Thunderbolt II” döyüş təyyarəsini “yer-hava” tipli raketlə vurub məhv etdilər. Təyyarənin hədəfə götürülməsi, vurulması və yanaraq düşməsi anlarının video-çəkilişi də göstərildi. Bu hadisə Larri Consonun ehtimalını gücləndirir. Belə görünür ki, ABŞ Qəşm adası üzərinə həqiqətən də hücuma hazırlaşır. Eyni zamanda sözügedən fakt həm də onu göstərir ki, İran ordusu düşmənin niyyətini bildiyinə görə adanı kifayət qədər yaxşı qoruyur. Həmin epizoddan təxminən 10 saat sonra İran ordusu Mərkəzi ostanının səmasında ABŞ-nin “F-15” və ya “F-35” döyüş təyyarəsini vurub saldı. Bu əməliyyatın da video-görüntüsü yayımlandı. 8-9 saat keçməmiş iranlıların açdığı atəş nəticəsində ABŞ-nin üçüncü döyüş təyyarəsi - “F-16” zədələndi. İlkin informasiyaya əsasən, pilot xəsarət almış təyyarəni Səudiyyə Ərəbistanındakı hava limanına endirə bilib. Bir-iki saat sonra İran-İraq sərhədində ABŞ-nin iki “UH-60 Black Hawk” helikopteri vuruldu… 

Cəmi bir sutka ərzində baş tutmuş beş uğurlu zərbə ABŞ-nin Qəşm və ya Xarq əməliyyatından imtina etməsinə səbəb ola bilər. Çünki hücumdan əvvəl koalisiya İran ordusunun mövqelərini “A-10 Thunderbolt II” təyyarələri vasitəsilə bombalamalıdır. Əks-təqdirdə quru əməliyyatı ağır itkilərlə müşayiət olunacaq. Planlaşdırılan əməliyyata cəmi üç-beş gün qalmış şərtlər sanki qəfildən dəyişdi. Aprel ayının 3-də aparılmış döyüşlərin nəticələri ona dəlalət edir ki, İran ordusu ABŞ-nin təyyarə və helikopterlərini asanlıqla vurur. ABŞ ordusunun rəhbərliyi belə bir vəziyyətdə aviasiyadan istifadəni təhlükəli hesab edəcək. Lakin ABŞ prezidentinin düşdüyü vəziyyəti, onun psixoloji durumunu nəzərə alaraq, quru əməliyyatının heç nəyə baxmayaraq keçiriləcəyini istisna etmirik. Onun mümkün istiqamətləri və variantlarını “Amerika İranın Xarq adasına hücum edəcək, yoxsa..?” başlıqlı, 27 mart 2026-cı il tarixli məqaləmizdə göstərmişik… 

2. Mümkündür ki, “Epşteyn koalisiyası” birinci (1990-1991) və ikinci (2003) körfəz savaşlarına  bənzər bir situasiya yaratmağa çalışacaq. Xatırladaq ki, İraqla müharibələrdən əvvəl ABŞ İsrailə tapşırmışdı ki, İraqın raket hücumlarına qətiyyən cavab verməsin. Çünki ABŞ-nin qurduğu koalisiyaya daxil olmuş ərəb ölkələri İsraillə bir sırada döyüşmək, onun hətta epizodik müttəfiqi də olmaq istəmirdilər. İsrail müharibəyə daxil olsaydı, ərəb dövlətləri dərhal koalisiyanı tərk edəcəkdilər. Beləliklə, ABŞ-İsrail cütlüyü tarixi təcrübəni nəzərə alaraq, İranla müharibənin gedişində hansı tədbirlərə əl ata bilər? Gəlin onları sadalayaq:

- İsrail birtərəfli qaydada müharibədən çıxdığını və bundan sonra İranın hücumlarına cavab verməyəcəyini bəyan edəcək.

- İranı təhrik edəcəklər ki, Bəhreynə qoşun yeritsin.

- Çalışacaqlar ki, əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Səudiyyə Ərəbistanı, sonra isə onların vasitəsilə Misir İranla müharibəyə qoşulsun…

Amma məsələ ilk baxışdan göründüyü kimi sadə və hamar deyil. İran rəhbərliyi sözsüz ki, bu varianta çoxdan hazırdır. Beləliklə, iranlıların mümkün cavab zərbələrini proqnozlaşdıraq:

- Şimali yəmənlilər Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlara başlayacaqlar.

- İraqlılar Küveyti darmadağın edəcəklər.

- İran Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin su təmizləyici qurğularını, neft və qaz infrastrukturunu məhv edəcək. Nəticədə bu dövlətlər yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar…

- Livan şiələri isə İsrailə zərbələri davam etdirəcəklər.

Nəticə: 

Bu variantın zamanı çoxdan keçib. ABŞ-İsrail cütlüyü gecikib. Böyük ehtimalla, ərəb şeyxləri də vəziyyətin kritik olduğunu anlayırlar. Onlar özlərini ölümcül təhlükəyə atmaqdansa, bölgənin növbəti ağası ilə saziş bağlamağa çalışacaqlar. Həmin yeni sahib hansı dövlət olacaq? - Rusiya, Çin, yoxsa İran? - Bunu zaman göstərəcək… 

3. ABŞ və ya İsrail nüvə silahına əl ata bilər. Amma onları bu hərəkətdən saxlayan ciddi bir səbəb var. Tramp-Netanyahu cütlüyü ehtimal edir ki, İran artıq nüvə silahına yıyələnib. İsrailin İrana nüvə silahı atması İranı məhv etməyəcək. Lakin bunun əksi baş versə, İsrail yox olacaq. Görünür, elə bu təhlükəni nəzərə alan İsrail ordusu “dəmir qübbə” raketlərinin tükənməsinə və sistemin çökmək üzrə olmasına baxmayaraq, özünün ən yaxşı “raket əleyhinə raket”ini - “OX-3”-ü hədsiz qənaətlə işlədir. Ehtimala görə, bu raketdən İsraildə cəmi 800-900 ədəd qalıb. Sürəti 14 maxa çatan “OX-3” raketi İranın adi ballistik və super-səs sürətli raketlərini 2.400 km məsafədən vura bilər. Amma hiper-səs sürətli raketləri tutmaq şansı azdır. İslam Cümhuriyyətinin ən sürətli raketi “Xürrəmşəhr-4”-dür. Onun elan olunmuş sürəti 16 maxdır. Sürəti 15 maxı keçən “Fəttah-2” raketi həm də yüksək manevr qabiliyyətinə malik olduğu üçün xüsusilə mürəkkəb və çətin hədəfdir. “Siccil” raketinin sürəti 14 maxa çatır… 

(Zəruri arayış:  max - hiper-səs raketlər üçün sürət vahididir. 1 max - hava şəraitindən(temperatur, təzyiq və s.) və hündürlükdən  asılı olaraq təqribən  1062 km/saat və 1226,5 km/saat arasında dəyişir) 

Belə bir model quraq: İsrail İrana nüvə zərbəsi endirir. Ardınca İrandan yüzlərlə adi ballistik, super-səs və hiper-səs sürətli raket atılır. Bu raketlərdən ikisi və ya üçü – hiper-səs sürətli raketlər nüvə başlığı ilə təchiz olunub. Onları tutmaq istənilən halda çox çətindir. Amma iranlılar risq etmək istəmirlər. Buna görə də düşməni çaşdırmaq üçün raketlərin sayını ən yüksək həddə çatdırırlar. İsrailin hava hücumundan müdafiə sistemi bu raketlərdən hansının nüvə başlıqlı olduğunu müəyyən edə bilmədiyinə görə onların hamısını vurmalı, birini də İsrailin hava məkanına buraxmamalıdır. Lakin bu mümkünsüzdür. Nüvə başlıqlı raketlər sonuncu dalğada, İsrailin hava hücumundan müdafiə sistemi tam çökən kimi göndərilsə, necə olacaq? Çox güman ki, iranlılar müharibənin üçüncü günündən başlayaraq raket zərbələrinin sayını iki səbəbə görə kəskin azaltmışdılar: 

- “X” saatı üçün çoxlu adi ballistik, super-səs və hiper-səs sürətli raket lazım olacaq. 

- Raketlər elə hədəflərə atılmalıdır ki, İsrail onlara mütləq reaksiya verib “OX-3” raketlərini işlətsin. İran artıq bir neçə gündür ki, belə də edir. İsrail isə adi ballistik raketləri də “OX-3” sistemi ilə vurmağa məcburdur. Əks-təqdirdə ağır dağıntılar, böyük maddi zərər və çoxlu insan tələfatı olacaq. “OX-3” raketlərinin sayı azaldıqca, İsrailin İrana qarşı nüvə silahı tətbiq etməsi ehtimalı da zəifləyəcək…

Nəticə: 

Nüvə şantajının heç bir effekti olmayacaq. İsrail və ya ABŞ nüvə silahına əl atsa, təkcə İsrail deyil, həm də İran körfəzi yaxınlığındakı ABŞ donanması məhv ediləcək. Yəqin ki, İsrail və ABŞ-nin adekvat siyasətçiləri bunu dərk edirlər. 

Müəllif: tədqiqatçı Araz Şəhrili

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
50
moderator.az

10Mənbələr